Samir Ramazan oğlu Abasov bugünkü ölkə futbolunda şəxsiyyətinə rəğbət bəslədiyim tək-tük şəxslərdəndi. Çılğındı, səbirsizdi, son sözü əvvəldə deyəndi, öləcəyini bilsə belə, bildiyini dilinə gətirəndi. Məhz bu keyfiyyətləri son vaxtlar onu sevənlərin sayını artırıb. Təkcə mətbuat konfranslarında dediklərinə qulaq asmaq adama ləzzət edir. “Rastamojka” deyilən şey yoxdu, gəldisə, tappıldadacaq.
İnsaf naminə, məşqçi kimi də bacarıqlıdı. Müasir futbolun incəliklərindən xəbərdardı, daim axtarışdadı, seçdiyi sənətə xüsusi hörmətlə yanaşır. Eşitdiyimə görə, cibinin pulunu komanda üçün xərcləyir, gecəsini gündüzünə qatıb uğur qazanmağın yollarını axtarır. Özü demişkən, futbolçu kimi güclü olmayıb, amma məşqçi kimi nəsə etməyə çalışır. Hətta çalışdığı sahədə böyük nailiyyətə imza ata bilərdi. “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanması klub rəhbərliyinin, azarkeşlərin, ay nə bilim jurnalistlərin yox, böyük ölçüdə Samir Abasovun zəhmətinin nəticəsi sayılacaq(dı). Məhz bu şəxs komanda üzvlərində özünəinam yaratdı, rəqibləri düzgün təhlil etməklə bir çox oyunlardan üzüağ çıxdı.
Amma futbolda təcrübə deyilən anlayış var. Sözün özü yeddi hərfdən ibarət olsa da, anlamı çox-çox böyükdü. O təcrübə ki var, səni haralara aparar, Allah bilir. Təəssüf ki, Samir Abasov təcrübəsizliyin qurbanı olmaqdadı. “Sumqayıt” çempionatda fırtına qoparanda, 11 oyun məğlubiyyətin nə olduğunu bilməyəndə, kubokun 1/4 finalında “Qarabağ” kimi rəqibi devirəndə içi özüm qarışıq böyük əksəriyyət Avroliqanın xəyallarını qururdu. Gizlətmirəm, daxili şöbənin iclaslarında avrokuboklarda çıxış edəcək “Sumqayıt”ın neçə legionerə ehtiyac duyduğunu müzakirə edir, “ev oyunlarını “Dalğa”da, yoxsa “Bakcell”də keçirəcək” sualı ətrafında baş sındırırdıq. Yəni bir həftə əvvələ qədər hər şey o qədər real idi. Bir qəzetin işçiləri bu qədər inamlı danışırdısa, gör klubun, komandanın içindəkilər nələri müzakirə edirdi.
Bax, Samir Abasov həmin an səhnəyə çıxmalı, Avroliqa mifini dağıtmalı, əlini masaya çırpıb futbolçularını yuxudan ayıltmalıydı. Amma o bunu bacarmadı. Yetirmələri ilə birgə çayda axıb getdi, indi də batmaq üzrədi. O həlledici an ki vardı - “Səbail” və “Kəpəz”lə oyunlar – məhz həmin məqamda komandanı oyuna kökləyə bilmədi. Hətta kökləyə bilmişdisə belə, futbolçuların bu matçlarda saysız-hesabsız qol imkanlarını boşa verməsinin özü böyük bəladı. “Səbail”lə “Kəpəz”in hərəsinin qapısına cəmi 1 qol vuran komandanın Avroliqada nə işi var? Kubokda “Keşlə” kimi gələcəyi qeyri-müəyyən görünən (kimsə bakılıların “Neftçi” və “Qarabağ” üzərindəki qələbələrini önə çəkməsin. Bu oyunlar “Keşlə”nin kubokun finalına yüksəlməsindən sonra baş tutub – H.) komandaya məğlub olan kollektivin avrokubok sevdasına düşməsi absurddu. Bəli, “Sumqayıt” müəyyən dövrdə yüksəlişdəydi və bunun nəticəsində 3-cü pilləyə qalxmışdı. Sona qədər davam etmək üçün güc lazım idi ki, o güc çatmadı. Həlledici anlarda soyuqqanlı ola bilmədilər. “Qarabağ”la “Qəbələ”ni kənara qoyuram, “Səbail” və “Kəpəz”lə oyunlarda itirilən 5 xaldan cəmi iki-üçü olsaydı, indi başqa şeydən danışırdıq, yazırdıq. O xalları kim itirdi? Mən, sən, yoxsa sumqayıtlı azarkeş?
O boyda kişi “Qəbələ”yə layiq olmadıqları məğlubiyyətdən sonrakı mətbuat konfransında hər yerə boylanıb. Gah Gəncədə günün istisində, saat 4-də oynamalarını önə çəkib, gah İcraiyyə Komitəsinin iclasının vaxtından narazılıq edib, gah Kamran Quliyevin vaxtilə “bu komanda 5-ci yeri tutsa, əla nəticə sayılacaq” deyimini yada salıb, gah Miyanın “Neftçi”yə qarşı oynamaması ilə bağlı suala ironiya ilə “mən dedim, “Səbail” heç “Neftçi” ilə oyuna çıxmayacaq” cavabını verib. Qısası, hər şeydən danışıb, ətrafındakı bütün “bostanlara daş atıb”. Amma bir kəlmə də olsun, öz səhvindən, klubun durumundan, rəhbərliyin komandaya yanaşmasından danışmayıb.
Olmaz, Abasov, olmaz! Böyük məşqçi olmaq istəyən şəxs quyruğu qapı arasında qalanda bu cür danışmamalıdı. “Qarabağ” 2012-də avrokuboklara vəsiqə qazanmayanda Qurban Qurbanovun ağzından artıq söz eşitdiz, günahı kimlərinsə boynuna atdı? Bacarmadız, burda nə var ki? Onsuz da ictimaiyyət sizdən Avroliqaya vəsiqə gözləmirdi. Azarkeşlərin, klub və şəhər rəhbərliyinin qarşısında bəraət qazanmaq istəyirsiz?
Deyin, “Neftçi” hara, biz hara? “Neftçi”də Rəhman, Namiq, Ruslan, Errera, Derlis var, bizdə onların yarısının yarısı yoxdu.
Deyin, Tərlan Əhmədov AZAL-da başına gələnlərdən nəticə çıxarıb, indi uğur qazanır, mən isə həmin çətin yolu indi keçirəm.
Deyin, “Zirə”də Qadze, Duriç, Tounkara, Bum kimi legionerlər var, bəs bizdə kim var?
Deyin, “Zirə” rəhbərliyi 11 oyun qələbə görməyən baş məşqçinin və futbolçuların arxasında durdu, mən isə 3-4 oyun qalib gələ bilməyən futbolçulara Riçardla Dabonu misal çəkib aşağılayıram.
Deyin, bu mənim üçün böyük təcrübə oldu, gələn il daha yaxşısını edərik.
Deyin, başqa klubların başbilənləri müqavilə müddəti başa çatmaqda olan futbolçularla 2-3 ay əvvəldən görüşür, bizim rəhbərlik isə susur.
Deyin, bu və buna bənzər əsl səbəbləri deyin. Çünki biz sizi elə tanımışıq, rəğbət bəsləmişik. Yoxsa oyun saat 4-də başladı, Miya “Neftçi”yə qarşı oynamadı, Kamran Quliyev belə dedi...