“Keşlə” UEFA-dan cavab gözləyir
Srağagün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Toplantıda 2018/19 mövsümündə avrokuboklarda və premyer-liqada iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. Komissiya müzakirələrdən sonra bir sıra önəmli qərarlar verib. Belə ki, “Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt” və “Zirə”yə UEFA lisenziyası verilib. “Kəpəz” isə bu mənada kənarda qalıb. Premyer-liqada iştirak etmək üçün “Keşlə”, “Kəpəz”, “Sabah” və “Səbail”ə lisenziya verilibsə, “Binə”, “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, "Şüvəlan" və “Zaqatala”nın tələblərə cavab vermədiyi bəlli olub. Onu da qeyd edək ki, narazılar qərar açıqlanandan etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Yeri gəlmişkən, “Kəpəz”ə premyer-liqa lisenziyası verilməsi komandanın elitada qalması demək deyil. Sadəcə, Gəncə təmsilçisi güclülər dəstəsində sonuncu yeri tutmasaydı, premyer-liqada iştirak edə bilərdi. Hazırda isə “sarı-göylər” sonuncu olduğu üçün reqlamentə uyğun elita ilə vidalaşır, birinci diviziondan tələblərə yalnız bir komanda – “Sabah” cavab verdiyi üçün güclülər dəstəsinə yüksəlir. UEFA lisenziyası alan klublar avtomatik yeni mövsüm üçün premyer-liqada iştirak etmək üçün lisenziya almış olur.
Onu da qeyd edək ki, UEFA lisenziyasının alınması üçün qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. Məlum olduğu kimi, “Keşlə” “İnter”in davamçısı qismində premyer-liqada iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. Qitə futbol qurumu müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb edib. Hazırda UEFA təqdim olunan sənədlərin araşdırılması ilə məşğuldu və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, “Keşlə”yə lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.
FARİZ