Vüqar Əsgərov qollarının sayını beşə çatdırdı
Cənubi Kipr çempionatında sonuncu - 36-cı turun oyunları keçirilib. “Anortosis” Nikosiyada APOEL-ə uduzub - 1:2. Araz Abdullayev 62-ci dəqiqədə meydana çıxıb. 69 xalda qalan “ağ-göylər” 3-cü yeri tutmaqla Avropa Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Türkiyə çempionatının 33-cü turunda “Gənclərbirliyi” səfərdə “Kasımpaşa”ya boyun əyib - 1:3. Dəniz Yılmazın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. 30 xalla 17-ci pillədə qərarlaşan “qırmızı-qaralar”ın elitanı tərk edəcəyi rəsmiləşib. “Gənclərbirliyi” son turda Ankarada “Bursaspor”la münasibətləri aydınlaşdıracaq.
Ukrayna çempionatının ikinci “6-lığ”ında "Aleksandriya" səfərdə “Stal”a qalb gəlib - 2:1. Pavel Paşayev sonadək ehtiyatda qalıb. 42 xalla liderliyi davam etdirən “Aleksadriya” son turda “Olimpik”i qəbul edəcək.
2-ci bundesliqada sonuncu – 34-cü turun oyunları keçirilib. “Ertsgebirge” səfərdə “Darmştadt”a uduzub - 0:1. Əsas heyətdə meydana çıxan Dmitri Nazarov 79-cu dəqiqədə əvəzlənib. 40 xalla 16-cı olan Aue təmsilçisi 2-ci bundesliqada yerini qorumaq üçün pley-offda gücünü sınayacaq.
Portuqaliyanın 1-ci divizionunda da mövsümə yekun vurulub. Sonuncu – 38-ci turda “Sportinq”in əvəzediciləri doğma meydanda “Braqa”nın ikinci komandasını üstələyib - 1:0. Budaq Nəsirovun adı bu matçın da iştirak ərizəsinə daxil edilməyib. Beləliklə, "zolaqlılar" 39 xalla 20 iştirakçı arasında 18-ci yeri tutub və aşağı yuvarlanıb.
Gürcüstanın 1-ci dəstəsində “Şevardeni-1906” azarkeşləri önündə “Norçi Dinamo”nu yenib - 2:1. Fərid Nəbiyev qələbəni ehtiyat oyunçular skamyasından izləyib. 16 xalla 7-ci sırada yer alan “Şevardeni-1906” 12-ci turda “Tsxinvali” səfərinə yollanacaq.
Latviyanın 2-ci liqasında 4-cü tur geridə qalıb. “Dauqavpils” səfərdə “Balvu Sporta”nın daşını daş üstə qoymayıb – 15:0. Oyunu əvəzlənmədən keçirən Vüqar Əsgərov 66-cı dəqiqədə penaltidən fərqlənib. Bununla da hücumçu cari mövsüm vurduğu qolların sayını 5-ə çatdırıb. 12 xalla vahid lider olan “Dauqavpils” növbəti turda səfərdə “Preilu” ilə üz-üzə gələcək.
Monteneqro çempionatında “Deçiç” rəqib meydanında “Buduçnost”a uduzub – 1:3. Tural Hümbətovun adı oyunun protokoluna salınmayıb. 21 xalla sonuncu – 10-cu yerdə gedən “Deçiç” 34-cü turda “Kom”u qəbul edəcək.
Kosovo çempionatında 32-ci tura yekun vurulub. “Drita” azarkeşləri önündə “Tripça”nı üstələyib – 3:1. Amit Quluzadə meydana çıxmayıb. 66 xalla liderliyini davam etdirən “Drita” sonuncu - 33-cü turda səfərdə “Priştina”yla heç-heçə etsə belə, çempion olacaq.
SƏRXAN