Sizin reklam burada

Qriqorçuk: “Siz bu yalanları hardan götürürsüz, niyə çalışırsız ki, nəsə uydurasız?”

Baxış Sayı:4 141

Qriqorçuk: “Siz bu yalanları hardan götürürsüz, niyə çalışırsız ki, nəsə uydurasız?”
Oyundan sonra keçirilən ənənəvi mətbuat konfransında əvvəlcə qonaqların çalışdırıcısı Roman Qriqorçuk göründü.
- Uşaqların hər birinə afərin. Çox çalışdılar. Hesab bizi qane etdiyi halda daha bir qol vurdular. Onların oyuna belə yanaşması məni çox sevindirdi. Paltardəyişmə otağında özlərinə də bunu dedim.
- “Qarabağ”la son oyunda əsas heyətə güvənəcəksiz, yoxsa ehtiyat qüvvəyə meydana çıxmaq şansı yaradacaqsız?
- Ehtiyat heyət söhbəti yoxdu. Kim hazır olacaqsa, o da meydana çıxacaq. Rəqibimiz "Qarabağ"dı. Çalışacağıq qələbə qazanaq. Bu görüş bizim üçün kubokun finalından öncə çox önəmlidi.
- Düşünmürsüz ki, bu görüşdə ustalıq səviyyəsi daha çox rol oynadı?
- Ustalığı və "Sumqayıt"la özümüzü müqayisə etmək istəməzdim. Ustalıq səviyyəmiz olduğu üçün yaradılan imkanlardan istifadə edib iki qol vurduq.
- Filip Ozobiçi süni örtüyə görə oynatmadız?
- Onun kiçik zədəsi var. Süni örtükdə oynaması məsləhət bilinmədi. Ancaq komanda ilə ümumi hazırlıqda iştirak edir. Durumuna qarşıdakı günlərdə aydınlıq gələcək.
- Yuri Maksimovla münasibətlərinizin qaydasında olmadığı deyilir. Bunu Ukrayna mətbuatı da qeyd edir. Finalda məğlub olmaqdan qorxmursuz?
- Bunlar yalan söhbətlərdi. Maksimovla münasibətlərimiz normaldı və heç bir soyuqluqdan söhbət gedə bilməz. Ukrayna mətbuatı nəyə görə belə yazmalıdı? Heç vaxt belə yazan olmayıb. Heç yerdə bunu görməmişəm (əsəbi formada danışır). Siz bu yalanları hardan götürürsüz, niyə çalışırsız ki, nəsə uydurasız? Xahiş edirəm, həmin yazını mənə göndərin. Bilirəm ki, Maksimov da bu sualınıza məhz belə cavab verərdi. Mənim həm sizə, həm də ukraynalı jurnalistlərə böyük hörmətim var. Ancaq belə yalanlar uydurub, ictimaiyyəti çaşdırmaq lazım deyil. Futbolda heç nədən qorxmaq olmaz. Şadam ki, "Qəbələ"nin baş məşqçisi kimi finalda oynayacam. Buna görə hər gün Allaha təşəkkür edirəm. Hər bir baş məşqçinin arzusudu ki, komandası ölkə kubokunun finalına yüksəlsin. Bu, komandam üçün çox vacibdi. Qələbə qazanmaq və maksimumu ortaya qoymaq istəyirəm.
- "Qarabağ"a qarşı ciddi mübarizə aparacağınızı dediz. Belə olan halda oyunun Bakıda keçirilməsinə necə yanaşırsız?
- Məndən fikir öyrənsələr, Bakıda oynamağa razı olduğumu söyləyəcəm. Çünki oyundan sonra mükafatlandırma olacaq. Bu barədə rəhbərliklə də söhbətim olub. Etirazım olmayacaq.
Qriqorçukun ardınca media nümayəndələri qarşısına Samir Abasov çıxdı. Komandasının məğlub olması azmış kimi, Avroliqaya vəsiqə uğrunda əsas rəqiblərinin qələbə qazandığını eşidən 40 yaşlı mütəxəssis çox əsəbi görünürdü.
- Deyiləsi bir şey yoxdu. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördüz. Neçə qol imkanını əldən verdik. Qol vurmaq üçün ürək lazımdı. Belə görüşlərdə topla birgə tora girmək lazımdı. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Bunların bacarığı elə budu. Siyasət dəyişməsə, belə davam etsə, “5-ci yeri tutsaq, əla olar” deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə “Amil Yunanov niyə oynamadı” sualı verib, mənə onda hücumçuya xas keyfiyyət göstərsə, ürəyiniz nə istəsə, barəmdə yaza bilərsiz. Son 5 matçın diskini sizə verim, baxın. Görün Yunanov nə qədər səhvə yol verib. Bu günə kimi komandadan göndərdiyimiz futbolçular hardadı? Hamısı birinci divizionda belə əsas heyətə düşə bilmirlər. İndiki heyətin də yarısından çoxu belədi. Onları aşağı dəstəyə göndərsək, birinci divizionda çürüyüb qalarlar. Açıq deyirəm, belə futbolçularla uzaq yola çıxmaq qeyri-mümkündü. Mənə 11 legioner verərdilər, onda görərdiz ki, bu futbolçuların yeri haradı. Budu bizim Azərbaycan futbolu. Əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdu. "Kəpəz", "Səbail" və "Qəbələ" ilə oyunlarda yaxaladığımız fürsətlərdən yararlansaydıq, indi avrokuboklardaydıq. Bu düzgün olmayan strategiyanın badına şəhərimiz getdi.
- "5-ci yerdə olsaz, əla nəticə sayılar" sözlərini kim demişdi?
- Klubumuzun sabiq prezidenti Kamran Quliyev mövsümün əvvəlində mənimlə görüşdə “komandanın hazırkı potensialı 6-cı yerə uyğundu. Sonda 5-ci pilləni tutsaq, sevinəcəyik” demişdi. Mən isə “siz belə istəsəz də, mən özüm üçün çalışacam. Yer tutmaq istəyirəm” cavabını verdim. Lakin meydanda oynayan mən deyiləm. Qapıçı ilə təkbətək çıxıb, müdafiəçinin qorxusundan tələm-tələsik topdan canını qutarmaq istəyən oyunçudan nə gözləyəsən? Qapı önünə asma verə bilməyən futbolçuya nə deyəsən? Bütün bunları peşəkar komandanın baş məşqçisi başa salmalı deyil. Çempionat oyunlarına bir daha baxsaz, görəsiz ki, “Sumqayıt”ın əksər hücumları düşünülmüş formada olub. Yəni həftəboyu keçirilən məşqlərdə bunun üzrərində işləyirik. Ancaq yenə deyirəm, iki metrdən qapıya düşməmək artıq həmin futbolçunun zəifliyinin göstəricisidi.
- Lisenziyalaşdırma Qrupunun “Kəpəz”lə bağlı qərarı bugünkü nəticələrə necə təsir etdi?
- İcraiyyə Komitəsinin iclası mayın 20-dən sonra olsaydı, nə olacaqdı? Dünya dağılmayacaqdı ki? İndi "Kəpəz" gedib "Neftçi" və ya “Zirə” ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı vermirsiz? O istidə, saat 4-də biz “Kəpəz”ə qarşı oynayırıq. Fasilədə uşaqlara irad bildirmək istədim. Gördüm ki, Ehtiramın dodaqları ağappaqdı. İstinin təsirindən uşaqlar qaça bilmirdilər. Biz həmin oyunda qızıldan qiymətli 2 xal itirdik. Hələ Amilin yerdə qaldığı epizoda görə verilməyən penaltini demirəm. Bir neçə il öncə "Sumqayıt" mövsümün sonunda 12-ci yeri tutduğu halda premyer-liqada qalmışdı. İndi necə olur ki, "Kəpəz"i saxlamırsız? Bütün bunları görəndə istər-istəməz düşünürsən ki, hər şey “Neftçi” üçün hesablanıb.
- Klubun strategiyasından narazılığınızı bildirdiz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...
- 1 turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizi maraqlandıran bütün suallara cavab verəcəm. Onsuz da bu günə kimi mediaya qarşı səmimi olmuşam.
- Son turda nə baş verəcək?
- Nə olacaqsa, olacaq.
- "Zirə" ilə son turun matçına hansı motivasiya ilə çıxacaqsız?
- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? 3-cü yerdə gedəndə bütün Azərbaycan “Sumqayıt”dan və onun oyunçularından danışırdısa, təsəvvür edin, Avropa Liqasına vəsiqə qazansaq, vəziyyət necə olacaq. Bəyəm bunu futbolçular bilmir, başa düşmür? Əlimizdən gələni edəcəyik ki, "Zirə"yə qalib gələk.
- Konkret hansı futbolçulardan gözlədiyinizi ala bilmirsiz?
- Heç kimin adını çəkməyəcəm. Son tur ərəfəsində bu yerinə düşməz.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR