Şəhriyar Məmmədyarovun martda Berlində keçirilən şahmat üzrə İddiaçıların Turnirində ikinci yeri tutaraq dünya çempionu Maqnus Karlsenlə titul uğrunda oynamaq hüququnu əldən verdiyini bilirsiz. Həmyerlimizin oyun tərzini dəyişdiyi, indi daha ehtiyatlı olduğu da şahmatsevərlərə məlumdu. Əksəriyyət bu dəyişikliyi müsbət qarşılasa da, mən belə oyun tərzi ilə Məmmədyarovun arzuladığımız tacı ölkəmizə gətirəcəyinə şübhə ilə yanaşıram. Bunu həmin turnir başa çatandan dərhal sonra dilə gətirmişdim, "Futbol +"in redaksiyasında ən azı 5 nəfər belə dediyimi təsdiq edə bilər. Fikirlərimi ictimaiyyətə açıqlamaq üçün Şəmkir turnirinin bitməsini gözlədim.
Əksəriyyət Şəhriyarın hücum üslubundan imtinasının müsbət cəhət olduğunu son vaxtlar nəticələrin yaxşılaşması ilə izah edir. Mən isə deyirəm ki, hər kəs öz oyun üslubu ilə nəyəsə nail ola bilər. Sizə lokal uğurlar lazımdısa, belə oynamağa davam etsin, tac lazımdısa, əvvəlki kimi oynamalıdı. Heç kim demir ki, topu ayağına, pardon, əlinə aldınsa, rəqibin hansısa fiqurunu vurmaq haqda düşünəsən, amma ilk növbədə hücum variantlarını hesablamalısan, çünki sən belə oynamağa öyrəşmisən.
Şahmat tarixinə nəzər salsaq, 6 əsr əvvəl Avropada oynamağa başlayıblar. İlk illərdə hər kəs maddi üstünlük əldə etməyə çalışırdısa, 5 əsr əvvəl Qreko "qurbanvermə" kombinasiyasını tətbiq etdi. 18-ci əsrdə yaşamış fransalı Fransua Filidor piyadaların düzülüşünün önəmini (o deyirdi ki, piyada şahmatın ürəyidi) başa düşdü. 19-cu əsrin 50-60-cı illərində çıxış etmiş amerikalı Pol Morfi (təəssüf ki, o qısa müddət oynayıb. Belə bir deyim var: Amerika şahmata iki dahi - Morfi ilə Fişeri verib, ancaq hər ikisi şahmatı yarımçıq tərk edib) fiqurların inkişafının əhəmiyyətini qabardıb, bunun üçün qurban verməkdən belə çəkinməyıb. İlk dünya çempionu Vilhelm Steynits (1886-94) mövqe oyununun ustası sayılırdı, o deyirdi ki, hər bir fiqurun müəyyən mövqelərdə öz rolu var, şahmatda fiqurların qarşılıqlı əlaqəsi çox vacibdi.
1963-cü ildə Bakıda dünyaya gələn Harri Kasparov şahmat tarixində özünə möhkəm yer etmiş şahmatçılardandı. Onun 12-ci dünya çempionu Anatoli Karpovla matcları 20-ci əsrin 80-ci-90-cı illərinə damğa vurub. Bu şahmatçilar titul uğrunda 5 dəfə qarşılaşıb. İlk belə matç 1984-85-ci illərdə baş tutub. Reqlamentə görə 6 qələbə qazanan dünya çempionu olurdu. 27-ci görüşdən sonra hesab 5:0 Karpovun xeyrinə idi, lakin Kasparov vəziyyəti dəyişə bildi və 32-ci oyunda ilk qələbəsini qazandi. 47 və 48-ci görüşləri də udan Harri artıq 3:5 uduzurdu. 48-ci görüşdən sonra, o vaxtkı FİDE prezidenti Kampomanes iştirakçıların sağlamlığının təhlükəyə girməməsi bəhanəsi ilə (guya matçın nə vaxt qurtaracağı məlum deyildi) yarışı dayandırdı, halbuki məlum idi ki, Sovet hökuməti Karpovun uduzacağını görərək belə qərar qəbul etdirdi. Karpov Leninqrad şəhər Partiya Komitəsinin 1-ci katibi Romanovun kürəkəni idi (yeri gelmişkən, Romanov qızının toyunda “Ermitaj”ın eksponatlarından istifadə etdiyinə görə töhmət almışdı).
Növbəti matç artıq limitli idi, 24 oyundan sonra daha çox xalı olan (heç-heçə müqabilində düya çempionu titulunu qoruyurdu) qalib elan olunurdu. Bakılı 24-cü görüşü udaraq, 13:11 hesabı ilə qalib gəldi. Karpovun matç-revanş tələbinə əsasən 3-cü duel keçirildi və 12,5:11,5 hesabı ilə bitdi, yəni Kasparov titulunu qorudu. 1987-ci ildə keçirilən görüşdə maraqlı hadisələr yaşandı, Karpov 23-cü görüşdə qələbə qazanmaqla önə keçsə də, son oyunda Kasparov qələbə qazandı. 1990-cı ildə bu şahmatçılar arasında sonuncu - 5-ci duel baş tutdu və Harri 12,5:11,5 hesabı ilə qələbə qazandı. Ümumi mənzərəyə baxsaq, bu şahmatçıların təxminən bərabər səviyyəli olduğu aydınlaşar (yeri gəlmışkən, 1988-ci ildəki SSRİ çempionatında Kasparovla Karpov 1-2-ci yerləri bölüşüblər), ancaq şahmat dairələrində Kasparovun hörməti qat-qat yüksəkdi, çünki o kombinasiyalı, hücum oyun üslubu ilə seçilirdi.
Yuxarıdakı faktlardan da göründüyü kimi, tarixdə öz dəst-xətti olan şahmatçılar iz buraxıb. Burdan belə bir nəticə çıxarmaq olar ki, Şəhriyar Məmmədyarov, heç olmasa, yaddaşlarda qalmaq istəyirsə, öz üslubuna sadiq qalmalı, bu üslubun daha da təkmilləşməsi yollarını axtarmalıdı.
Bəziləri deyirlər ki, Şah liderlərdən biri olanda da Rusiya mediası ona, demək olar ki, diqqət yetirmədi. Məncə, bunun səbəbi çox sadədi: Şəhriyar şahmatçı kimi nüfuz sahibi olsa da, təəssüf ki, bir azərbaycanlı kimi ona inanmırlar, düşünürlər ki, azərbaycanlı nə qədər uzağa gedə bilər! Sözlərimi əsaslandırmaq üçün ŞHK-dən (Şən və Hazırcavablar Klubu, rusca abbreviaturası KVN) bir neçə misal çəkəcəm.
Bakıda ŞHK üzrə yarış keçirilirdi. Smolenskdən olan iştirakçı belə bir cümlə işlətdi: Xırdalan yol polisi işçisinin maşınını oğurladılar, dedi ki, cəhənnəmə, necə gəlmişdi, elə də getdi, yəni haram yolla, rüşvətlə almışdım. Qazaxların göstərdikləri səhnə belə idi: Nyu-Yorkdan Bakıya zəng edən şəxs eşidir ki, paytaxtımıza başqa zəng edən var, ona yaxınlaşaraq soruşur ki, Bakının harasındansan, eşitdiyi cavabdan sonra (Yasamaldan imiş) üzünü çevirib gedir, çünki o, başqa rayondandı (məsələn, Nəsimidən). Qazaxlar bununla demək istəyir ki, siz nəinki regionçu, hətta məhəlləçisiniz. Və yaxud başqa bir komandanın çıxışında belə epizod var. Komandaya iştirakçı lazımdı, azərbaycanlı rolunda olan biri deyir ki, məni götürün, rəhbər ona cavab verir ki, sən mənim üçün nə edəcəksən, bazarda xurma seçəcəksən, "azərbaycanlı" da öz-özünə deyir ki, doğrudan da, xurma seçməkdən başqa heç nə bacarmıram. Postsovet məkanında "hörmətimiz" bu qədərdisə, görün dünyanın başqa yerlərində haqqımızda nə düşünürlər. Sonra da Firdovsi Umudov kimilər güləşə belə legioner gətirirlər, rəqabət güclənəcəkmiş, bayrağımız qalxacaqmış (özümüzkülər azmı bayraq qaldırıb?), nəticədə nüfuzumuz artacaqmış. Göründüyü kimi, süni yollarla nüfuzu qaldırmaq olmaz!
Əziz həmyerlilərim! Şəhriyara diqqət ayrılmamasına təəccüblənməyək, günahı özümüzdə axtaraq. Hamımız etiraf edək ki, ŞHK-çilərin toxunduğu problemlər gündəlik həyatda rast gəldiyimiz hadisələrdi. Bu problemlərin həlli üçün özümüzdə cəsarət tapaq!