Sizin reklam burada

Qırğızlarla oyunun biletləri satışa çıxarıldı

Baxış Sayı:743

Qırğızlarla oyunun biletləri satışa çıxarıldı
Yoldaşlıq oyunu türk hakimə tapşırıldı
Yığmanın mayın 29-da Qırğızıstanla yoldaşlıq oyunu keçirəcəyini bilirsiz. Həmin qarşılaşmanın biletləri bu gündən satışda olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı izləmək istəyənlər iki kateqoriyalı bilet əldə edə bilər. Tamaşaçılar 1-ci kateqoriya üçün 1, VİP üçün 10 manat ödəməli olacaq. Oyunun biletləri 11 müxtəlif məntəqədə satılacaq. Söhbət Bakıda olan 4 və Sumqayıtdakı “ASAN Xidmət”, “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayının kassası və müxtəlif köşklərdən gedir. Qeyd edək ki, Azərbaycan – Qırğızıstan oyunu saat 20.00-da başlayacaq.
Yeri gəlmişkən, həmin yoldaşlıq oyununun hakimləri də müəyyənləşib. Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Olimpiya stadionunda baş tutacaq matçın baş hakimi Əli Palabıyık olacaq. Ona Sərkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Alpər Ulusoy yerinə yetirəcək. Onu da bildirək ki, Palabıyık bizə yetərincə tanış simadı. 2002-ci ildə hakimliyə başlayan referi 2012-dən superliqa matçlarına təyinat alır. O bu il artıq bir dəfə millinin oyununda iştirak edib: martın 27-də Antalyada keçirilən Makedoniya ilə yoxlama oyununda (1:1) dördüncü hakim funksiyasını yerinə yetirib. 2015-ci ildə FİFA dərəcəsi alan Palabıyık təmsilçilərimizin görüşlərində baş hakim kimi də meydana çıxıb. Onun beynəlxalq arenadakı debütü də ölkəmizdə reallaşıb. Türkiyəli referi 2014/15 mövsümündə AL-in 1-ci təsnifat mərhələsinin “Neftçi” – “Mladost” (2:2) oyununda 4 sarı vərəqə göstərib ki, onlardan biri Kamal Qurbanovun passivinə yazılıb. Ədalət təmsilçisi 2016-cı ildə millinin Qazaxıstanla Antalyada baş tutan yoldaşlıq görüşündə də əsas söz sahibi olub. Qazaxların yeganə cavabsız qolla qalib gəldiyi qarşılaşmada referi rəqib komandaya 1 sarı vərəqə göstərməklə kifayətlənib. Palabıyıkın təmsilçilərimizlə baş hakim kimi son görüşü 2016/17 mövsümündə Avroliqanın qrupuna təsadüf edib. Türk hakim “Qəbələ”nin Fransada “Sent-Etyen”ə məğlubiyyətini qeydə alıb (0:1). Həmin matçda 3 sarı vərəqə göstərən Palabıyık Vitali Vernidubu cəzalandırıb.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR