Sizin reklam burada

Yunis Hüseynovun qovduqları “Kəpəz”in bu gününə üzülür

Title
Yunis Hüseynovun qovduqları “Kəpəz”in bu gününə üzülür
Kərim Diniyev: “Kəpəz” sonuncu pillədədisə, bundan bizim də rolumuz var”
Çempionatın son iki turunun “Kəpəz” üçün ciddi önəmi yoxdu. Mövsümün başa çatmasına 3 tur qalmış elita ilə vidalaşması dəqiqləşən Gəncə təmsilçisinin növbəti çempionatda hansı liqada mübarizə aparacağı başqa söhbətin mövzusudu. Lakin fakt faktlığında qalır ki, “sarı-göylər” sonuncu pillədən qurtula bilməyəcək.
Halbuki ötən ilin payızında “Kəpəz”in “sükanı arxasına” keçən Yunis Hüseynov “başqa hava çalırdı”. Futbolçuların Şahin Diniyevin dönəmindən qaldığını deyən təcrübəli mütəxəssis qış fasiləsindən sonranı nişan verirdi. Nə var ki, çempionatın ilk yarısı başa çatandan sonra xeyli oyunçunu göndərib, yaxından tanıdığı, oyununa bələd olduğu “top ustaları”nı dəvət etməliydi. Belə də oldu. 14-cü tur başa çatandan sonra Yunis Hüseynov 3-ü legioner olmaqla 11 futbolçu ilə yolların ayrılmasına qərar verdi. Onların əvəzinə isə 5-i legioner olmaqla 12 futbolçu cəlb olundu. Belə deyək, Hüseynovun istədiyi komandanı qurması üçün hər mənada kifayət qədər imkanı oldu.
Lakin qışda yenidən qurulan kollektivin qışa qədər olan komandadan heç bir fərqi yoxdu. Fevraldan bu yana cəmi 1 qələbə qazanan gəncəlilər 4 dəfə heç-heçəyə imza atıb. Bu isə 7 xal deməkdi ki, hesabında 14 xal olan komandanın ciddi irəliləyişə nail olduğunu demək gülüncdü. Məntiqlə, Yunis Hüseynovun istəyi ilə cəlb olunan oyunçulardan qurulan kollektiv qışa qədər düşərgədə olan futbolçulardan daha faydalı olmalıydı.
Bunu hamı deyir ki, bugünkü “Kəpəz”də Kərim Diniyevlə Novruz Məmmədovun yeri görünür. Kərim indiki baş məşqçinin sələfinin oğlu olduğuna görə “radara düşmüşdüsə”, Novruza lazımsız gözü ilə baxılmasını anlamaq mümkün deyildi. Diniyev hazırda “Səbail”in əsas heyət oyunçularından sayılır. Novruz isə birinci divizionun çempionu “Xəzər”in uğurları üçün tər tökür. Maraqlıdı, sabiqlər “Kəpəz”in çıxışını izləyir? Qərb təmsilçisinin sonuncu pillədə məskən salması ürəklərincədi? Hazırkı “Kəpəz” onların dönəmində olan komandadan üstündü? Hər ikisi ilə əlaqə saxlayıb suallara cavab tapmaq istədik.
Novruz Məmmədov: “İmkan düşdükcə “Kəpəz”in oyunlarına baxıram. Nəinki onların, premyer-liqada keçirilən bütün matçları izləməyə çalışıram. İşimiz budu da. “Kəpəz”də mənə yaxın qardaşlar var – Şəhriyar Əliyev, Tural Rzayev, Şəhriyar Rəhimov, Tural Nərimanov. Onlara görə oyunlara baxmağa dəyər. Bizim gedişimizdən sonra hansı dəyişikliklərin baş verdiyini deyə bilmərəm. Bunu jurnalistlər, mütəxəssislər daha yaxşı bilər. Amma bizim dönəmdəki komanda da pis deyildi. Yeni baş məşqçi gələndən sonra heyətin dəyişməsini istədi ki, bu da normaldı. “Kəpəz”dən, yaxud Yunis Hüseynovdan heç bir küsülülüyüm yoxdu. Futbolda belə hallar olur. Kim bilir, bəlkə yenə nə vaxtsa orda olacam. Belə şeylərə təbii yanaşıram. Ona görə də “Kəpəz”in sonuncu pillədə qalmasına sevinmədim, əksinə, üzüldüm. Mən həmişə istəmişəm ki, Gəncə kimi şəhərdə böyük futbol olsun, “Kəpəz” yaşasın, uğur qazansın. Komandada hansısa haqsızlıq görsəydik, başqa məsələ. Amma belə bir hal yaşanmayıb. Sadəcə, yeni baş məşqçinin planlarına uyğun gəlmədiyimizdən kənarlaşdırılmışıq”.
Kərim Diniyev: “Əlbəttə, oyunlara baxırıq, izləyirik. “Kəpəz”in uğursuzluğuna sevinmək, yaxud belə olmasını istəmək mümkün deyil. Bu klubun tarixi var. Hər bir azərbaycanlı futbolsevər “Kəpəz”in xoş günlərini görmək istəyir, o cümlədən də mən. Üstəlik, qışa qədər mən də həmin komandada olmuşam. Bu gün “Kəpəz” sonuncu pillədədisə, bunda bizim də rolumuz var. 14 turda daha çox xal toplasaydıq, indi vəziyyət fərqli ola bilərdi. Adam gərək hərtərəfli düşünüb, danışsın. Sabah “Kəpəz” çempion olsaydı, uğurun müəyyən hissəsini öz adımıza yazacaqdıq ki, bəs qışa qədər biz də o formanı geymişik. Kişisənsə, pis gündə də komandanın yanında olmalı, həqiqəti deməlisən. Ona görə də “Kəpəz”in sonuncu pillədə qərarlaşması vaxtilə o komandada oynayan biri kimi mənə də təsir edir. Dəyişikliklərdən sonra kollektivin necə təsir bağışladığını deyə bilmərəm. Ümumiyyətlə, bu haqda nəsə deməyim düzgün deyil. Bir onu bilirəm ki, Gəncədə böyük futbol olmalı, “Kəpəz” premyer-liqaya rəng qatmalıdı”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.