“Qarabağ” rəsmiləri Portuqaliyada səfərdə olublar. Klubun rəsmi saytının yaydığı xəbərə görə, ağdamlıların idarə heyətinin üzvü Fevzihan Aras, əsas komandanın məşqçisi Elçin Rəhmanov və beynəlxalq əlaqələr üzrə mütəxəssis Vüsal Həsənovdan ibarət heyət Portuqaliyanın paytaxtı Lissabonda olub. Klubun üzvləri öncə dünyada futbolçu yetişdirilməsi üzrə liderlərdən sayılan “Sportinq”in düşərgəsinə baş çəkiblər. Lissabon təmsilçisinin akademiyası, iş sistemi ilə tanışlıq çərçivəsində eyni zamanda bir neçə məsələ barədə fikir mübadiləsi aparılıb. “Sportinq”lə mümkün əməkdaşlıq haqda müzakirələrdə “Qarabağ”ın perspektivli futbolçularının bu klubun akademiyasında hazırlıq dönəmi keçməsi, hazırlanması haqda danışılıb. Eyni zamanda “Sportinq”in akademiyasının yetirmələrinin “Qarabağ”a icarəyə verilməsinin mümkünlüyü müzakirə olunub. Qarşı tərəfi “Qarabağ”ın son illərdə Avropada uğurlu çıxışı fonunda bu layihəyə pis baxmadıqlarını və prosesin mümkünlüyünü bildirib.
Ardınca nümayəndə heyəti Portuqaliyanın digər nəhəng klubu “Benfika”nın düşərgəsinə baş çəkib. Burda da klubun akademiyasının sistemiylə tanışlıq olub. “Benfika”nın iş prinsipləri, akademiyadan əsas komandaya futbolçu hazırlanması prosesi haqda məlumat alınıb.