Samir Abasov: “Bu il alnımıza axıradək didişmək yazılıb”
101. Kəpəz (Gəncə) – Sumqayıt 1:1 (0:0)
22. Sergey Litovçenko – 6,0
13. Şəhriyar Rəhimov (k) – 5,5
15. İqor Korotetski – 5,5
(12. İlyas Səfərzadə, 89) – qiymətsiz
5. Tural Nərimanov – 5,0
4. Şəhriyar Əliyev – 5,0
(18. Tural Cəlilov, 80) – qiymətsiz
16. Qiuli Mancqaladze – 5,0
(10. Tural Rzayev, 63) – 5,0
20. Tərzin Cahangirov – 5,5
91. Dario Federiko – 5,5
8. Samir Zərgərov – 4,5
7. Roman Hüseynov – 5,0
21. Murad Səttarlı – 5,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
2. Yusif Cəfərov
9. İlkin Sadıqov
6. Ceyhun Cavadov
11. Kamran Abdullazadə
90. Fərid Məmmədov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Sergey Litovçenko
23. Mehdi Cənnətov – 5,5
19. Azər Salahlı – 5,0
2. Rail Məlikov – 4,5
(13. Bəhlul Mustafazadə, 46) – 5,0
3. Vurğun Hüseynov (k) – 4,5
14. Bəxtiyar Həsənalızadə - 6,0
11. Ehtiram Şahverdiyev – 4,5
(18. Tural Axundov, 55) – 5,0
5. Vüqar Bəybalayev – 5,0
6. Kamal Mirzəyev – 5,0
(77. Elnur Abdullayev, 59) – 5,0
7. Cavid Tağıyev – 5,0
10. Cavid İmamverdiyev – 5,5
9. Amil Yunanov – 5,5
Ehtiyat oyunçular
1. Fərhad Vəliyev
36. Süleyman Süleymanov
17. Nicat Qurbanov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bəxtiyar Həsənalızadə
Qollar: D.Federiko, 66-p. (1:0). A.Yunanov, 86 (1:1, B.Mustafazdə).
Vərəqə: Q.Mancqaladze, 21 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
4 may. Gəncə. Şəhər stadionu. 3000 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qarçısına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyan “Sumqayıt” sonuncu səfər oyununu Gəncədə keçirdi. Meydan sahiblərinin son 3 turun nəticəsindən asılı olmayaraq, sonuncu pilləni tərk etməyəcəyi dəqiqləşmişdisə, “kimyaçılar” üçün qələbə qazanmaq vacib idi. Elə bu səbəbdən də “ağ-göylər” oyuna daha fəal başladı. Artıq 2-ci dəqiqədə tribunalara toplaşan gəncəli azarkeşlər başını tutaraq, Tağıyevin zərbəsinin “çərçivə”yə düşməməsinə sevindilər. Bir dəqiqə sonra oxşar vəziyyət Cənnətovun qoruduğu qapı önündə yaşandı. Bu dəfə meydan sahibləri hesabı açmağa yaxın oldular. Lakin Darionun yaxın məsafədən, itibucaq altında endirdiyi zərbə dirəyin yanından keçdi. İki dəqiqəyə sığan qarşılıqlı hücumlardan sonra azarkeşlər təxminən 10 dəqiqə bərabərsəviyyəli oyuna tamaşa etdi. Hər iki komanda daha çox top saxlayıb, rəqibin “açılmasını” gözləyirdi. Bu psixoloji dueldə qonaqların səbri daha tez tükəndi. İlk dəqiqələrdə olduğu kimi yenidən irəli atılıb, xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladılar ki, bu da onlarda alınırdı. Cinahlarda İmamverdiyevlə Tağıyevin fəallığı, hücumun sivri ucunda Amilin mübarizə əzmi “kimyaçılar”ın tezliklə qol vuracağına işarə idi. Lakin bütün cəhdlərə baxmayaraq, Samir Abasovun yetirmələri son nöqtəni qoymaqda çətinlik çəkirdi. Bu arada meydan sahiblərinin qolkiperi Litovçenkonun qapıda inamlı oyununu, Korotetskinin rəhbərlik etdiyi müdafiə xəttinin soyuqqanlı davranışını da qeyd etmək lazımdı. İrəli xətdə yer alanlardan fərqli, müdafiəçilər daha yaxşı təsir bağışlayırdı. “Sarı-göylər”in hücumameyilli futbolçuları ilk yarıda meydana sanki gəzməyə çıxmışdı. Zərgərov bu yöndə xüsusilə “seçilirdi”. Samir normal ötürmə belə verə bilmirdi ki, belədə topu lazımi ünvana çatdırmaq mümkün olmurdu. Bəxtiyar isə Fedrikonun əl-qolunu bağlamışdı. 39-ci dəqiqədə meydan sahiblərinin nadir hücumlarından biri az qala qolla nəticələnəcəkdi. Dario sol cinahla sürətli reyd edib, yolüstü rəqib müdafiəçini aldadb Zərgərova ideal ötürmə etdi. Sumqayıtlıların nəzarətsiz buraxdığı Samirə ancaq topu “çərçivə”yə göndərmək qalırdı. Lakin yarımmüdafiəçi nə zərbə vurdu, nə də yaxınlığındakı Səttarlını “gördü”. Vurğun isə çətinlik çəkmədən təhlükəni sovuşdurdu. Birinci hissənin son saniyələrində “Kəpəz”in gürcü legioneri diqqət mərkəzinə düşdü. Komanda yoldaşından ötürmə alan Mancqaladze cərimə meydançasında arxası qapıya tərəf olsa da, zərbəsi yaddaqalan oldu.
İlk 45 dəqiqənin son dəqiqələrində müdafiənin inamsız oyunu Abasovu dəqişiklik etməyə vadar etdi. Bu üzdən fasilədən sonra baş məşqçi Railin əvəzinə Bəhlulu meydana buraxdı. Yeri gəlmişkən, ilk yarı ilə müqayisədə ikincidə azarkeşlər daha maraqlı qarşıdurmaya tamaşa etdi. 3 xala daha çox ehtiyacı olan qonaqlar yenə fəal təsir bağılayaraq irəli atılır, “sarı-göylər” isə daha çox müdafiədən oynayaraq ümidini əks-hücumlara bağlayırdı. 53-cü dəqiqədə Yunanov pressinq sayəsində topu rəqib müdafiəçidən “oğurlayıb” qüvvətli zərbə ilə bəxtini sınasa da, Litovçenko komandasını real qoldan xilas etdi. 3 dəqiqə sonra isə İmamverdiyev adını tabloya yazdırmağa yaxın oldu. Yüksək texnikaya malik “10 nömrə” iki müdafiəçini çaş-baş qoyub yaxın küncü nişan aldı. Lakin bu dəfə də ukraynalı qolkiper gəncəlilərin köməyinə çatdı. Bir saatın tamamında isə Cavid komanda yoldaşlarının fərqlənməsi üçün, demək olar ki, hər şey etdi. O sağ cinahdan cərimə meydançasına daxil olub yaxın dirəyin yanından penalti nöqtəsinə ötürmə etdi. Ancaq komanda yoldaşlarından heç biri həmin zonada gözə dəymədi. Qol vurmaq üçün irəli atılan sumqayıtlılar çox keçmədən bunun acısını çəkdilər. Rəqibi əks-hücumda yaxalayan meydan sahibləri penalti vurmaq hüququ qazandı. Səttarlı cərimə meydançasında Vurğunu kobud oynamağa məcbur etdi. Kapitan topu uzaqlaşdırmaq istəyərkən onun ayağına vurdu və baş hakim bunu qayda pozuntusu kimi dəyərləndirdi. “Nöqtə”yə yaxınlaşan yerli azarkeşlərin sevimlisi Dario 66-cı dəqiqədə “mərmi”ni “9-luğ”a sancdı. Buraxılan qoldan sarsılan “ağ-göylər” bir anlıq özlərini itirdi. Tələskənlikdən irəli gələn çoxsaylı səhvlər meydan sahiblərinin işini asanlaşdırmışdı. Hesabda önə keçən Yunis Hüseynovun komandası daha sərbəst oynayır, topla daha yaxşı rəftar edirdi. Ancaq müəyyən vaxtdan sonra qonaqlar özlərinə gəlib, oyunu nəinki bərabərləşdirdi, hətta böyük qüvvə ilə rəqibin üstünə getdi. Cərimə meydançasına ardıcıl ötürmələr, asmalar “Kəpəz”in müdafiə xəttində çaşqınlıq yaratmışdı. Sumqayıtlıların canfəşanlığı, nəhayət, bəhrə verdi. 86-cı dəqiqədə qapı önünə növbəti asmadan sonra hücuma dəstək verən Bəhlul topu ustalıqla ram edib, daha əlverişli vəziyyətdə olan Yunanovu “gördü”. Kimyaçıların “vuran ayağı” isə bu imkandan maksumum yararlandı və qüvvətli zərbə ilə toru silkələdi. Matçda “status-kvo” bərpa olunandan sonra da Gəncəyə 3 xal üçün gələn “kimyaçılar”ın hücumları azalmadı. Bu dəqiqələrdə “bir xal da qənimətdi” düşünən meydan sahibləri tez-tez yerdə qalır, vaxt uzatmağa çalışırdı. Və sonda onlar istəyinə çatdı: matç heç-heçə bitdi.
Gözdən qaçmadı
• Gəncə şəhər stadionunun ərazisi bu gün böyük tikinti meydanını xatırladır. VİP-lojaya girişin fasadı rənglənib, görüləcək əlavə işlər üçün dəmir nərdivanlar quraşdılıb. Bazanın ərazisində ağır texnika işləyir. Stadionda olarkən onu da öyrəndik ki, komandanın məskunlaşması üçün nəzərdə tutulan, hazırda iki mərtəbədən ibarət bina da tezliklə əsaslı təmir olunacaq və daha bir mərtəbə artılaraq 3 mərtəbə olacaq. Stadionun ərzisində iki yeni meydanla yanaşı, qapalı manejin quraşdırlmasına da qərar verilib.
• Samir Zərgərov 39-cu dəqiqədə yüzfaizlik vəziyyəti boşa verincə, matçı kiçikyaşlı nəvəsi ilə izləyən yaşlı kişi əsəbindən necə qışqırdısa, uşaq qorxusundan ağlamağa başladı. Nəvəsini zorla sakitləşdirən stajlı “Kəpəz” azarkeşi uşağın göz yaşını silə-silə “sənin qadan Samirə gəlsin. Az qala məni infarkt vurmuşdu. Burdan çıxan kimi səni aparıb qorxuluğunu götürəcəm” deyib, futbolçunun qarasınca deyindi.
• Mancqaladzenin əvəzlənməsi gəncəli azarkeşlər tərəfindən xoş qarşılanmadı. Onlar Yunis Hüseynova etirazlarını bildirdi.
• Hava isti olduğundan baş hakim hər iki hissədə futbolçulara su içmək imkanı yaratdı.
• Son dəqiqələrdə “Kəpəz”in futbolçularının tez-tez yerdə qalması Samir Abasovu özündən çıxarmışdı. 40 yaşlı mütəxəssis 4-cü hakimə yaxınlaşaraq, vaxta diqqət yetirməyi xahiş etdi.
Reaksiyalar
Samir Abasov: “Hava şəraiti hər iki komandaya bir az mane oldu. Həddən artıq isti idi. Bu vaxta oyun salmaq təhlükəlidi. Uşaqlar ilk hissədə boğulmuş kimi görünürdü. Qələbə istəsək də, vacib xal aparırıq. İstəyimizin nəticəsidi ki, heç olmasa, 1 xalı qopardıq. Bu il alnımıza axıradək didişmək yazılıb. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünki ötən tur öz meydanımızda "Səbail"ə uduzduq. İstənilən halda, avrokuboklar üçün sonadək mübarizə aparacağıq. “Sumqayıt” nağılı” başa çatmayıb. Əksinə, bundan sonra klubun adı daha da yüksələcək. Çünki bizə bir komanda, bir idman şəhəri kimi baxmağa başlayıblar. Bu gün rəqib futbolçular oyunun sonunu yerdə uzanıb keçirirsə, bu, bizimlə matçda 1 xala görə sevindiklərini göstərir. Düzdü, avrokuboklara düşmək "Sumqayıt"a təkan ola bilər. Allah eləməsin, düşməsək belə, nəsə pis dəyişiklik olacağına inanmıram. Hələ ki "Sumqayıt"dayam. Bundan pis vəziyyətə düşəcəyimizə inanmıram. Çalışacağıq ki, gedən futbolçularımız olsa belə, növbəti mövsüm üçün yaxşı komanda düzəldək. Nədən narazı qalmağıma gəlincə, heç-heçə faciəvi nəticə deyil. Görürsüz ki, çempionatın sonunda 1 xalın dəyəri hara çıxıb. Oyundan da, hesabdan da narazı deyiləm. Futbolda istək yaxşı şeydi. Ancaq bəzi futbolçularımız düzgün oynamır. Şükürlər olsun ki, burdan 1 xalla gedirik”.
Yunis Hüseynov: “Həmişəki kimi şablon sözləri deməliyik. Meydana qələbə üçün çıxmışdıq. Maraqlı oyun keçdi. "Sumqayıt"a uğurlar arzulayıram. İki çətin oyunumuz qalıb. Bildiyiniz kimi, son iki turda rəqiblərimiz olacaq "Zirə" və "Neftçi" avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Biz də sonadək mübarizə aparacağıq ki, xal toplayaq. Bu qarşılaşmada qalib gəlmək istəyirdik. Fikrimcə, bu gün qalib gələn tərəf biz olmalıydıq. Ancaq əfsuslar olsun ki, bir epizoddakı səhvdən qapımızda qol gördük. Hakimləri qınamıram. Ancaq mənə elə gəldi ki, orda cərimə zərbəsi vardı. Dünən hamınız gördüz ki, Avropa Liqasının yarımfinalında, "Zaltsburq" - "Marsel" oyununda hakimin kobud səhvi qapıya qolla nəticələndi. Burda da belə bir şey oldu. Yan xətt hakiminin gözü qarşısında top rəqibdən çıxdı, ancaq əleyhimizə aut verdi. Bu epizod da qapımıza qolla nəticələndi. Həmin səhv olmasaydı, yəqin ki, biz qalib gələcəkdik. Komandamdan razı qaldım. Futbolçularımız meydanda yaxşı, əzmkar oyun göstərdi. Ola bilsin, azarkeşlərimiz “bico”nu əvəzləməyimdən narazı qaldı. Ancaq azarkeşlərə tərəf dönüb deyə bilmərəm ki, oyunçu zədələnib. Hələ ilk hissədən sonra onu əvəzləmək istəyirdik. Həkimimiz fasilədə ayağına ağrıkəsici iynə vurdu və futbolçu meydana çıxdı. Ancaq iynə vurulandan sonra da onda ağrılar oldu. Hansı məşqçi yaxşı futbolçularından kimisə əvəzləyər? Azarkeşlərimiz gərək onu biləydi ki, Qiuli zədələnib. O, meydandan axsaya-axsaya çıxdı. Şəhriyar Əliyevin əvəzlənməsi də gözlənilməz oldu. Mən də istəmədim ki, komandamız meydanda 1 dəqiqə belə 10 nəfərlə qalsın. Ona görə dərhal Şəhriyarı əvəzlədim. Bundan sonra o dedi ki, yaxşıyam, oynaya bilərəm. Ancaq artıq gec idi. Ümumiyyətlə, nə Şəhiryarı, nə də Qiulini əvəzləmək fikrim var idi. Sadəcə, bunu məcburiyyətdən etdim”.
RƏŞAD, Gəncə