“Onlar futbolçuya yüksək məbləğdə pul ödəyəcək”
Artıq neçə aydı Xama Billiatın adı “Qarabağ”la yanaşı hallanır. "Mamelodi Sandaunz"un hücumçusu karyerasını, çox güman, elə məhz Ağdam təmsilçisində davam etdirəcək. Bu haqda Cənubi Afrika mətbuatına açıqlamasında komandanın baş məşqçisi Pitso Mosimane deyib. O, forvardın klubun heyətində son oyununa çıxacağını və iyundan etibarən azad agent statusu daşıyacağını bildirib. Sözügedən qarşılaşma mayın 12-də, səfərdə "Blum Seltik"ə qarşı olacaq.
Mosimanenin fikrincə, Billiat “Qarabağ”la anlaşıb: “Xama ilə son çempionat oyunumuzda qələbə qazanmaq istəyirik. İcazə verin, onu gözəl şəkildə yola salaq. Bizimlə 5 il keçirdi və bu komandada yaxşı işlər gördü. Yeni müqaviləyə razılıq vermədi. Biz onun gedişini qəbul etməliyik. Mən artıq qəbul etdim. Xamaya bundan sonrakı karyerasında uğurlar arzulamaq qalır. Qələbə Billiatı xoş yola salmaq üçün ən yaxşı yoldu. Eşitdiyimə görə, o, “Qarabağ”a keçəcək. Onlar futbolçuya yüksək məbləğdə pul ödəyəcək”.
Karyerasını “Melburn Viktori”də davam etdirən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corc isə Avstraliya mətbuatına açıqlama verib. Avstraliya A-Liqasında finala çıxmalarını dəyərləndirən hollandiyalı futbolçu Ağdam klubundakı çıxışını da yada salıb. Belə ki, “Nyukasl Jets”lə həlledici qarşılaşma ərəfəsində karyerasının ən önəmli oyunlarına toxunan 31 yaşlı hücumameyilli futbolçu “Qarabağ”ın heyətində 2014/15 mövsümündə “İnter”lə İtaliyada keçirdikləri matçın onun üçün xüsusi olduğunu vurğulayıb: “Qarabağ”da olarkən “İnter”lə “San Siro”da münasibətləri aydınlaşdırmışdıq. Milan klubunun heyətində güclü futbolçular çıxış edirdi. Həmin qarşılaşmada məğlub olsaq (0:2) da, komandam yaxşı mübarizə aparmışdı. Mən də yaxşı çıxış etmişdim. Nəticə ürəyimizcə olmamışdı. Bu, xatirəmdə unudulmaz matç kimi qalacaq”.
FARİZ hazırladı