“Biz bir ailə ola bilməsək, uğur qazana bilməzdik”
Rusiyanın Kaspiysk şəhərində təşkil olunan güləş üzrə Avropa çempionatı hələ ki bizim üçün pis getmir. Sərbəst güləş yığmamızın üzvləri bu gündən mübarizəyə qoşulacaq. Firdovsi Umudovun yetirmələrinin nəyə qadir olduğunu zaman göstərəcək. Ancaq digər millilərimizin çıxışını uğurlu saya bilərik. Əlbəttə, daha yaxşı ola, ən azı iki-üç qızıl medal qazana bilərdik. Amma 1 “qızıl”, 2 “gümüş” və 2 “bürünc” də pis nəticə deyil. Hər halda, “klassiklər” komanda hesabında 3-cü yeri tuta bildi. Sözsüz, bunda baş məşqçi Şaban Donatın əməyi danılmazdı. Türkiyəli mütəxəssis Güləş Federasiyasının saytına verdiyi müsahibədə komandanın çıxışını dəyərləndirib və gələcək planlardan danışıb.
- Əvvəlcə sizi 3-cü yeri tutmağınız münasibəti ilə təbrik edirəm. Bura gəlməmiş bütün çəkilərdə medal qazanmağa iddialı olduğunuzu demişdiz. 5 çəkidə uğur qazandız. Yarışı necə dəyərləndirirsiz?
- Türmən Eyyubovun zədəsi vardı. Bu üzdən istədiyi kimi çıxış edə bilmədi. Böyük ölçüdə güləşçilərdən razı qaldım. Gözlədiyim mübarizəni sərgilədilər. 5 pəhləvanımız daha yaxşı çıxış etdi və medal qazandı.
- İki finalda çempionluq şansını əldən verdiz. Çatışmazlıqlar nə oldu? Yarımfinalda da mübahisəli qərarlar oldu...
- İslam Abbasovun görüşündə hakimlər onu “sıxdı”. Bir az da təcrübəsizliyinin qurbanı oldu. İslam Avropa çempionu ola bilərdi. Murad Məmmədova da qızıl medal qazanmağa təcrübə çatmadı. Daha öncə finaldakı rəqibinə uduzmuşdu. Rəsul Çunayev finaladək çox yaxşı güləşdi. Həlledici görüşdə isə yoruldu. Zədəsinə görə tam gücüylə məşq edə bilmir. Elvin Mürsəliyevin də çıxışından razıyam. Yalnız Roman Vlasova uduzdu. Bildiyiniz kimi, Rusiya güləşçisi 10 ilə yaxındı çəkisində hegemonluq edir. Ümumilikdə komandanın çıxışından razı qaldım. Bəzi güləşçilər üçün bu, böyüklər arasında ilk AÇ idi. Eldəniz Əzizli uzun fasilədən sonra qitə birinciliyində çıxış edib, çempion oldu. Rafiq Hüseynov da bir neçə ildən sonra AÇ-də medal qazandı.
- Ötən il bu yarışda medal qazana bilməmişdiz. Amma bu dəfə 5 güləşçimiz fəxri kürsüyə qalxdı. Bu müddət ərzində nə dəyişdi?
- Ötən il yığmaya yenicə baş məşqçi təyin olunmuşdum. Bunadək gənclərlə işləyirdim. Alışmaq üçün zamana ehtiyac var idi. Zamanla uyğunlaşma problemini aradan qaldırdıq.
- Artıq yığmada komanda ruhunun formalaşdığını deyə bilərik?
- Əlbəttə. Biz bir ailə ola bilməsək, bu uğuru da qazana bilməzdik. Arı kimi çalışmalı, bal istehsal eləməliyik.
- Qarşıdakı planlarınız necədi?
- Əsas hədəfimiz Tokio Olimpiadasıdı. Çalışdığım komandalarda dünya və Avropa çempionum olub. Ancaq əsas məqsədim olimpiya çempionu yetişdirməkdi. Gənclərlə təcrübəlilərin sintezindən qurulmuş yaxşı komanda formalaşdırmaq istəyirik. Bir-birindən güclü güləşçiləri ortaya çıxarmaq istəyirik. Bu potensial da var. Ağır çəkilərdə problemlər olub. Ancaq indi bütün çəkilərdə yerli güləşçilər yığmada yer alıb. İslam Abbasovla Orxan Nuriyev Olimpiadada medal qazana bilər.
SƏRXAN