“Kamran müəllim mənə dedi ki, ilk ağlıma gələn sən oldun”
Ötən ilin sentyabrından “Neftçi”də Mətbuat və Marketinq Departamentinin rəhbəri vəzifəsini icra edən Anar Şabanoğlu səhhətindəki problem üzündən öz xoşu ilə işindən ayrıldı. Onu bu vəzifədə Rüstəm Allahverdiyev əvəz edəcək. Bu ad-soyad jurnalistlərə yaxşı tanışdı. 2011-15-ci illər aralığında “Simurq”da mətbuat katibi kimi çalışan Rüstəm sonralar yenə aramızda oldu. “Qarabağ”ın avrokuboklardakı ev görüşləri zamanı mətbuat nümayəndələrinin rahatlığı üçün əlindən gələni edir, jurnalistlər arasında təşkil olunan futbol yarışları zamanı top dalınca qaçırdı.
Qısası, kifayət qədər yaxşı tanıdığımız biridi. Lakin “Neftçi”də onu olduqca çətin iş və qeyri-müəyyən gələcək gözləyir. Özüylə söhbətdə bəzi qaranlıq məqamlara toxdunduq.
- İşdəsən?
- İşdəyəm, amma hələ “Neftçi”də yox, STP-dəyəm (Sumqayıt Texnologiyalar Parkı). “Neftçi”dəki fəaliyyətim mayın 15-dən başlayacaq.
- Klubla bağlı planların nədən ibarətdi? Nə kimi yeniliklər gözlənilir?
- İlk görüşüm klub prezidenti Kamran Quliyevlə oldu. Kamran müəllim müəyyən məlumatlar vermək istədi, razılaşmadım. Çünki ideyalarla işə başlayandan sonra tanış olmağı üstün tutdum. Mayın 15-də işə başlayacam. Qarşıdakı bir ayda klubdakı işlərlə tanış olmaq, vəziyyəti gözümlə görmək istəyirəm. Ondan sonra gələcəklə bağlı nəsə demək olar. Belə deyim, biraylıq müşahidələrdən sonra klub prezidentinə raport təqdim edəcəm, bununla yanaşı təkliflərimi bildirəcəm. İşə başlamadan, imkanla, şəraitlə tanış olmadan, departament əməkdaşlarının problemlərini dinləmədən nəsə demək çətindi.
- Özünün təkliflər paketin var?
- Əlbəttə, müəyyən ideyalarım var. Lakin indidən bu haqda geniş danışmağım doğru olmaz. İctimaiyyət və media ilə əlaqələrin qurulmasında müəyyən yeniliklərimiz olacaq. Əsas planlarım “Neftçi” TV ilə bağlı olacaq.
- Belə başa düşdüm ki, sələflərinin gördüyü işlərdən fərqli hansısa yeniliklər olacaq.
- Təbii ki. Mənim “Simurq”da iş təcrübəm var. Bölgə komandasıydı, üstəgəl, zəngin tarixə malik deyildi. Lakin “Neftçi”nin Azərbaycan futbolunda hansı yeri tutduğunu, bu adın nə demək olduğunu hamı yaxşı bilir. “Neftçi”dəki xəbər geniş kütləyə tez yayılır, əks-səda doğurur. Yəni bu klubla bağlı xəbərlərə daim tələbat var. Tələbatı ödəmək üçün isə klub saytında, yaxud “feysbuk”da xəbər yerləşdirmək kifayət etmir.
- Sələfin Anar Şabanoğlu ilə görüşmüsən?
- Anarla görüşməsəm də, sosial şəbəkə vasitəsi ilə danışmışıq. Hazırda işdəyəm deyə boş vaxtım olmur. Amma yaxın günlərdə mütləq görüşəcəyik. Özünə də demişəm.
- Heç şübhəsiz, “Neftçi”ylə bağlı məsləhətlərinə ehtiyacın var.
- Əlbəttə. Həm Anar Şabanoğlunun, həm də Rüstəm Əfsərlinin “Neftçi” təcrübəsi haqda deyəcəklərinə ehtiyacım var. İşə başlamamış özümə və işimə lazım olacaq məlumatlar toplamalıyam.
- “Neftçi”də çalışmaq təklifi Kamran Quliyevdən gəldi?
- Bəli.
- Şəxsi tanışlığınız var idi?
- Şəxsi tanışlıq deyəndə ki, o “Sumqayıt”ın prezidenti olanda, mən “Simurq”da işləyirdim. Yəni oyunlar zamanı görüşürdük. Belə deyim, qiyabı tanışlıq idi.
- Bəs səni “Neftçi”yə kim məsləhət görüb?
- Onu dəqiq bilmirəm. Kamran müəllim mənə dedi ki, “mətbuat katibi kim olsun” sualı ətrafında fikirləşəndə, ilk ağlıma gələn sən oldun. Dedi, səni insan kimi tanıyırdım, amma işçi kimi yox. Sonradan iş fəaliyyətimlə bağlı araşdırma aparıb və haqqımda müsbət rəy formalaşıb. Hər halda, mənə dedikləri bunlar oldu.
- Təklif alanda tərəddüd etdin?
- Futbol elədi ki, işin taleyi komandanın nəticələrindən asılıdı. Sən mətbuat katibi olaraq nə qədər çox iş görsən belə, komandanın uğursuzluğu zamanı bütün təzyiq mətbuat katibinə olur.
- Komandanın nəticələrinin mətbuat katibinə nə dəxli var?
- “Neftçi”dəki vəziyyəti özünüz bilirsiz. Kimsə bazanın qapısından içəri daxil olanda, mətbuatın dərhal xəbəri olur.
- Yəni tərəddüd etmədin.
- Kamran müəllimlə söhbətimiz məndə müsbət fikirlər formalaşdırdı. Öz-özümə dedim ki, mən bu insanın yanında olmalıyam.
- Nə dərəcədə riskli qərar verdiyinin fərqindəsən?
- Qorxan gözə çöp düşər. Mən heç vaxt işdən qorxan adam olmamışam. Bildiyim sahədi, az-çox tanıdığım insanlardı, müəyyən iş təcrübəsinə sahibəm. Klubun media və ictimaiyyətlə əlaqələrinin qurulmasında və yaxşılaşdırılmasında ciddi problemlə qarşılaşacağımı düşünmürəm.
- Riskli sözünü o mənada demədim. Yəni səndən əvvəl işləyən həmkarlarının “Neftçi”dəki fəaliyyəti qısamüddətli olub. 4 ay, 7 ay...
- Bu barədə konkret nəsə deyə bilmərəm. Bir ay işləyəcəm, 1 il, yoxsa 10 il. Gedib işimi işləyəcəm. Əsas odu, iş bacarığıma və təcrübəmə güvənirəm.
- Maaşın STP-dəkindən çox olacaq?
- Açığı, əməkhaqqı söhbəti etməmişik.
- Bəlkə az maaş verəcəklər?
- Gördüyüm işin qarşılığında yetərli məbləğin veriləcəyinə ümid edirəm.
HƏBİB