Sizin reklam burada

“Binə” öncə müraciət edib, sonra geri çəkilib

Baxış Sayı:860

“Binə” öncə müraciət edib, sonra geri çəkilib
Oqtay Abdullayev: “Tovuzda futbol azarkeşlərdən başqa heç kimə lazım deyil”
Son günlər idman ictimaiyyəti arasında ən çox müzakirə olunan məsələ, heç şübhəsiz, növbəti mövsümdə elitada neçə komandanın iştirak edəcəyidi. Ötən sayımızda “Xəzər”in premyer-liqaya hazır olduğunu bildirmişdik. Onu da qeyd etmişdik ki, birinci divizionun debütantına “yol yoldaşı” tapılmadığından bu məsələ həll olunmamış qalıb. Srağagün Klublar Komitəsinin toplantısına qatılan AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablayarkən birinci divizionda mübarizə aparan klubların yarısının, daha dəqiq desək, 5-nin Lisenziyalaşdırma Komissiyasına müraciət etdiyini, onlardan isə yalnız ikisinin tələblərə müəyyən dərəcədə cavab verdiyini bilirib. Elxan bəy aşağı dəstə təmsilçilərinin daha çox komanda anlayışına cavab verdiyini, klub kimi formalaşmadıqlarını söyləyib. Baş katibin açıqlamasından belə qənaətə gəlmək olar ki, 2018/19 “futbol ili”ndə də premyer-liqada 8 komanda çıxış edəcək. Onun “sabitlik əsasdı” deməsi məhz bundan xəbər verir.
Bəs görəsən, birinci divizion təmsilçilərinin rəhbərləri baş katibin söylədiklərinə necə münasibət göstərir? Bu suala cavab tapmaq üçün onların bəziləri ilə danışmaq qərarına gəldik.
Tahir Mustafayev (“Qaradağ Lökbatan”ın prezidenti): “Bu gün bizim üçün prioritet məsələ son turlarda qələbə qazanıb çempion olmaqdı. Ondan sonra elita haqda danışmaq olar. O ki qaldı lisenziyalaşdırma məsələsinə, bildiyiniz kimi, artıq neçə ildi bizim komanda premyer-liqaya yüksəlmək haqda düşünür və bu yöndə lazımi addımlar atır. Lisenziyalaşdırma ilə bağlı məsələləri yoluna qoymaq, lazım olan sənədləri qaydaya salmaq üçün məsul şəxslər var. Onlar da bu işlərlə məşğul olur. Bu dəfə demək olar ki, bütün tələbləri yerinə yetirmişik. Sadəcə, xırda çatışmazlıq qalıb ki, onu da yaxın günlərdə yoluna qoyacağıq. Mən “Qaradağ Lökbatan”a prezident təyin olunan gündən əsas məqsədim klubu elitaya yüksəltmək olub. Nəticələrimiz də buna imkan verib və verir. Bəzilərindən fərqli, demək olar ki, bütün yaş qrupları üzrə komandalarımız var. Kiməsə maraqlı olsa, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlara diqqət yetirə bilər. İnfrastruktur baxımından da problemimiz yoxdu. Qalan başqa tələbləri də yerinə yetirməyə qadirik”.
Oqtay Abdullayev (“Turan Tovuz”un Müşahidə Şurasının sədri): “Lisenziyalaşdırma Komissiyasının irəli sürdüyü şərtlərdən yalnız maliyyə meyarını yerinə yetirə bilmirik. Ona görə ki, bu yödə heç bir dəstəyimiz yoxdu. Komandanın elitada çıxış etməsini bütün tovuzlular istəyir. Ancaq heç bir yerli iş adamı irəli çıxıb “Turan Tovuz”a maddi dəstək vermir. Artıq neçə ildi ki, eyni problem səbəbindən premyer-liqaya yolumuz bağlanıb. Stadionumuz, kadrlarımız, aşağı yaş qruplarımız var. Çatışmayan maliyyədi. Bununla bağlı rayonun sayılıb-seçilən ziyalıları, ağsaqqalları, imkanlı adamları ilə dəfələrlə görüşüb söhbət etmişik. Hətta Tovuzdan Milli Məclisə deputat seçilən Qənirə Paşayeva da kluba dəstək üçün imkanlı şəxslərə səslənib. Lakin heç bir faydası yoxdu. Xahiş edirəm, elə belə də yazın: Tovuzda futbol azarkeşlərdən başqa heç kimə lazım deyil. Əks halda bu rayonun imkanlı və rəhbər şəxsləri komandaya sahib çıxardı. Təkrarçılıq olsa da, deyəcəm: Tovuzda həmişə istedadlı uşaqlar olub və bu gün də var. Gələcəkdə də olacaq. Sadəcə, imkan yaratmaq lazımdı ki, həmin gənclər özlərini premyer-liqada göstərsinlər. Nə vaxta kimi AFFA “Turan Tovuz”a pul ayırmalıdı? Rayon camaatı da bu işdə maraqlı olmalı, əməli addımlar atmalıdı”.
Aqil Nəbiyev (“Şüvəlan”ın baş məşqçisi): “Başqa klubların adından danışa bilmərəm. Elxan Məmmədovun da açıqlaması ilə tanışam. Çalışdığım klub adından onu deyə bilərəm ki, hazırda “Şüvəlan”ın müxtəlif yaş qruplarından ibarət 4 komandası var. Bundan başqa inftastruktur baxımından da çətinliyimizin olmadığını bilirsiz. Özünüz də həm bazamız, həm də stadionumuzla tanışsız. Elitada oynamaq üçün bu sarıdan heç bir problemimiz yoxdu. O ki qaldı maliyyə məsələsinə, rəhbərlik mövsümü yüksək pillələrdə başa vurmağımızı istəyib. Şükür Allaha ki, onların qarşımıza qoyduğu məqsədə çata bilmişik. Mövsümü böyük ehtimalla, ilk “üçlük”də başa vurmağı bacaracağıq. Qarşıda hələ iki tur var. Nəzəri cəhətdən ikinci də ola bilərik. Komanda olaraq bunun öhdəsindən gələcəiymiz halda, rəhbərlik maliyyə məsələsini də həll edəcəyini bildirib. Ümid edirəm ki, bu yöndə heç bir çətinliyimiz olmayacaq”.
“Binə” və MOİK rəhbərliyi ilə əlaqə saxlamaq isə mümkün olmadı. Bu arada etibarlı mənbədən əldə etdiyimiz bir xəbəri sizinlə bölüşmək istəyirik. Mənbəmizin sözlərinə görə, AFFA-nın baş katibi “bir klub geri çəkildi” deyərkən məhz “Binə”ni nəzərdə tutub. Belə ki, divizion təmsilçiləri arasında Lisenziyalaşdırma Komisssiyasına ilk sənəd təqdim edən aşağı dəstənin debütantı olub. Şərtlər və tələblərlə tanış olan klub rəhbərliyi ilk vaxtlar “hər şey yaxşı olacaq, tələblər yerinə yetiriləcək” söyləsə də, sonradan fikrindən daşınıb və komissiyaya heç bir sənəd təqdim etməyib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR