Sənan Abdullayev: “Hazırda bir neçə şirkətlə danışıq aparılır”
Birvaxtlar ölkə teleməkanında “Sport-Daycest”, “Sport-Layn”, “Qol”, “Futbol saatı” kimi verilişlər var idi. Həftənin əvvəlində efirə gedən bu verilişlər futbol həvəskarlarının “qida mənbəyi” sayılırdı. Çempionat oyunlarının videogörüntüləri müzakirəyə çıxarılar, debatlar yaşanar, mütəxəssislər bir-birini “qırardılar”.
Lakin zamanla hər biri tarixin yaddaşına köçdü. Biri imkansızlıqdan canını tapşırdı, digəri şəxsi maraqların qurbanına çevrildi, bir başqası da futbol hakimiyyətini tənqid etdiyinə görə bağlandı. Ve beləcə, futbol verilişləri məhv oldu. İndi gözlər yalnız bir verilişə - AFFA prezidenti Rövnəq Abdullayevin himayəsində olan “CBC Sport”da yayınlanan “Üçüncü hissə”yə dikilib. Halbuki bir verilişlə inkişaf mümkün deyil. Bunun üçün rəqabət olmalı, telekanal əməkdaşları bir-birinin bəhsinə yeniliklər etməlidi.
Xüsusilə “Futbol saatı”nın yeri görünür. Bazar ertəsi, axşam saatlarında “Xəzər” TV-də görməyə alışdığımız “Futbol saatı” 2007-nin noyabrından fəaliyyət göstərirdi. Vaxtilə Ceyhun Rzayevlə Emin Abbasovun aparıcısı olduğu verilişi sonradan Sənan Abdullayev uğurla davam etdirirdi. Müzakirələr, çəkişmələr, futbol ailəsinin üzvlərinin qarşılıqlı atmacaları – bütün bunlar bir başqa aləm idi.
Deyilənə görə, 10 ilini ötən ilin payızında tamamlayan “Futbol saatı” yenidən həyata qayıtmağa hazırlaşır. Artıq bununla bağlı işlər görülür ki, qeyri-adi nəsə baş verməsə, avqustda “Futbol saatı”nı efirdə görə biləcəyik. Əlaqə saxladığımız “Xəzər” TV-nin Xəbərlər Departamentinin idman redaktoru Sənan Abdullayevdən xoş xəbər eşitdik: “Futbol saatı”nın efirə qayıtması hər birimizin arzusudu. Hiss edirəm ki, izləyicilər də veriliş üçün darıxıb. Xeyir-şər işlərində rastlaşdığımız insanlar “Futbol saatı”nın nə vaxt bərpa olunacağını soruşur. Bu dəqiqə əsas problem sponsor yoxluğuyla bağlıdı. Hazırda bir neçə şirkətlə danışıq aparılır. Danışıqlar uğurla nəticələnsə, verilişin avqustda yox, sentyabrda yayınlanması mümkündü. Lakin indidən 100 faiz söz deyə bilmərəm. Hər şey danışıqların axarından asılıdı”.
HƏBİB