Narazılıq doğurmayan idarəçilik
Son tur hakimlik baxımından sakit keçdi desək, yanılmarıq. Hər halda, ədalət təmsilçilərinin idarəçiliyi ciddi narazılıq doğurmadı, ünvanlarına irad deyən olmadı. Yalnız xırda-para səhvlər diqqəti çəkdi ki, bunlar da nəticəyə təsir etmədi.
RAUF CABBAROV, Zirə - Qarabağ
İlk yarıda temp aşağı olsa da, Rauf Cabbarov startda sanki həyəcanlıydı. O, ilk 10 dəqiqədə "Zirə"nin iki futbolçusunu bağışladı. Adil Nağıyev topa fitdən sonra zərbə vurduğuna, Vüqar Mustafayev isə Almeydanın ayağına sərt girdiyinə görə sarı vərəqəni haqq edirdi. İkinci hissədə gərginliyin və sürətin artmasına rəğmən, referi oyunun “ip”ini əlində saxlaya bildi. Xüsusilə 82-ci dəqiqədə ona etiraz edən iki “Zirəli”ni - Adil Nağıyevlə Yani Urdinovu intizama dəvət etməsi qeyd olunmalıdı. Ümumilikdə Cabbarovun idarəçiliyini normal qiymətləndirmək olar.
ƏLİYAR AĞAYEV, Qəbələ - Kəpəz
FİFA referisi Qəbələdə o qədər də çətinlik çəkmədi. Oyunun taleyi elə birinci hissədə vurulan 3 qolla həll olundu ki, hadisələrin axarı da hakimin işini asanlaşdırdı. Əliyar mümkün qədər vərəqədən də az istifadə etməyə çalışdı.
RƏHİM HƏSƏNOV, Keşlə - Neftçi
Rəhim Həsənov qarşılaşmanı normal idarə etdi. Ancaq mübahisəli epizodlar da var idi. 40-cı dəqiqədə topsuz vəziyyətdə Ruslan Abışov Vaqif Cavadova təpik atdı. Futbolçular arasında gərginlik yaşandı, FİFA referisi 4-cü hakimlə məsləhətləşdikdən sonra "Neftçi"nin kapitanına sarı vərəqə göstərdi. “Keşlə”nin baş məşqçisi Yuri Maksimov isə israrla "qırmızı" tələb edirdi. Əslində ədalət təmsilçisi Abışovu meydandan qova da bilərdi. 75-ci dəqiqə Sezar Meza Kollinin zərbəsindən sonra Ruslan topun qarşısını kəsdi. Meydan sahibləri əllə oyuna iddia etdilər. Lakin Həsənov haqlı olaraq penalti təyin etmədi.
RƏVAN HƏMZƏZADƏ, Sumqayıt- Zəbail
Sumqayıtdakı oyunda hakim idarəçiliyi normal idi. Həmzəzadə bir neçə mübahisəli məqamda doğru qərar verdi. Konkret 35-ci dəqiqədə Azər Salahlının zərbəsindən sonra topun Tamazi Tsetsxladzenin əlinə dəyməsini hakim penalti kimi dəyərləndirmədi. Doğrudan da, top bədəndən sıçrayıb ələ dəymişdi, yəni gürcünün əllə oynamaq niyyəti yox idi. 60-cı dəqiqədə Rəvan Cavid Tağıyevin yerdə qalmasina aldanmadı və yenə haqlı idi. Hakim sərt oyuna imkan verir, vərəqələrdən demək olar, istifadə etmirdi. Hər halda, referi cəmi iki dəfə əlini cibinə atdı ki, bunun da biri “hakimə etiraz”a görə idi.
MİRAĞA