“Bu trekdə hər şey ola bilər”
“Formula-1” üzrə Azərbaycan “Qran-pri”si yenə maraqlı anlarla yadda qaldı. Düzdü, ötənilki qədər bol ötmə müşahidə etmədik. Ancaq sonluq gözlənilməz oldu. Bəlkə də buna görə “Red Bull” pilotlarına borcluyuq. Çünki məhz onların qəzasından sonra trassa təhlükəsizlik maşını çıxdı və belədə bolidlər bir-birinə yaxınlaşdı. Ondan sonra Roman Qrojanın qeyri-adi qəzasının, Sebastyan Fettelin səhvə yol verməsi nəticəsində 4-cü yerə geriləməsinin, Valtteri Bottasın təkərinin partlamasının və indiyədək Bakıda fəxri kürsüyə qalxmayan Lüis Hemiltonun finişi birinci keçməsinin şahidi olduq. İndi isə yarışdan sonra keçirilən mətbuat konfransında ilk üç yeri tutanların fikirləriylə tanış olaq.
Lüis Hemilton: “Valteri bu gün əla yarışdı. Qələbəyə layiq idi. Sebastyan da yaxşı mübarizə aparırdı. Bu gün həqiqətən də bəxtim gətirdi. Bu üzdən podiuma çıxmaq mənə bir az qəribə gəlir. Ancaq mən də sona qədər yarışdım. Bütün həftəsonu mənim üçün çətin keçdi. Bəhreyndə təkərlərlə bağlı problem yaşamışdım. Bugünkü nəticəyə görə sevinməliyəm. Yarış çaşdırıcı idi. Nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyildi. Təhlükəsizlik maşını trekə daxil olurdu. Xeyli mövqe itirirdim. Bu trekdə hər şey ola bilər. Əsas məsələ başını aşağı salıb, sona qədər mübarizə aparmaqdı. Yarışı birinci başa vurdum. Açığı, buna inana bilmirdim. “Ferrari”ni arxada qoymuşdum. Diqqətimin yayınmaması və yarışı beləcə başa vurmaq üçün dua edirdim. Yarış zamanı çoxlu gözlənilməz hadisə baş verdi. Yaranmış vəziyyət işimə yaradı. Qələbə qazandım. Ancaq hələ də turnir cədvəlində rəqiblərimizdən geridəyik. Hazırda üstünlük Kimi və Sebastyandadı. Bolidlərimiz əla vəziyyətdədi. Ancaq onu daha da təkmilləşdirməli və idarəni asanlaşdırmalıyıq. Özümü indi heç də rahat hiss etmirəm. Qarışıq hisslər keçirirəm. Sıralama turunda yaxşı nəticə əldə etdim. Bu gün isə bəzi səhvlərə yol verdim. Bolidi idarə etmək çətin idi, təkərlərdə problem vardı. Üzərində işləməli olduğum bir neçə məsələ var. Performansımı yaxşılaşdırmalıyam. Valterinin arxasındaydım, amma nəsə görmək qeyri-mümkün idi. Yüksək sürətlə hərəkət edəndə görüntü bulanıq olur. Bircə onu gördüm ki, Bottasın bolidindən parçalar qopub ətrafa səpələndi və sürəti birdən-birə yavaşıdı. Dəqiq deyə bilmərəm ki, nə baş verdi. Sürətlənmə düzlüyündə qırıntılar olduğunu görməmişdim. Ancaq komanda yoldaşlarım Qrojan qəza etdiyi yerdə qırıntılar olduğunu söyləyirdi. Performansı təkmilləşdirmək vacibdi. Məncə, daha çox bolidin hazırkı potensialını üzə çıxarmalıyıq. Avtstaliyada cümə günü yarışa uğurla başlamışdıq. Getdikcə nəticəmizi daha da yaxşılaşdırdıq. Mövsümün sonrakı yarışlarında isə mübarizəyə “Ferrari”dən bir az geridə başlayırdıq və onları ötməkdə çətinlik çəkirdik. Hələ də ümumi performans cəhətdən onlardan geridəyik. Onlarda yerə sıxma qüvvəsinin bir az daha çox olduğunu və bu üzdən sürətlənmə düzlüyündə bir az yavaş, bütün döngələrdə isə daha sürətli olduğunu görərik. Bolidləri bu trekə çox uyğundu. Bizim bolid isə Avstraliyada yaxşı yarışırdı. Məncə, “Ferrari” Avstraliyada bütün potensialını göstərməmişdi. Ən sürətli bolidə sahib olmadığımızdan və üzərində işləməli olduğumuz məsələlərdən agahıq. Hamı əlindən gələni edir. Bütün gücümüzü sona qədər səfərbər etməliyik. Avstraliyada bolidi idarə etmək mənim üçün rahat idi. Ancaq sonrakı yarışlarda xeyli çətinlik çəkdim. Səbəbini bilmirəm. Odu ki, bunun üzərində xeyli çalışmalıyam”.
Kimi Raykkonen: “İlk dövrədə Okon döngəyə daxil olanda məni görmədi. Mənim üçün yaxşı başlanğıc deyildi. Xoşbəxtlikdən bundan daha pis vəziyyətlə qarşılaşmadım. Çətin yarış idi. Təkərləri isitməklə bağlı bəzi problemlərim oldu. Sona qədər yarışmaq istəyirdim. Bunu bacardım. Döngələrdə rahat idim. Yarış qəzalarla bol idi. İlk döngələrdə bolidin ön qanadı və təkər zədə aldı. Təkərlər tez-tez kilidlənirdi. Trekin bəzi hissələrində sədlərə çox yaxınlaşırdım. Amma həmin yerləri qəzasız ötüb keçməyi bacardım. Düşünürdüm ki, bacardığım qədər yüksək sürətlə sürəcəm. Ancaq “Red Bull”u gördüz. Yarışın əvvəlində yanbayan mübarizə aparırdılar, qəza baş verəcəyi gözlənilən idi. Həmin qəzadan sonra hər şey dəyişdi. Təkərləri dəyişdikdən sonra üstünlüyü ələ ala bildik. Dünənlə müqayisədə daha yaxşı yarışdım. Ancaq ikinci yerlə kifayətlənmək istəmirik. Sürətli olduğumuzu bilirik. Sadəcə, əlimizdə olanları dəyərləndirməliyik. Əminəm ki, bunu bacaracağıq. Bu gün xeyrimizə bir çox hadisə baş verdi. Amma qarşımızda olanlar tam bizdən asılıydı. Belə yarışda qəzadan uzaq durmaq bəhrə verdi. Sürətli olduğumu bilirəm. Bütün gücümüzü birləşdirməliyik. O zaman daha yaxşı nəticələr əldə edəcəyik. Bolidin ön qanadı və sağ təkəri zədə almışdı. Sonra ön qanadı dəyişdilər. Ancaq bolidi yoxlaya bilmədim. Bundan başqa, birinci döngədə yüksək sürətlə səddə sürtündüm. Xoşbəxtlikdən ön çarx böyük zədə almadı. Məncə, bolidin vəziyyəti normal idi. Bəzən təkərlərlə bağlı problem yaşayırdım. Başqa ciddi zədə olduğunu düşünmürəm”.
Serxio Peres: “İki il əvvəl də Bakıda 3-cü yeri tutmuşdum. Bu gün bütün karyeramın ən yaxşı iki dövrəsini başa vurdum. Son iki dövrə çox çətin oldu. Sebastyan arxamdaydı, təkərlər soyumuşdu. Supersoft tərkiblə yarışırdım. Kimiyə çatmaq üçün qızğın mübarizə aparırdım. Eyni zamanda Sebastyanın məni ötüb keçməsinə yol verməməliydim. Qələbəmiz trekdə baş verən təsadüflərin nəticəsiydi. Komandanın yaranmış vəziyyəti dəyərləndirməsi isə bir təsadüf deyildi. Bu gün qazandığımız xallarla “Reno”yla fərqi aradan qaldıra biləcəyik. Bu həftəsonu 4-cü ən yaxşı komanda olduğumuzu düşünürəm. İki həftə sonra Barselonada bizi çox vacib və maraqlı yarış gözləyir. Yaxşı irəliləyirik. İndiyə qədər komandanın hesabında yalnız bir xal var idi. Bu yarış komanda üçün əla motivasiya oldu. Strategiyamız yaxşı idi, komanda əla performans göstərdi”.