“Dəvət olarsa, 7-ci divizionda çıxış edə bilərəm”
Vüqar Həşimov Memorialının qalibi, şahmat üzrə dünya çempionu Maqnus Karlen “ShamkirChess 2018” superturnirinin rəsmi saytına müsahibə verib. 3-cü dəfə bu yarışın qalibi olan norveçli müxtəlif mövzulara toxunub.
- Qələbə münasibətiylə səni təbrik edirik. Şəmkirdə qatıldığın 3-cü yarışda da titul qazandın...
- Təbrikə görə təşəkkür edirəm. “ShamkirChess”də qalib olduğuma görə çox xoşbəxtəm. Yarışın əvvəlində istədiyim oyunu göstərə bilmədim. Yalnız son turlarda bir qədər rahat oynadım. Aniş Giri üzərində qələbə qazandığım partiya bəlkə də Şəmkirdə ən yaxşı oyunum oldu. Ancaq etiraf etmək lazımdı ki, istədiyim Maqnusu görmədim. Yəni maksimum bacardığım oyunu nümayiş etdirə bilmədim. Bununla belə, sonda əsas mükafata sahib çıxdığıma görə sevinirəm.
- Burdakı hansı çempionluğu daha çətin sayırsan?
- İlk dəfə 2014-cü ildə Şəmkirə gəlmişəm. Çox güclü heyət var idi. İki partiyada məğlubiyyətdən sonra özümə gəldim. Ardıcıl qələbələr yarışı ilk pillədə başa vurmağa kömək etdi. 2014-də debüt yarış olduğundan xüsusilə çətin mübarizəylə yadımda qalıb. 2015-də də asan mübarizə olmayıb. Vişvanatan Anandla oyunumu xatırlayıram. Çətin vəziyyət var idi. Anandla oyunumuz xüsusi maraq kəsb edirdi. Həmin il də birinci oldum. Bu il fərqli oldu. Ardıcıl üç tur heç-heçə oynadım. Sanki qələbə qazana bilmirdim. Turnirin əvvəlində bütün şahmatçılar eyni vəziyyətdə idi. 3 turdan sonra hamı 1,5 xal toplamışdı. Mənim üçün ardıcıl 3 oyunda qələbə qazanmamaq normal deyil. Bir qədər pis olmuşdum. Yaxşı ki, sonda istəyimə çatdım.
- Deyirlər, Maqnus iştirak etdiyi turnirlərdə əksər hallarda başqalarının qələbə qazanmaq şansı yoxdu. Bu fikirlə razısan?
- (gülür) Kim söyləyib? Belə fikir səsləndirmək doğru deyil. Sadəcə, bütün yarışlarda qalib olmaq istəyirəm. Çox vaxt istəyimə çatsam da, inanın bu, heç də asan olmur. Bunun üçün gərgin məşqlər çox vacibdi. Eyni zamanda mənimlə çalışan insanların - komandamın uğurumda böyük payı var.
- Şəmkirdə Azərbaycan şahmatçılarıyla da qarşılaşdın. Deyəsən, daha çox Rauf Məmmədovla oyunda əsəbləşmişdin?
- Yox, əsəbləşməmişəm. Şahmatçılarınızın oyunları bir-birindən fərqlənir. Maraqlıdı ki, azərbaycanlı şahmatçılarla partiyalarım heç-heçə bitdi. Əslində qalib gəlmək istəyirdim, sadəcə, alınmadı. Bəlkə Şəmkir havası onlara kömək oldu. Onlar yetərincə diqqətli oynadı. Raufla partiyada fürsət əldə etmişdim, sadəcə, üstünlüyü reallaşdıra bilmədim. Məmmədov yaxşı oynadı.
- Ancaq həmin partiyadan sonra mətbuat konfransına gəlmədin...
- Çox yorulmuşdum. Təəssüflənirdim ki, qalib gələ bilmədim. Üstəlik, mətbuat konfransları bəzən çox vaxt aparır. Partiyadan sonra suallara cavab vermək adamı daha da yorur. Raufla oyundan sonra dərhal otelə gedərək, növbəti tura hazırlaşmağa başladım.
- Şəmkirə şəxsi aşpazın da gəlib. Bu məqam çox maraqlıdı. Bəlkə oteldə təqdim olunan Azərbaycan mətbəxindəki yeməkləri xoşlamırsan?
- Oteldə həm Azərbaycan, həm də Avropa mətbəxindən yeməklər təqdim olunur. Qidayla bağlı heç bir problem yoxdu. Çünki təşkilatçılar ən xırda detalı belə dəqiqliklə fikirləşib. Buna görə Təşkilat Komitəsinə təşəkkür edirəm. Menyuda olmayan, amma istədiyim yemək olsaydı, onu da hazırlayardılar. Bir neçə il əvvəl aşbazla çalışmağa başladım. Bəzən getdiyim ölkədə qidayla bağlı problem yaşanır. O zaman aşpaz kömək edir. Azərbaycan və Türkiyə mətbəxləri çox oxşardı. Türkiyə mətbəxində bəyəndiyim yeməklər var. Sadəcə, çox yağlı yeməklərdən qaçıram. Eyni zamanda şirniyyatı sevməyimə baxmayaraq, çalışıram ki, az yeyim.
- Fiziki hazırlığın diqqəti cəlb edir. Şəmkirdə basketbol da oynadın, futbol da. Hansını daha çox sevirsən?
- Ümumiyyətlə, idmanı çox sevirəm. Sağ olsunlar, şərait yaratdılar. Şəmkirdə şahmat oynamaq üçün bütün şərait var. Fikrimcə, turnirlər, adətən, belə sakit yerlərdə keçirilməlidi. Futbolda "Real"ın oyunlarını izləyirəm. Basketbolla da maraqlanıram. İstirahət günü Şəmkirdə futbol turniri keçirildi, həmin yarışda bizim (əcnəbi şahmatçılardan ibarət dünya yığması) komanda qalib gəldi. Orda bacarığımı göstərdim.
- Futbol oynamağı da yaxşı bacarırsan. Bəlkə Norveç yığması sənin timsalında güclü futbolçunu itirib?
- (gülür) Artıq gecdi. Amma dəvət olarsa, 7-ci divizionda çıxış edə bilərəm. Hər halda, bu səviyyədə oynamağa gücüm çatar.
- Şəmkir - Azərbaycan yadında necə qalacaq?
- Paytaxt Bakıda və yarışın keçirildiyi Şəmkirdə olmuşam. Şəmkirdəki dağlar xoşuma gəlib. Sanki insan rahatlaşır. Həmin dağlar Norveçi xatırlatdı. Ona görə də turnirdən sonra iki gün Şəmkirdə qalmaq haqda qərar vermişdik. Yəni Şəmkirdə rahat şahmat haqda düşünmək mümkündü.
- Noyabrda şahmat tacı uğrunda ABŞ təmsilçisi Fabiano Karuanayla görüşəcəksən. Hazırlığa nə vaxtdan başlamaq istəyirsən?
- Şəmkirdə bu haqda çox soruşurlar. Bütün məsləhətlərə hazıram. Bununla bağlı komanda düşünür. Belə məsələləri, adətən, mətbuata açıqlamaq düzgün deyil. Qarşıda bizi Norveçdə keçiriləcək daha bir turnir gözləyir.
- Berlində keçirilən İddiaçıların Turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbə qazanmaq şansları yüksək idi. Yarışı izləyirdin?
- Vaxt olanda baxırdım. Şəhriyar yaxşı şahmatçıdı, turnirin əvvəlində inamlı görünürdü. Ümumiyyətlə, Berlində maraqlı partiyalar çox oldu.
- Şəxsi həyatınla bağlı sual vermək istərdim. Maqnus hazırda yalnız şahmatı sevir, yoxsa onun qəlbində gözəl xanım da var?
- Şəxsi həyat haqda danışmağı sevmirəm. Onsuz da media sürətlə inkişaf edir. İstənilən xəbər dərhal yayılır.
- Şəmkir turniri Vüqar Həşimovun adıyla bağlıdı. Onunla bağlı hər hansı xatirəni danışmağını istərdik...
- Bir qədər fikirləşməliyəm. Vüqarla turnirlərdə tez-tez oynamışıq. Pozitiv insan idi. Bu xəbəri eşidəndə çox pis oldum. Həşimovu yaxşı şahmatçı kimi tanıyırdım. Debüt seçimləri fərqli idi. Onunla şahmatda rahat mübarizə aparmaq mümkün deyildi. Hər an vəziyyəti dəyişə bilərdi. Vüqarın adına belə superturnirin keçirilməsini müsbət amil sayıram. Deməli, Azərbaycan Vüqarı unutmur. Şəmkir turniri onun adına layiq təşkil olunur.