Sizin reklam burada

Samirdən Samirə Avroliqa badalağı

Baxış Sayı:837

Samirdən Samirə Avroliqa badalağı
100. Sumqayıt – Səbail 1:2 (0:2)
1. Fərhad Vəliyev (k) – 4,5
19. Azər Salahlı – 5,0
13. Bəhlul Mustafazadə - 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
2. Rail Məlikov – 5,0
(9. Amil Yunanov, 57) – 5,5
18. Tural Axundov – 5,0
(17. Nicat Qurbanov, 46) – 5,0
77. Elnur Abdullayev – 4,5
(97. Xəyal Nəcəfov, 46) – 5,0
5. Vüqar Bəybalayev – 5,0
7. Cavid Tağıyev – 5,5
11. Ehtiram Şahverdiyev – 6,0
10. Cavid İmamverdiyev – 5,5
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
6. Kamal Mirzəyev
25. Süleyman Əhmədov
70. Ülvi İsgəndərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Ehtiram Şahverdiyev

25. Elxan Əhmədov – 5,5
26. Kamal Qurbanov – 5,5
3. Tamazi Tsetsxladze – 6,0
(99. Maudo Jarjue, 72) – 5,5
5. Kərim Diniyev – 6,0
15. Nikoloz Apakidze – 5,5
20. Eltun Yaqublu (k) – 5,0
11. Elman Taqayev – 5,0
29. Yevgeni Koçuk – 5,5
13. Faruk Miya – 6,5
18. Aqşin Qurbanlı – 6,0
(7. Fəhmin Muradbəyli, 84) – qiymətsiz
10. Nurlan Novruzov – 5,5
(17. Vüqar Nadirov, 72) – 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
6. Murad Ağayev
23. Ayron Stati
88. Orxan Qurbanlı
92. Vaxıt Orazsaxedov
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Faruk Miya
Qollar: F.Miya, 31 (0:1). A.Qurbanlı, 39 (0:2, F.Miya). A.Yunanov, 76 (1:2, C.Tağıyev).
Vərəqələr: N.Qurbanov, 70 (hakim qərarına etiraz) . Y.Koçuk, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev (hamısı Bakı).
Hakim inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
29 aprel. Sumqayıt. Kapital Bank Arena. 1200 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Cümə günü “Zirə”nin, ertəsi “Neftçi”nin məğlub olması “Sumqayıt”ın Avroliqaya vəsiqəni təmin etmək yolunda işini xeyli asanlaşdırmışdı. Mövsümün sürpriz komandasının rəqibi debütant, başqa cür desək, cari mövsümdə iki dəfə məğlub edib, bir dəfə bərabərə qaldığı “Səbail” idi. Qış fasiləsindən sonra əldə etdiyi nəticələrlə futbol ictimaiyyətinin diqqətini özünə çəkən “kimyaçılar”ın “dənizçilər”lə matçda, həm də doğma meydanında məğlub olacağı heç kimin ağlına gəlmirdi. Hətta görüşün heç-heçə başa çatacağı da söhbət mövzusu deyildi. Samirlərin – Abasovla Əliyevin duelindən kimin qalib ayrılacağı səbirsizliklə gözlənilirdi. Yekunda üzü gülən ikinci oldu. Əliyev yekundakı qələbəylə Avroliqaya vəsiqəni iddia edən adaşına badalaq vurmuş oldu. Bəlkə də bu badalaq sonda həlledici olacaq.
Abasovun start heyətində yer vermədiyi Amil Yunanovun yoxluğunda hücumun sivri ucunda İmamverdiyev yer almışdı ki, oyuna fırtına kimi başlayan meydan sahiblərinin hücumlarını Cavid qururdu. Yəni həm forvard, həm də pleymeyker funksiyasını icra edirdi. İlk 20-25 dəqiqədə yaşananlar “Sumqayıt”ın asan qələbə qazanacağından xəbər verirdi. Lakin qol imkanlarının sağa-sola xərclənməsi rəqibin istəyinə çatması ilə sonuclandı. 40-cı saniyədə İmamverdiyevin tablodakı rəqəmləri dəyişməsinə son anda Kərim imkan vermədi. 7-ci dəqiqədə Azər şansı boşa verdisə, 10 dəqiqə sonra İmamverdiyev fərdi ustalığı sayəsində rəqib müdafiəçiləri bir-birinə qatıb, sonda Elxanda “ilişdi”. 25-ci dəqiqədə hücuma qoşulan Bəhlulun əlverişli vəziyyətdən toplu başla qapının yanından vurmasından bir neçə dəqiqə sonra stadiona sakitlik çökdü. “Səbail”in ən fəal oyunçusu Miya cərimə meydançası xaricindən dəqiq zərbəylə hesabı açdı ki, buraxılan qolda Fərhadın səhvi də az deyildi. Hesabda geri düşəndən sonra hücumlara ara verməyən meydan sahibləri hissənin sonlarına yaxın növbəti şoku yaşadı. Miya bu dəfə assistant rolunu bacarıqla ifa edib, Aqşinin fərqlənməsinə şərait yaratdı.
İlk hissənin nəticəsi Samir Abasovu razı sala bilməzdi. Odu ki, “kimyaçılar”ın baş məşqçisi həm oyunçu, həm də taktiki dəyişikliyə əl atıb, iki futbolçunu əvəzlədi. Və bu əvəzetmələr sözünü dedi. “Səbail” ilk 45 dəqiqədə az-çox varlığını göstərməyi bacarırdısa, fasilədən sonra meydanda bir komanda vardı – “Sumqayıt”. Ardıcıl cinah həmlələri, qapı qarşısına edilən saysız ötürmələr və yenə boşa verilən qol imkanları. 52-ci dəqiqədə Ehtiram, 3 dəqiqə sonra İmamverdiyev fürsətlərdən yararlana bilmədi. Bütün riskləri göz önünə alan Abasov 57-ci dəqiqədə müdafiəçini hücumçu ilə əvəzlədi ki, baş məşqçinin qərarı ya mənfi, ya da müsbət nəticə verəcəkdi. Bəli, Amil qol vurdu. Tağıyevin ötürməsindən sonra rəqib qapısının torunu silkələyən Yunanov həm uzun fasilədən sonra fərqlənməyi bacardı, həm də qolların sayını 9-a çatdırdı.Yeri gəlmişkən, meydan sahiblərinin vurduğu qol zamanı Vüqar Bəybalayevin Mahmud Qurbanovsayağı ötürməsi də kifayət qədər baxımlı alındı. Oyunun son 5-7 dəqiqəsində “Sumqayıt” rəqibini topla “döyürdü”. Lakin top qapıya daxil olmaq istəmirdi ki istəmirdi. Hətta epizodların birində Fərhadın rəqibin cərimə meydançasına qaçması da komandasına fayda gətirmədi.
Sonuncu dəfə fevralın 24-də, dəqiq desək, 17-ci turda “Qəbələ”ni məğlub edən “Səbail” ardıcıl 7 oyunluq qələbəsizlik seriyasına son qoymağı bacardısa, sumqayıtlılar ardıcıl ikinci turda, həm də doğma meydanında məğlubiyyət acısı yaşadı. “Sumqayıt” “Neftçi”ylə 2 xallıq fərqi 5-ə yüksəltmək şansını əldən buraxmaqla premyer-liqanın son 3 turunun ölüm-qalım savaşına çevrilməsinə şərait yaratmış oldu.
HƏBİB

Reaksiyalar
Samir Abasov:“Əsas rəqiblərimizin məğlubiyyətindən sonra işimizi asanlaşdırmaq istəyirdik. Təəssüf ki, alınmadı. Oyuna yaxşı başladıq, saysız qol imkanlarımız oldu. Son nöqtəni qoya bilməməyimizin nəticəsi yenilgi oldu. Görünür, son turlara qədər əziyyət çəkməli olacağıq. Taleyimiz öz əlimizdədi. Nə bacarırıqsa, edəcəyik. Hamı qələbə üçün əziyyət çəkirdi. Ona görə də kimisə günahlandıra bilmərəm. Düşünmürəm ki, “Zirə”ylə “Neftçi”nin uduzması uşaqları arxayınlaşdırmışdı. Belə olsaydı, çoxsaylı qol vəziyyətləri əldə etməzdik. Sadəcə, qol buraxandan sonra komandada bir az təlaş oldu, tələsirdilər. Qalib gəlsəydik, Avroliqaya vəsiqəni böyük ölçüdə təmin edəcəkdik. Rəqib qalib gəlibsə, deməli, qələbəyə layiqdilər. Onların qələbəsini aşağılaya bilmərəm. Amma oyun planında qələbəyə biz daha yaxın idik. Bu gün heç-heçəyə də heyfsilənəcəkdim. Çünki yeganə məqsədimiz 3 xal qazanmaq idi. İstənilən halda, “Səbail”i təbrik edirəm. Qalib gəlmək üçün hər şey etdilər. O ki qaldı start heyətindəki dəyişikliklərə, Xəyalın zədəsi var idi, indi-indi düzəlir. Hələ tam sağalmayıb. Elnurun oyunu alınmadı deyə, məcburən Xəyalı buraxdım. İlk hissədə imkanları dəyərləndirsəydik, indi Amilin ehtiyatda qalması ilə bağlı sual verməyəcəkdiz. Bu oyun yenidən təkrarlansa, hətta 5 dəfə oynasaq, yenə Amili oynatmaram. Çünki bu görüşə görə düşündüyümüz taktiki planlar var idi. “Səbail” hesabı açana qədər 3-4 real fürsəti boşa verdik. Deməli, problem Yunanovun yoxluğunda deyildi. İlk qolda Fərhadın səhvi? Uzaqda idim, dəqiq söz deyə bilmərəm. Təkrara baxandan sonra düşünərik. Bu gün komandada qorxulu heç nə yoxdu. Sadəcə, imkanlardan maksimum yararlana biləcək hücumçuya ehtiyacımız var. Amma artıq gecdi, istənilən halda mövsümün sonunu gözləməliyik. Cavid İmamverdiyevin fikri hardadı? Onu mən bilə bilmərəm. Hətta fikri hardasa olsa belə, bunu açıb deməz. Amma belə olduğunu düşünmürəm. Cavid “Sumqayıt” üçün canını verir. Sadəcə, alınmayanda alınmır”
Samir Əliyev: “7 oyun idi qalib gələ bilmirdik. Odu ki, “Sumqayıt” kimi, bu qələbə bizə də çox vacib idi. İki fərqli hissə izlədik. Birinci 45 dəqiqədə yaxşı oynadıq. Fasilədən sonra rəqibin böyük qüvvə ilə irəli atıldığını görüb müdafiəyə çəkildik. Əsas məqsəd qələbəni əldən verməmək idi ki, bunu da bacardıq. Uşaqlar istəklə, əzmkarlıqla 3 xalı haqq etdilər. Baxmayaraq ki, “Sumqayıt”ın yetərincə qol imkanları var idi. Debütant olmağımıza baxmayaraq, hər oyuna qələbə arzusu ilə çıxırıq. Heç vaxt futbolçulara “gedək, heç-heçə oynayaq” demirəm. Bu gün əsas məqsəd uduzmamaq idi. Qələbə istəyimiz olmasaydı, bunu bacarmazdıq. Hətta oyunun sonlarında hesab arasındakı fərqi artıra da bilərdik. “Sumqayıt”ın oturuşmuş heyəti var və buna uyğun da baxımlı futbol oynayırlar. “Səbail”in də o cür oyun göstərməsi üçün vaxt lazımdı. Bu gün əsas heyətdə yer alanların yarısı - Nikolaz, Kərim, Faruk, Yevgeni, Aqşin – komandaya qış fasiləsində qoşulub. Cəmi 3-4 aydı bizimlə birlikdədilər... Növbəti mövsümdə büdcə ilə bağlı işlərin necə qurulacağını indidən deyə bilmərəm. Çünki bu haqda rəhbərliklə söhbətimiz olmayıb. Mən özüm də birdən-birə böyük pulların xərclənməsinin tərəfdarı deyiləm. Pillə-pillə irəliləməliyik. Büdcə artsın, bahalı futbolçular gətir, bu o demək deyil ki, komanda əla oyun sərgiləyib, sonda yaxşı yer tutacaq”.
Bəxtiyar Həsənalızadə: “Nəticənin ədalətli olduğunu düşünmürəm. “Səbail”in ilk hissədə 2-3 imkanı oldu, ikisini qola çevirdilər. Lakin biz oyun ərzində yaxaladığımız 6-7 real imkandan yalnız birində fərqlənə bildik. Fürsətləri dəyərləndirə bilsəydik, yekun nəticə fərqli olacaqdı. Komandada qətiyyən arxayınlıq yox idi. Bu gün məqsədimiz qalib gəlmək idi. Bunun üçün də hər şey edirdik. Sadəcə, dediyim kimi, lazım olan qolları vura bilmədik. Əsas problem bu idi. Qarşıda bizi “Kəpəz”lə çətin səfər matçı gözləyir. Əlimizə yaxşı fürsət düşüb. Qələbələrin davamnı gətirib, Avroliqaya vəsiqə qazanacağmıza inanıram”.

Gözdən qaçmadı
* İlk dəqiqələrdən ayaq üstə görməyə alışdığımız Samir Abasov bu dəfə hər iki hissənin əvvəlini oturaraq izlədi. “Sumqayıt”ın çalışdırıcısı oyundan əvvəl rahat idisə, fasilədən sonra “donması” 0:2-nin şokunun nəticəsiydi.
* Futbolçular meydana 19.03-də ayaq basdılar ki, oyun 6 dəqiqə gecikməylə - 19.06-da başladı.
* “Qarabağ”la oyunda ayaq barmağı sınan və bu üzdən qarşıdakı iki həftə ərzində meydana çıxa bilməyəcək Rəşad Eyyubov oyunu mərkəzi sektorda, sıravi azarkeşlərlə yanaşı izləyirdi.
* Rail Məlikov 57-ci dəqiqədə əvəzlənəndə ehtiyat oyunçular skamyasına tərəf yox, birbaşa paltardəyişmə otağına yollandı. O bunu Samir Abasovdan icazə alaraq etdi.
* 87-ci dəqiqədə azarkeşlər meydana plasmas su qabı atdı ki, Ehtiram Şahverdiyev klubun cəzalanmaması üçün yad əşyanı meydandan kənara atdı. Yaxınlıqda olan AFFA nümayəndəsi Ramiz Abdullayev isə sanki fürsət gözləyirmiş kimi dərhal qabı götürüb, bu haqda dəftərçəsində qeyd apardı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR