“Neftçi” rəhbərliyinin Tərlan Əhmədovla əməkdaşlıqda maraqlı olmadığı gün kimi aydındı. Son vaxtlar verilən açıqlamalar və işlərin axarı bundan xəbər verir. Çempionatın başa çatmasına aşağı-yuxarı bir ay qalmasına baxmayaraq, komandanın nəticələrini xeyli yaxşılaşdıran mütəxəssislə yeni müqavilənin şərtlərinin müzakirə olunmamasının arxasında məhz bu fakt durur.
Ötən sayımızda məsələ ilə bağlı ətraflı məlumat vermiş, növbəti mümkün baş məşqçinin adını diqqətinizə çatdırmışdıq. Rəhbərlik hazırda iki variant üzərində baş sındırır ki, biri Samir Abasovdu, digəri Şahin Diniyev. Abasov hazırda “Sumqayıt”ım “sükanı arxasındadı”, üstəlik, daha rahat işləməsi üçün “Zirə”ni çalışdırmaq ehtimalı da var. İşsız Diniyev isə böyük məmnuniyyətlə “Neftçi”nin “yükünü daşımağa” razı olar. Üstəgəl, idman direktoru Ceyhun Sultanovla olan xoş və yaxın münasibətlərini də unutmamalıyıq.
Məlum məsələ ilə bağlı “Neftçi”nin mövqeyini öyrənməyi lazım bilmədik. Onsuz da klubdan cəlbedici açıqlama ala bilməyəcəkdik. Tərlan Əhmədovun müqaviləsinin müddətinin mövsümün sonunda başa çatacağını diqqətə çatdırıb, çempionatın davam etməsinə görə bu haqda düşünmədiklərini deyəcəkdilər. Odu ki, söhbətdə adı hallanan Şahin Diniyevi aradıq. Təcrübəli mütəxəssis “daş atıb, başını tutdu” ki, bəs heç nədən xəbərim yoxdu: “Sizə bu məlumatı kim verib, hardan eşitmisiz, bilmirəm. Amma mənim heç nədən xəbərim yoxdu. Nə əlaqə saxlayan olub, nə söz deyən”.
Onsuz da bu səpikdə açıqlama eşidəcəyimizi bilirdik. Amma hər ehtimala qarşı yenə də zəng vurduq. Şahin bəy xəbərsiz olduğunu desin, biz isə xəbər verməkdə. Görək sonda kimin yazdığı, kimin dediyi doğru olacaq.
HƏBİB