Sizin reklam burada

“Görünür, qismətimə çempion olmaq yazılmayıb”

Title
“Görünür, qismətimə çempion olmaq yazılmayıb”
Vaqif Sadıqov 1995/96 mövsümünü yada saldı
“Qarabağ”ı ardıcıl 5-ci dəfə çempionluğa daşıyan Qurban Qurbanov Ağasəlim Mircavadovun uzun illər toxunulmaz qalan rekorduna şərik çıxdı. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən təcrübəli mütəxəssis Qurban bəyə görə sevindiyin, liderliyi əldən verdiyi üçün üzülmədiyini söyləmişdi. Hər bir futbolçu kimi, heç şübhəsiz ki, məşqçilər də çempion olmağı, çalışdırdığı komanda ilə tiltul qazanmağı və bununla da tarixə düşməyi arzulayır. Ancaq bu xoşbəxtlik heç də hamıya nəsib olmur. Hazırda Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqov da bir neçə dəfə buna yaxın olub. Amma Azərbaycanda müxtəlif klubların “sükanı arxasında” olan, məşqçi kimi Rusiya və İranda işləyən Sadıqov heç vaxt “qızıl” qazanmayıb.
1995/96 mövsümündə “Neftçi”ni çalışdıran Vaqif bəy çempionluğun bir addımlığında olarkən, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə münasibətlər korlandığından istefaya göndərilib və yerinə Kazbek Tuayev dəvət olunub. Və belə də “ağ-qaralar”ın çempionluğu Tuayevin adına yazılıb. Sadıqovun isə məşqçi kimi ən böyük uğuru bir il öncə, 1994/95 mövsümündə “Neftçi” ilə qazandığı ölkə kuboku və superkubok olub.
Vaqif bəylə əlaqə saxlayıb 12 il əvvəl yaşananları yada salmağa çalışdıq: “Doğrudan da həmin mövsüm “Neftçi” mənim rəhbərliyim altında çempionluğa çox yaxınlaşmışdı. 15 turdan sonra məğlub olmayan komanda 33 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşmışdı. Bundan başqa, ölkə kubokunda da 3 mərhələ adlamağı bacarmışdıq. Ancaq görünür, komandanın mənim rəhbərliyim altında belə uğurlu çıxışı kimlərinsə ürəyincə deyildi və bu üzdən postumdan uzaqlaşdırıldım. Yaşananlara görə kimisə qınamaq, kimlərisə ittiham etmək fikrim yoxdu. Yəqin ki, zəiflik ya məndə olub, ya da klub rəhbərliyində ki, baş məşqçisinin arxasında durmağı bacarmayıb”.
Vaqif bəy bizimlə söhbətdə məşqçi karyerasında bir neçə dəfə belə halla üzləşdiyini deməyi də unutmadı: “Məşqçi işlədiyim dönəmdə bir neçə dəfə haqsızlıqlarla üzləşmişəm. Hər dəfə kimsə və ya nəsə mənə bu sevinci yaşamağa imkan verməyib. Çalışdırdığım komanda “qızıl”a çox yaxın olarkən, məlum hadisələrə görə çempionat yarımçıq dayandırıldı. Görünür, qismətimə çempion olmaq yazılmayıb”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.