“Çempion kimi mübarizə aparmalı, çempionata hörmət etməliyik”
“Qarabağ”ın təcrübəli müdafiəçisi Ansi Aqolli “Zirə” ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablayıb. Ağdam təmsilçisiylə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq albaniyalı futbolçu qalmaq istədiyini bir daha söyləyib.
- Öncə qarşılaşma ilə bağlı fikirlərini bildirərdin...
- “Zirə”yə qarşı oynamaq həmişə çətindi. Bu dəfə də istisna olmadı. Biz çempion kimi mübarizə aparmalı, çempionata hörmət etməliyik. Bu üzdən də bütün oyunlara qələbə üçün çıxacağıq.
- Qarşılaşmadan öncə “Qarabağ”ın “Zirə”yə xal verəcəyi haqda söz-söhbət gəzirdi.
- Peşəkar futbolçularıq, söz-söhbətlərə qulaq asmırıq. İşimiz futbol oynamaqdı. Bu gün də meydana çıxıb işimizi gördük və qələbə qazandıq.
- “Qarabağ”da mümkün qədər çox qalmaq istədiyini bildirmisən. Yeni müqavilə ilə bağlı danışıq olub?
- Mətbuata nə demişəmsə, vəziyyət o yerdədi. Mənim arzum “Qarabağ”da qalmaqdı. Amma hər şey baş məşqçinin qərarından asılıdı.