Şalland: “Millətlər Liqasından AÇ-yə yollanacaq potensialımız var”
Yığmanın Millətlər Liqasındakı rəqiblərindən olan Kosovonun baş məşqçisi Bernar Şalland FİFA-nın rəsmi saytına danışıb. O, Kosovo futbolunun böyük gələcək vəd etdiyini dilə gətirib. İsveçrəli mütəxəssis mayın 29-da Albaniya ilə keçiriləcək yoldaşlıq görüşü üçün Kosovoya yollanacağını deyib: “FİFA reytinqində 152-ci pillədəki mövqeyimiz arzulanan yer deyil. Komandamızın daha çox iş görmək potensialı var. Millətlər Liqası reytinqdə də irəliləməyimizə kömək ola bilər. İndi Kosovoya gedirəm. Orda bir neçə oyuna baxacam. 22-23 yaşlı futbolçulardan qurulmuş kollektivimiz var. Bu, gələcəkdə daha böyük işlər görməyimizə ümid verir. Bundan başqa, uğurlu gələcək vəd edən aşağı yaş qrupları üzrə komandalarımız var. U-21 millimiz Almaniyanın yer aldığı qrupda ikinci yer uğrunda mübarizə aparır. U-19 yığmamız elit mərhələdə çıxış etdi. Bütün bunlar Kosovonun istedadlı oyunçularının olduğunu göstərir”.
Şalland sentyabrda start götürəcək Millətlər Liqası ilə bağlı fikirlərini də bildirib. Azərbaycan, Farer adaları və Malta ilə eyni qrupda yer alan Kosovonun hədəfi D liqasının qalibi olmaqdı: “Biz Avropa çempionatı xəyalımızı gizlətməməliyik və bundan imtina edə bilmərik. Əlbəttə, dünya və ya Avropa çempionatında iştirak etmək əla olardı. Ancaq önümüzdə hələ uzun yol var. Düzdü, futbolda çox zamanın olmur. Ancaq indi buna ehtiyacımız var. Hər kəs bizdən böyük uğur gözləyir. Amma bir az səbrli olmaq lazımdı. Kosovo futbolu ehtirasla yaşayır və insanlar bu idman növünə böyük maraq göstərir. Hər kəs oyunlarımızı izləyir, komandanı diqqətdə saxlayır. Bilirik ki, Millətlər Liqasından Avropa çempionatına yollanacaq potensialımız var. Keyfiyyətli, sakit və sürətlə böyümək istəyirik. Ancaq bunun bir gecədə gerçəkləşməyəcəyini də başa düşmək lazımdı”.
Onu da qeyd edək ki, Kosovo Millətlər Liqasında ilk oyununu yığmamıza qarşı keçirəcək. Bu görüş sentyabrın 7-də Bakıda baş tutacaq.