“Azərbaycanla qarşılaşmaya ilk ev matçı kimi baxmıram”
Bildiyiniz kimi, yığma iyunun 5-də Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Yerli mətbuata müsahibə verən rəqibin baş məşqçisi Stanimir Stoilov Astanada keçiriləcək həmin oyunla bağlı bəzi məqamlara toxunub: “İstənilən yerdə uğur qazanmaq üçün zamana ehtiyac olur. Vəziyyəti düzgün qiymətləndirmək, oyunçuları təhlil etmək və doğru taktikanı seçmək vacibdi. Ümid edirəm ki, Yuri Loqvinenko qaydasında olar və Azərbaycanla matçda yenidən yığmaya dəvət alar. O, çox təcrübəli və yüksək səviyyəli futbolçudu. Klubunda istədiyi formada olsa, mütləq yığmaya çağıracam. Ümumiyyətlə, Azərbaycanla oyuna hələ bir aydan çox vaxt var. Bu müddətdə çempionat oyunlarını müntəzəm izləyib, qeydlərimi götürəcəm. Özünü yaxşı tərəfdən göstərən olsa, 1-2 gənc futbolçu çağırıb, oynatmaq istəyərəm. Müsbət nəticə dərhal ola da bilər, olmaya da. Heç kim zəmanət verə bilməz ki, Azərbaycanla oyunda qələbə qazanacağıq. Həmin görüşdə fəal çıxış etməli və aqressiv şəkildə oyunumuza yeni şeylər qatmalıyıq. Taktiki gedişlər axtarırıq. Azərbaycanla qarşılaşma Qazaxıstan yığmasının “sükanı arxasında” ilk ev matçım olacaq. Ancaq həmin qarşılaşmada nəticə düşünəcəyim son şeydi. Hər şeyi doğru etsək, qələbə özü gələcək. Yaxşı oynasaq, düzgün taktika qursaq, istənilən nəticə də əldə olunacaq. Artıq neçə ildi Qazaxıstandayam, bura mənim evimdi. Bu üzdən Azərbaycanla oyuna ilk ev matçı kimi baxmıram”.