
“Beerbaşa” sona qədər gedəcək
Kənan Əliyev: “İnanırıq ki, həqiqət öz yerini tapacaq”
Ötən sayımızda “Beerbaşa”nın Bakı Futbol Liqasının (BFL) keçirdiyi yarışda qayda pozuntularının olması ilə bağlı bəyanat yaydığını xəbər vermişdik. Adı çəkilən komanda “İdman Azərbaycan”ın çempionluğunun düzgün olmadığını iddia edir. Əsas narazılıq doğuran məqamlardan biri idman telekanalının heyətində çıxış edən Əli Abışovun “lipa” sayılmasıdı. Məsələylə bağlı BFL-in direktoru Natiq Əlixanovla da danışmışdıq. O, “Beerbaşa”nın narazılığını qəbul etməmiş, yanvarda hər iki tərəfin iştirakı ilə Abışovla bağlı müzakirə aparıldığını, lakin onun çıxdığı oyunlarda xalların silinməsi fikrinin qəbul edilmədiyini, “Beerbaşa”nın da bununla razılaşdığını demişdi. Onu da qeyd edək ki, bu yarışın qalibi Moskvada keçiriləcək turnirdə iştirak edəcək.
Dünən isə “Beerbaşa”nın da mövqeyini öyrənmək qərarına gəldik. Komandanın meneceri Kənan Əliyev bunları dedi: “Konkret olaraq bizi qanuni çempionluqdan məhrum etdilər. Ən böyük narazılğımız budu. Reqlamentə əsasən biz çempion olmalıydıq. Bundan başqa, son turlar qarışıq şəkildə keçirilib. Kim nə vaxt istəyibsə, oyuna gəlib, oyununu istədiyi vaxta salıb, qrafik pozulub. Qovulmuş hakimlər oyun idarə edirdi, nəticədə də son qarşılaşma keçirilməmiş çempionu elan etdilər. Əli Abışovla bağlı görüş olmayıb, sadəcə, dəfələrlə həm “İdman Azərbaycan”, həm də təşkilatçılar bizdən xahiş ediblər. Çünki o 5-6 oyun oynayandan sonra başa düşdülər ki, səhvə yol veriblər və bizdən o səhvdən istifadə olunmaması xahiş edildi. Amma dedik ki, bizim haqqımızdı. Heç bir razılıq verməmişdik. Sadəcə, mövsümün axarında gördük ki, “İdman Azərbaycan” heç nədən bizimlə oyunu təxirə salır. Həm “İdman Azərbaycan”da, həm də bizə qarşı mübarizə aparan, xal itirdiyimiz oyunlarda qarşılaşdığımız rəqiblərin heyətində reqlamentə uyğun olmayan futbolçuların oynadığını bildik. Ancaq sübut edə bilmədiyimiz üçün sona 1 tur qalmış Əli Abışovla bağlı müraciət etdik. Onunla bağlı sübutlar da var. Və ən nəhayət, son turda “İdman Azərbaycan”la qarşılaşmalıydıq. Bizim 63, onların 66 xalı var idi və həmin qarşılaşmadan öncə bizə dedilər ki, gəlsəz də, gəlməsəz də, çempion məlumdu. Bu da reqlament pozuntusudu. Halbuki birinci gündən yarışın Moskvada keçiriləcək turnirin reqlamentinə uyğun olacağını düşünmüşdük. Ancaq olmadı, ya da son gündə dəyişdirildi. Lakin buna sübutumuz yoxdu. Moskvadakı yarışın reqlamenti beləydi ki, iki komandanın xalı eyni olanda öz aralarındakı oyun əsas götürülür. Bu yarış da 3 dövrədən ibarət idi. İlk dövrədə 3:4 uduzduqsa, 2-ci dövrədə 2:1 qalib gəldik. Qalmışdı 3-cü dövrə. Lakin bizə dedilər ki, gəlsəz də, heç nə dəyişməyəcək. Xallar eyni olsa belə, qələbə sayının əsas götürüləcəyi bildirildi. Əvvəldən reqlamentin Moskvadakı yarışa uyğun olacağını düşünsək də, sonradan başqa şey gördük. Ola bilər, bizim səhvimizdi, amma qaydalar Moskvada baş tutacaq yarışın reqlamentinə uyğun olmalıydı. Artıq bir neçə gündü ki, çempionluğumuzu tələb etməyə başlamışıq. Və axıra qədər də gedəcəyik. Söhbət medallardan yox, idman prinsiplərindən gedir. İnanırıq ki, həqiqət öz yerini tapacaq”.
FARİZ