“Neftçi” bəyanat yaydı
Bir müddət əvvəl Portuqaliyaya səfər edərək, sequndada “Nasyonal” – “Santa Klara” matçını izləyən “Neftçi”nin idman direktoru Ceyhun Sultanov növbəti dəfə Avropa turnesinə çıxıb.
Əslində bu haqda klub prezidenti Kamran Quliyev bazar günü keçirilən “Neftçi” – “Qəbələ” oyunundan sonra jurnalistlərlə ayaqüstü söhbətdə məlumat vermişdi. Sultanov “feysbuk” səhifəsində səfərdə olması haqda siqnal verib. Belə ki, Ceyhun bəy şənbə günü səhər saatlarında Kiyevdə olduğunu işarələmişdi. Bazar günü günorta saatlarında isə Afinadakı Olimpiya stadionunda olduğuna dair bilgi yerləşdirdi.
Qısa araşdırma apardıq və məlum oldu ki, aprelin 22-də Afinadakı Olimpiya stadionunda AEK-lə “Levadiakos” qarşılaşıb. Birincilər artıq Yunanıstan çempionluğunu rəsmiləşdirib ki, AEK-in hansısa futbolçusunun “Neftçi”də oynaması, sadəcə, mümkünsüzdü. Yəni hətta çempiona lazım olmayan futbolçuya da bizimkilərin maaş vermək imkanı yoxdu. Ceyhun Sultanov həqiqətən də bu oyunu izləyibsə, heç şübhəsiz, gözü “Levadiakos”da olub. Həmin komanda ki, orda azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan iki futbolçu oynayır. Biri sabiq “Qarabağ”lı Çumbinyodusa, digəri “İnter”lə “Qəbələ”nin formasını geymiş İbrahima Niassedi. Çumbinyonun “Neftçi”də peyda olması çətin görünür. Əvvəla, 32 yaşı var. Digər tərəfdən, uzun illər top qovduğu və həyat yoldaşının anadan olduğu Yunanıstanda özünü rahat hiss edir. Gözlər Niasseyə dikilir. O Niasse ki, 2014-cü ildə “Qəbələ”dən ayrılandan sonra 4 fərqli ölkədə, 4 fərqli komandada çıxış edib. Üstəlik, vaxtilə İbrahimanı Azərbaycana gətirmiş azərbaycanlı agent Vaqif Heydərli Ceyhun Sultanovla yaxşı münasibətə malikdi.
Bu, sadəcə, araşdırma və mövzu ətrafında ehtimaldı. Təbii, Sultanov həqiqətən də Yunanıstana səfər edib və məhz bu oyunu izləyibsə.
Yeri gəlmişkən, dünən “Neftçi”nin rəsmi saytında bəyanat yerləşdirildi. Bəyanatda məhz klubun transfer siyasəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirilir: “Son vaxtlar kütləvi informasiya vasitələrində "Neftçi”nin transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların "Neftçi” ilə anlaşdığı haqda dezinformasiyalar yayır. "Neftçi” yalnız transfer yox, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.
Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.
HƏBİB