“Sumqayıt”ın əsas himayədarı olan “Azərikimya”nın Müşahidə Şurasının sədri, eyni zamanda klubun Müşahidə Şurasının üzvü Muxtar Babayev ölkə başçısının sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunub. Muxtar bəyin yeni vəzifəyə təyin olunması ortaya sual çıxarıb. O bundan sonra da “kimyaçılar”ın Müşahidə Şurasında təmsil olunacaq, yoxsa paytaxta köçən yeni nazir “ağ-göylər”lə vidalaşacaq?
Bu suala aydınlıq gətirmək üçün “gənclik şəhəri”nin mətbuat katibi Rəşad Məmmədovla əlaqə yaratdıq. Məmmədov hələ ki bu yöndə yeniliyin olmadığını bildirdi: “Böyük ehtimalla, mövsümün sonuna kimi Muxtar Babayev klubun Müşahidə Şurasında yer alacaq. Gələcəkdə necə olacağını isə zaman göstərəcək”.
Yeri gəlmişkən, onu da bildirək ki, “Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən “Sumqayıt”ın əsas sponsorudu. “Kimyaçılar”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena” da həmin idarənin balansındadı.
RƏŞAD