Emin Abbasov: “Bizi indi ən çox qayğılandıran Lisenziyalaşdırma Komissiyasının verəcəyi qərardı”
Mövsüm finişə yaxınlaşdıqca istər premyer-liqada, istərsə də birinci divizionda həyəcan son həddə çatır. Elitada çempion bəlli olsa da, mükafatçıların, bu yay ölkəmizi Avropa Liqasında təmsil edəcək klubların adları hələ tam dəqiqləşməyib. 4 xoşbəxtdən birinin “Qəbələ” olacağı məlumdu. Ancaq digər iki komandanın kimliyinə son 4 tur aydınlıq gətirəcək. Aşağı dəstədə də qeyri-müəyyənlikdi. Birinci divizion təmsilçiləri fərqli məqsəd, daha dəqiq desək, elitaya yüksəlmək uğrunda mübarizə aparsalar da, hələ ki hansı komandanın istəyinə nail olacağı məlum deyil. Premyer-liqadan fərqli, aşağı dəstədə qarşıya qoyulan məqsədə çatmaq üçün üçün idman prinsipləri ilə yanaşı, Lisenziyalaşdırma Komissiyasının verəcəyi qərardan da çox şey asılıdı. Artıq neçə illərdi ki, divizion təmsilçiləri tələb olunan şərtləri yerinə yetirə bilmədiklərinə görə aşağıdan yuxarı çıxan komanda olmayıb. Ancaq deyəsən, 2017/18 mövsümü bu yöndə istisna olacaq. Kuluarlarda bir neçə komandanın bu il elitaya yüksələcəyi ilə bağlı söz-söhbət dolaşır ki, onlardan biri də “Xəzər”di. Birinci divizionda cari mövsümdə debüt edən paytaxt təmsilçisinin rəhbərliyi əlindən gələni edir ki, komanda növbəti mövsümdə premyer-liqada çıxış etsin. Hətta deyilənə görə, klub rəsmiləri “Xəzər”in bölgəyə köçməsinə də razıdı. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Xəzər”in icraçı direktoru Emin Abbasovla söhbətləşməyi lazım bildik.
- Son günlər “Xəzər”in bölgələrdən birinə köç edəcəyi ilə bağlı söhbətlər dolaşır. Quba, Lənkəran, Mingəçevir variantlarından hansına üstünlük verəcəksiz?
- Əvvəlcə onu bildirim ki, hər şey komandanın elitada çıxış edib-etməyəcəyindən asılıdı. Bu ideyanın təşəbbüskarı mən olmuşam. Klub sahibi ilə görüşdə gələcək üçün komandanın bölgələrdən birini təmsil etmək perspektivindən danışdıq. Futbolumuzun coğrafiyasını genişləndirməyin vacibliyini, paytaxtda klubların sayının çox olduğunu, azarkeşlərin stadiona gəlmədiyini qeyd edib, ən optimal variant kimi futbol ənənəsi olan bölgələrdən birini təmsil etməyimizi təklif etdim. Rəhbərlik də sağ olsun, təklifə isti yanaşdı və bu yöndə işlərin görülməsini tapşırdı. Mətbuatda Lənkəranı təmsil edəcəyimiz, hətta tərəflər arasında görüşün olduğu xəbəri yayılıb. Bu səhv məlumatdı. Lənkərana köçmək variantı heç vaxt gündəmdə olmayıb və heç bir görüş də keçirilməyib. İlkin variant kimi Qubanı nəzərdə tutmuşuq. Biz istəyirik ki, “Xəzər” hansısa klubun davamçısı yox, tam yeni komanda kimi həmin bölgəni təmsil etsin. Yəni, hər şeyə sıfırdan başlamaq fikrimiz var.
- Niyə məhz Quba?
- Yenə deyirəm, bu məsələ hələ tam dəqiqləşməyib. Ancaq müəyyən nüansları nəzərə alıb, ilkin varant kimi oranı nəzərdə tutmuşuq. Bölgədə klub yaratmaq heç də asan məsələ deyil. İnfrastrukturla yanaşı, başqa məqamlara da diqqət yetirmək lazımdı. Məsələn, uşaq futboluna. Quba bu gün şimal zonasının mərkəzidi. Ətraf rayonların uşaq komandaları da çempionat oyunlarını məhz orda keçirir. Bu isə bizim işimizə müsbət yöndə təsir göstərə bilər. Xaçmaz, Qusar, Siyəzən, Şabran və Qubanın öz uşaqlarının arasından seçim edib, müxtəlif yaş qruplarımızı formalaşdıra bilərik. Həmçinin Qubada və şimal zonasının başqa rayonlarında hələ SSRİ vaxtından futbola böyük maraq olub, müstəqillik illərində bu zonanın komandaları milli çempionatlarda çıxış edib. Məncə, azarkeş baxımından problemlə üzləşmərik.
- Klubun taleyi ilə bağlı son qərar nə vaxt veriləcək?
- Bizi bu gün ən çox narahat edən məsələ də budu. Vaxt azalır, ancaq qeyri-müəyyənlik davam edir. Addım atmamışdan öncə AFFA rəhbərliyi ilə də müzakirələr aparacağıq. Hər halda, onlar bu sahədə daha məlumatlıdı. Artıq neçə illərdi bu işin içində olduqlarından bizə dəyərli məsləhət verə bilərlər. Yuxarıda qeyd etdiyim kimi, şəhərdə komanda yaratmaq daha asandı, nəinki bölgədə. Həm də bu işdə həmin rayonun İcra Hakimiyyəti və başqa dövlət qurumları da maraqlı olmalıdı. Çünki sabah təşkilati işlərdə onların da köməyinə ehtiyac duyacağıq. Yəqin ki, mayın sonuna kimi gözləməli olacağıq. Gələn ayın 11-də birinci divizionda çempionat başa çatır. Ondan sonra Lisenziyalaşdırma Komissiyasının qərarı açıqlanacaq.
- Premyer-liqa ilə aşağı dəstə arasında səviyyə fərqi yerlə-göy qədərdi. Birinci divizionda cari mövsümdə debüt edən komanda üçün artıq ikinci il elitada çıxış etmək çətin olmayacaq?
- Rəhbərlik hansı işə qol qoyduğunu yaxşı başa düşür. Klubun sponsoru birinci diviziondan əvvəl komanda yaradaraq MFL-də çıxışını təmin edib. Ondan sonra diqqət birinci dəstəyə yönəlib. İndi məqsəd premyer-liqaya yüksəlməkdi. Biz demirik ki, ilk ildəcə iddialılar arasında yer alacağıq. Fikrimiz üç ilə normal, döyüşkən komanda formalaşdırmaq və premyer-liqanın ortabablarından biri olmaqdı. Növbəti mərhələdə isə artıq avrokuboklar barədə düşünmək olar. Bizi indi ən çox qayğılandıran Lisenziyalaşdırma Komissiyasının verəcəyi qərardı. Qərarın tez açıqlanması bizə xeyir verərdi. Çünki növbəti mövsümdə elitada və ya yenidən aşağı dəstədə çıxış edəcəyimizi bəlli olsaydı, işimizi buna uyğun qurardıq. Premyer-liqada çıxış etməli olsaq, heç şübhəsiz, elitaya uyğun heyət formalaşdırmalı, yeni futbolçularla danışıq aparmalı olacağıq. Əks halda yolumuzu indiki futbolçularla davam etdirəcəyik. Onu da qeyd edim ki, onların da müqaviləsinin müddəti mayda bitir. Belə qeyri-müəyyənlik fonunda kimi saxlayıb, kiminlə vidalaşmalı olduğumuzu da bilmirik. Bundan başqa, yayda təşkil olunacaq təlim-məşq toplanışı və oyunlarımızı keçirəcəyimiz stadionda görüləsi işlər və klubdaxili bir çox məsələlər məhz veriləcək qərardan asılıdı.
- “Xəzər”in sabit maliyyə dayaqları var?
- Hazırda komandanın sponsoru “ZZ Qrup”du. Bura bir neçə şirkət daxildi. Və yəqin ki, elitada olacağımız halda qrupa daxil olan şirkətlərdən biri klubun titullu sponsoru olacaq. Maliyyə ilə bağlı çətinliyimiz yoxdu və rəhbərlik bu yöndə komandaya yetərincə dəstək verir. Bu gün futbola yatırım etmək istəyən iş adamlarının, şirkətlərin sayı elə də çox deyil. Ancaq bu insanlar öz pullarını xərcləyirlər.
RƏŞAD