Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 7-ci tur başa çatacaq.
Həmişə olduğu kimi, bu dəfə də “CBC Sport” oyunları canlı yayınlayacaq.
Misli premyer-liqası
1-ci dövrə, 7-ci tur
22 sentyabr
Səbail – Sabah 2:4
Amir Bilali, 4, Rüfət Abdullazadə, 39 - Coy Lens Mikels, 8, İvan Lepiniça, 21, Cesse Sekidika, 26, Pavol Şafronko, 77-p.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 11:+5=2-4, 12:14.
2018/19 – 0:0, 1:0; 2019/20 – 1:3; 2020/21 – 2:1, 2:0; 2021/22 – 0:3, 0:2; 2022/23 – 0:2, 2:1; 2023/24 – 2:2, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, “ASCO Arena”. Saat 18.00.
“Dənizçilər” ilk altı matçda ciddi uğura nail olmayıb. İş o yerə çatıb ki, baş məşqçi Şahin Diniyevin tezliklə vəzifəsindən ayrılacağı haqda xəbərlər dolaşır. Düzdü, bunlar hələ ki söz-söhbət səviyyəsindədi. Lakin növbəti xal itkiləri mütəxəssis üçün problem yarada bilər. Onsuz da Bayıl təmsilçisi tezliklə özünə gəlməlidi. Oyundan-oyuna turnir cədvəlinin aşağı pillələrinə doğru hərəkətlənən kollektiv vəziyyətdən çıxış yolu tapmalıdı. Doğma meydanda qazanılacaq xal və xallar bu baxımdan işə yaraya bilər. Təbii ki, hadisələrin axarı “Səbail”in istədiyi kimi getsə... Səmimi olsaq, bu matçda qonaqların şansı yetərincə böyükdü. Avrokuboklara yollanmaq niyyətində olan “Sabah” xal itkisindən maksimum qorunacaq. Odu ki, komanda səfərdən qələbəylə dönməyə çalışacaq. Qonaqların mümkün uğursuzluğunun turnir cədvəlindəki duruma mənfi təsir edə biləcəyini nəzərə alsaq, matçın gərgin keçəcəyini düşünmək olar.
Bu komandalar indiyə qədər 23 dəfə qarşılaşıb. Bunların 7-də “dənizçilər”, 11-də “bayquşlar” qələbə qazanıb. 5-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “Sabah” öndədi – 33:19.
Sumqayıt – Zirə 0:2
Rafael Utziq, 22-p, 69
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 18:+5=5-8, 10:20.
2015/16 – 0:0, 0:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 2:1, 1:2; 2018/19 – 1:0, 0:1; 2019/20 – 1:2, 2:1; 2020/21 – 2:1, 0:0; 2021/22 – 0:3, 0:1; 2022/23 – 0:2, 0:3; 2023/24 – 0:0, 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.30.
“Sumqayıt” 7-ci pillədə qərarlaşsa da, autsayderlər sırasına enməsi an məsələsidi. Başqa cür desək, “Zirə”yə mümkün məğlubiyyət xaosun davamı olacaq. Məhz bu üzdən “kimyaçılar” özünü qələbə qazanmağa məcbur hiss etməlidi. “Doğma divarlar” arasında döyüşmək lazımdı. Ötən həftə Şamaxıda yaşananlar azarkeşlərin səbrinin tükəndiyini göstərdi. İndi Samir Abasov komandasını həm tərəfdarların könlünü almağa, həm də “laxlayan oturacağını” möhkəmlətməyə kökləməlidi. “Zirə”nin durumu isə daha yaxşıdı. Komanda məlum uğursuzluqlardan sonra qısa müddətdə toparlandı və qaneedici nəticələr qazanmağa başladı. Rəşad Sadıqov “Zirə”ni liderlər qrupuna daşımaq və yenidən Avropaya cığır açmaq üçün çalışır. Belədə səfərdən xal və ya xallar ilə qayıtmaq önəmlidi. Maraqlıdı ki, “qartallar” son 15 qarşılaşmada bu rəqibə uduzmayıb.
Ümumiyyətlə, komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 6-da “Sumqayıt”, 18-də “Zirə” qalib gəlib. 11 matçda isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 44:22.
21 sentyabr
Turan Tovuz – Araz-Naxçıvan 1:2
Ayxan Hüseynov, 48 - Ramon Maçado, 44. Felipe Santos, 55.
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 2:+2=0-0, 5:1.
2023/24 – 3:1, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz, şəhər stadionu. Saat 18.00.
“Turan Tovuz” ötən tur ilk dəfə qapısında qol gördü və 2-ci dəfə xal itirdi. Amma indi Masazır itkisinin psixoloji təzyiqindən xilas olmağın vaxtıdı. Kurban Berdıyev komandasını toparlamağa məcburdu. Turlar geridə qaldıqca Tovuz camiəsinin artan ümidləri və gözləntiləri qarşılanmalı, bütün güc büdrəməmək üçün səfərbər edilməlidi. 7-ci turdakı rəqib bu mənada keçilməz deyil. “Bozqurd” “doğma divarlar” amilinin və ənənəvi azarkeş dəstəyinin sayəsində qələbə qazanmağa qadirdi. Hərçənd “Araz-Naxçıvan” da mövsümə yaxşı başlayıb. Elmar Baxşıyevin komandası təkcə “Qarabağ”a uduzub. Bu oyunla bağlı maraqlı statistika da var. “Qırmızı-ağlar” heç vaxt “Turan Tovuz”dan xal ala bilməyib. Rəqibin yüksəliş dövrünü yaşadığını nəzərə alsaq, indi şans daha azdı. Əlbəttə, qonaqların mümkün qələbəsini istisna etmirik. Sadəcə, rəqəmlər Muxtar Respublika təmsilçisinin uzağı bir xal üçün çox çalışmalı olduğuna işarə edir.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 4 dəfə qarşılaşıb. Topların nisbətində tovuzlular öndədi – 9:1.
KƏNAN BAHADIR