Üç vəsiqəyə 5 iddiaçı
Premyer-liqanın bitməsinə cəmi 4 tur qalıb. Artıq çempion bəllidi. “Qarabağ” ötən tur “Sumqayıt”ı səfərdə məğlub etməklə (1:0) “qızıl”ı rəsmiləşdirdi. Qalan oyunlar Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq. Mütəxəssis, çox güman, qarşıdakı matçlarda heyətlə bağlı rotasiyalara əl atacaq. Qurban bəyin mövsümün ikinci yarısında daha az oynayanlara şans yaradacağı istisna deyil. Bir sözlə, “Qarabağ” ardıcıl 5-ci mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İki komandanın isə Avroliqa şansı qalmayıb. Bunlar “Kəpəz” və “Səbail”di. “Səbail” beynəlxalq arenaya vəsiqə verən yerlərdən birini tutsaydı belə, orda iştirak edə bilməyəcəkdi. Çünki UEFA-nın qaydası belədi ki, klub ən azı 3 il peşəkar liqada çıxış etməlidi. “Kəpəz” isə Avroliqa yox, elitada qalmaq haqda düşünür. Hərçənd Yunis Hüseynovun yetirmələrinin bu tapşırığın öhdəsindən gələcəyi də real görünmür. Hazırda “Səbail”lə arada 7 xallıq məsafə var və qarşıdakı turlarda gəncəlilərin həmin fərqi əridəcəyi çətin görünür. Bir sözlə, çempionatda əsas intriqa nöqtəsi Avroliqa ilə bağlıdı. Hazırda 3 vəsiqəyə 5 namizəd var. Bu baxımdan komandaların şansı müxtəlifdi. Hə, müqayisə apararkən ölkə kubokunu da unutmadıq.
Keşlə
Perspektivləri saf-çürük edərkən “Keşlə”dən başlamağımız boşuna deyil. Çünki bu komandanın yalnız kuboku qazanmaqla Avroliqada iştirak şansı var. Hazırda Yuri Maksimovun komandası premyer-liqada 21 xala malikdi və paytaxt klubu qarşıdakı 4 oyunda maksimum nəticə əldə etsə belə, 4-cü yerə yüksələ bilmir. Çünki hazırda 4-cü pillədə olan “Neftçi”nin 37 xalı var. Elitanı tərk etmək qorxusu da çox azdı. Komanda sıralamada sonuncu olan “Kəpəz”dən 8 xal öndədi. Odu ki, sabiq “bankirlər”in bütün diqqətini kuboku qazanmağa yönəltdiyi birmənalıdı. Elə bu üzdən “Keşlə”nin premyer-liqanın qarşıdakı turlarında kimlərlə qarşılaşacağına, bu rəqiblərlə əvvəlki oyunlarda necə təsir bağışladığına baxmaq mənasızdı. Həmin yanaşmanı digər 4 kluba saxlayaq. Deməli, Maksimovun yetirmələrinin Avroliqa perspektivi kuboku qazanmaq şansı qədərdi. Həlledici matçda isə rəqibin “Qəbələ” olduğunu, matçın məhz Qəbələdə keçiriləcəyini nəzərə alsaq, “Keşlə”nin AL-ə vəsiqə qazanmaq ehtimalını 30 faizlə dəyərləndirmək olar. Ancaq onu da nəzərə alaq ki, bu baş versə, 4-cü yer əhəmiyyətini itirəcək.
Qəbələ
“5-lik”də Avroliqa şansı ən yüksək olan komanda “Qəbələ”di. “Qırmızı-qaralar”ın yayda qitə arenasında çıxış etmək ehtimalı 85 faizdən artıqdı. Yuxarıda qeyd etdiyimiz kimi, Roman Qrqiroçukun yetirmələri kubokun finalındadı. Mövsümü titulla başa vuracağı real görünən bölgə təmsilçisi premyer-liqanın ikincisidi. Düzdü, 3-cü pillə ilə xal fərqi elə də çox deyil. Lakin “qırmızı-qaralar” qalan turlarda 4 oyundan üçünü evdə keçirəcək. “Kəpəz”, “Keşlə” və “Qarabağ”ı “doğma divarlar” arasında qəbul edəcək “Qəbələ” yalnız “Sumqayıt”la səfərdə qarşılaşacaq. Hərçənd “qırmızı-qaralar” ilk dövrədə “Kəpəz”ə evdə məğlub olub (0:2). Ancaq sonrakı iki səfər matçında (6:1, 1:0) qələbə qazanıb ki, bu da Qriqorçukun komandasının şansını artırır. Bölgə təmsilçisi gəncəlilərin ardınca “Keşlə”ni qonaq edəcək. Buna kubok ərəfəsində “böyük məşq” də deyə bilərik. Tərəflər arasında cari mövsüm baş tutan 3 oyunun heç birində “Qəbələ” rəqibinə uduzmayıb. Səfərdə keçirdiyi görüşlərdə 4 xal toplayan (2:1, 1:1) “qırmızı-qaralar” evdə “Keşlə”ni darmadağın edib – 3:0. Odu ki, istər çempionat, istərsə də kubok görüşündə Qriqorçukun komandası paytaxt təmsilçisindən daha şanslıdı. Gələk “Sumqayıt”la duelə. Bu qarşılaşma indidən böyük maraqla gözlənilir. “Qəbələ” rəqibini ilk iki dövrədə həm evdə, həm də səfərdə eyni hesabla (1:0) məğlub edib. Qəbələdə keçirilən sonuncu dueldə isə qalib müəyyənləşmədi (1:1). Hər halda, AL-i hədəfləyən iki komandanın “Kapital Bank Arena”dakı son duelində tərəflərin qələbə şansı, demək olar, eynidi. “Qəbələ” son turda “Qarabağ”ı qonaq etməlidi. Hərçənd PFL bu oyunun Bakıda keçirilməsini istəyir. Lakin heç nə dəqiqləşməyib və cari mövsüm tərəflərin oyunlarında bərabərlik hökm sürür. “Azərsun Arena”dakı matçlarda qalib gələ bilməyən (1:2, 0:0) “qırmızı-qaralar” evdə əsas rəqibini məğlub edib (1:0). Lakin bir məsələ də var ki, “Qarabağ” artıq çempionluğu təmin etdiyindən matçın əhəmiyyəti müəyyən mənada azalıb. Bir sözlə, AL şansı yetərincə yüksək olan “Qəbələ” üçün təqvim də münasibdi:
Qəbələ - Kəpəz
Qəbələ - Keşlə
Sumqayıt – Qəbələ
Qəbələ - Qarabağ
Sumqayıt
“Sumqayıt”ın kubokun yarımfinalından öncə şansı daha çox idisə, hazırda 65 faizi keçmir. Artıq “kimyaçılar” arxadan gələn “Neftçi”nin də nəfəsini hiss edir. Belə ki, arada cəmi 2 xal var. Bununla belə, Samir Abasovun komandasının AL perspektivini 65 faiz dəyərləndirməyimiz boşuna deyil. Çünki təqvim “gənclik şəhəri” təmsilçisi üçün əlverişlidi. “Sumqayıt” da “Qəbələ” kimi qalan 4 oyundan üçünü evdə keçirəcək. “Səbail”, “Qəbələ” və “Zirə”ni qonaq edəcək “kimyaçılar” həm də Gəncəyə yollanacaq. “Qırmızı-qaralar”la cari mövsüm baş tutan duelləri artıq diqqətinizə çatdırdıq. “Səbail” bu il “Sumqayıt”a nəinki qalib gələ, heç qol da vura bilməyib. Səfərdəki hər iki oyunda paytaxt klubunu məğlub edən (2:0, 1:0) Abasovun yetirmələri evdə qolsuz heç-heçəyə razılaşıb. “Kəpəz” isə “Sumqayıt” üçün ən münasib rəqiblərdən biridi. Axı, “gənclik şəhəri” təmsilçisi geridə qalan hər 3 oyunda qələbəni bayram edib. Doğma meydanda baş tutan hər iki görüşdə “Kəpəz”i eyni hesabla (2:1) məğlub edən “kimyaçılar” səfərdə daha inamlı qələbə qazanıb (3:0). “Sumqayıt”ı sonuncu turda “Zirə” ilə oyun gözləyir. Qəsəbə təmsilçisinin qışdan sonrakı çıxışı da “kimyaçılar”ın şansını artırır. Bu il “Zirə”dən səfərdəki iki oyundan yalnız 1 xal alan (1:3, 1:1) Abasovun yetirmələri evdə rəqibini məğlub edib (2:1). “Sumqayıt”ı qarşıda bu oyunlar gözləyir:
Sumqayıt – Səbail
Kəpəz – Sumqayıt
Sumqayıt – Qəbələ
Sumqayıt – Zirə
Neftçi
Kubokdakı məğlubiyyətə baxmayaraq, “Neftçi” çempionatda uğurlu çıxışını davam etdirir. Elə bunun nəticəsidi ki, “ağ-qaralar” hazırda 3-cü yerə iddiasını xeyli artırıb. Lakin Tərlan Əhmədovun yetimələrinin Avroliqa şansı hazırda 60 fazidən çox deyil. Niyə? Səbəbini izah edək. “Sumqayıt”la “Qəbələ”dən fərqli, “Neftçi” qalan 4 oyundan üçünü səfərdə keçirəcək. “Ağ-qaralar” “Keşlə”, “Qarabağ” və “Kəpəz”lə rəqib meydanında, təkcə “Səbail”lə “Bakcell Arena”da qarşılaşacaq. Bu üzdən “Neftçi”nin AL perspektivini daha yüksək saymaq olmur. İndi isə adı çəkilən rəqiblərlə duellərin nəticəsini xatırlayaq. Flaqman “Keşlə”dən əvvəlki 3 oyunda maksimum xal qoparıb (evdə - 3:1, 3:2, səfərdə - 2:0). Sadəcə, Maksimovun gəlişindən sonra, xüsusən son oyunlarda “Keşlə”də yüksəliş hiss olunur. Cari mövsüm “Qarabağ”dan cəmi 1 xal alan (evdə - 1:3, 0:0, səfərdə - 0:1) “ağ-qaralar”ın bu rəqiblə səfərdəki dueli də asan görünmür. Yalnız “köhlən atlar”ın çempionluğu təmin etməsindən irəli gələn rahatlıq Əhmədovun yetirmələrinin işinə yaraya bilər. “Neftçi” “Səbail”ə ilk dövrədə məğlub olsa da (0:1), sonradan bunun əvəzini artıqlamasıyla (4:0, 2:0) çıxıb. “Kəpəz” isə qalan rəqiblər arasında ən münasibidi. Cari mövsüm “ağ-qaralar” gəncəlilərdən 7 xal (evdə - 0:0, 1:0, səfərdə - 1:0) qoparıb. Təqvim səfər oyunları baxımından çətin görünsə də, rəqiblər uyğundu:
Keşlə - Neftçi
Qarabağ – Neftçi
Neftçi – Səbail
Kəpəz – Neftçi
Zirə
Doğrudu, qəsəbə təmsilçisi hazırda 4-cü yerdən cəmi 2 xal geridədi. Lakin sərgilənən oyun, sıralanan uğursuz nəticələr, heyətdəki itkilər gələcəyə ümidlə baxmağa imkan vermir. Odu ki, “Zirə”nin AL şansını 30 faizdən artıq göstərmək çətindi. Ayxan Abbasovun komandası evdə “Qarabağ” və “Kəpəz”lə, səfərdə isə “Səbail” və “Sumqayıt”la qarşılaşacaq. “Qartallar” Ağdam təmsilçisinə nəinki cari mövsüm (evdə - 2:3, səfərdə - 0:0, 0:2), tarixi boyunca qalib gələ bilməyib. Ancaq bu komandanın “qızıl”ı təmin etməsi “Zirə”nin də işinə yaraya bilər. “Səbail”lə görüşlərdə isə üstünlük “qartallar”ın tərəfindədi (evdə - 2:1, 1:1, səfərdə - 1:0). Elə “Kəpəz”i də münasib rəqib saymaq olar. Cari mövsüm qəsəbə təmsilçisi bu rəqibi həm evdə, həm də səfərdə eyni hesabla darmadağın (3:0) edib. Ancaq Gəncədə keçirilən son dueldə qalib müəyyənləşməyib (0:0). “Sumqayıt”la matçların necə bitdiyini isə yuxarıda qeyd etdik. Qalan 4 turda “Zirə”nin ev-səfər oyunları bu ardıcıllıqla olacaq:
Zirə - Qarabağ
Səbail – Zirə
Zirə - Kəpəz
Sumqayıt – Zirə
Yekun
Göründüyü kimi, “Qəbələ” Avroliqaya hamıdan daha yaxındı. “Sumqayıt”la “Neftçi” arasında ciddi fərq yoxdusa, “Zirə” ilə “Keşlə”nin də AL perspektivi aşağı-yuxarı eynidi. Ancaq qarşıdakı 4 turdan çox şey asılıdı. Sonda futbol sürprizləri bütün ehtimalları alt-üst edə bilər. Biz isə, sadəcə, reallıqları, qarşıdakı 4 turda kimin münasib rəqiblərlə üz-üzə gələcəyini nəzərə alaraq şansları götür-qoy etdik. Qalanı zamanın işidi...
FARİZ