Rauf lideri büdrətdi
“ShamkirChess 2018” turniri davam edir. Aprelin 24-ü yarışda istirahət günü olub. Qrossmeysterlər Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçirib. Seansda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Maqnus Karlsen, Sergey Karyakin və David Navara iştirak edib. Daha sonra Memorial çərçivəsində ənənəvi mini-futbol turniri keçirilib. Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycanlı və əcnəbi şahmatçılardan ibarət komandalarla yanaşı, “ShamkirChess 2018” superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Final oyununda şahmatçılarımız əcnəbi həmkarlarıyla münasibətləri aydınlaşdırıb. Maraqlı anlarla yadda qalan həlledici görüş “Dünya yığması”nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bu komandanın hər iki qolunu Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.
Dünən isə 6-cı turun oyunları keçirildi. Şəhriyar Məmmədyarov (2814) qara fiqurlarla İddiaçıların Turnirində uduzduğu Dinq Lirendən (Çin, 2778) qisas almağa çalışdı. Ancaq yenə çinli şahmatçının müqavimətini qırmaq mümkün olmadı. 37-ci gedişdə heç-heçə qeydə alındı. Teymur Rəcəbov (2748) “ağlar”la Radoslav Voytaşeki (Polşa, 2744) yenməyə çalışdı. Ancaq az qala uduzacaqdı. 10-cu gedişdəki piyada e5 gedişi səhv addım idi. Ancaq rəqib bu üstünlükdən yararlana bilmədi. Belədə qrossmeysterlər 35-ci gedişdə “sülh”ə razılaşdı. Rauf Məmmədov (2704) “qaralar”la turnir cədvəlinə başçılıq edən Veselin Topalovla (Bolqarıstan, 2749) münasibətləri aydınlaşdırdı. Şahmatçımız təcrübəli rəqiblə görüşdə diqqəti əldən vermədi və 41-ci gedişdə bərabərlik qaçılmaz oldu. Bu, Məmmədovun 6-cı oyunda 6-cı heç-heçəsi idi. Sözsüz, əsas diqqətlər Sergey Karyakin (Rusiya, 2778) – Maqnus Karlsen (Norveç, 2843) duelinə yönəlmişdi. Prinsipial qarşılaşma cəmi 30 gediş çəkdi və xal bölgüsüylə yekunlaşdı. Tur yalnız Aniş Giri (Hollandiya, 2777) üçün düşərli oldu. O, autsayder David Navaranı (Çexiya, 2745) çətinlik çəkmədən üstələdi.
Xal durumu: Topalov – 4, Giri, Karlsen – 3,5, RƏCƏBOV, Liren, MƏMMƏDOV, Karyakin – 3, MƏMMƏDYAROV, Voytaşek – 2,5, Navara - 2.
Bu gün 7-ci turun görüşləri baş tutacaq: MƏMMƏDYAROV – RƏCƏBOV, Voytaşek - Karyakin, MƏMMƏDOV - Giri, Karlsen – Topalov, Navara - Liren.
SƏRXAN
Reaksiyalar
Şəhriyar Məmmədyarov: "Berlindəki oyunu unutmamışam. Sadəcə, indi fərqli vəziyyətdi. İddiaçıların Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqda düşünürdüm. Bu dəfə qara fiqurlarla oynadım, ona görə heç-heçə normal nəticədi. Yeni debüt seçimi etdim, sadəcə, üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Bu üzdən səhvlər, demək olar ki, olmadı. Bununla belə, qarşıdakı turlara daha ciddi hazırlaşacam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər... Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8:0 hesabıyla məğlub etdik. Sonradan finalda "Dünya yığması”na qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. İlk oyunda əcnəbi şahmatçılarla qarşılaşsaydıq, onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı. Həm də bizim heyətdə ortayaşlı oyunçular çox idi. Finalda 1:2 hesabıyla uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı, futbolu da yaxşı oynayır".
Sergey Karyakin: "Berlindən sonra yorğunluq özünü göstərir. Amma belə güclü heyətdə çıxış etmək həmişə xoşdu. Əslində son turlarda xalımı artırmaq üçün qələbə haqda düşünürdüm. Lakin oyunlarda üstünlük əldə etmirəm. Bərabər səviyyədə gedən partiyanın heç-heçə başa çatmasını normal sayıram... İstirahət günü səhər yeniyetmələrə seans verdik. Ardınca Şəmkirdə piyada gəzməklə rahatlıq tapdım. Futbolda iştirak etməməyimin səbəbi Maqnusla oyuna hazırlaşmağımdı. Karlsenlə oyuna ciddi hazırlaşmaq üçün bütün gün, demək olar ki, otaqda olmuşam".
Maqnus Karlsen: "Açılışda yenilik etmək istədim. Amma üstünlük əldə olunmadı. Karyakinlə bir-birimizi yaxşı tanıyırıq. Ona görə hər iki tərəf riskdən çəkindi. Belədə heç-heçə qaçılmaz oldu. İstirahət günündən sonra oynamaq asan olmur. Fikrimcə, son 3 tur iştirakçılar üçün həlledici olacaq... Futbol turniri maraqlı alındı. Həyəcanlı anlar yaşadıq. Əcnəbi şahmatçılardan formalaşan "Dünya yığması" çox yaxşı oyun sərgilədi. Sergey Karyakin oynamasa da, köməkçisi Denis Xismatulin bizə çox kömək etdi. Qələbəmizdə onun özünəməxsus rolu var. Futboldan həzz aldım".