İdman xəbərlərinə göz atıram, gündəmdə olanları izləyirəm.
İlk gözümə sataşan gənclər və idman naziri Fərid Qayıbovun Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı” ilə görüşməsidi. Cənab nazir qiymətli vaxtından ayırıb, qaliblərlə görüşüb. İlk baxışdan burda pis heç nə yoxdu. Qulağa da xoş gəlir, Azərbaycan təmsilçisi Çempionlar Liqasının qalibi olub. Bəli, düz oxuduq, Çempionlar Liqasının. Amma bu uğur futbolda qazanılmayıb, minifutbolda qazanılıb. Görüşdən çəkilən fotoşəkillərə baxıram. Təmkin Xəlilzadəni dərhal tanıyıram. Bir müddət əvvələ qədər klublarımızın və millimizin heyətində çıxış edən, ciddi heç bir uğur qazanmayan Xəlilzadə minifutbolda Çempionlar Liqasının qalibi olmağı bacarıb.
Elə hər şey də burdan məlum olur. Görünən odu ki, avropalılar minifutbolu ciddi qəbul etmir. Əksi olsaydı, “Real”da hər il Çempionlar Liqası kubokunu başı üzərinə qaldıranlar böyük futbolla qurtarandan sonra Təmkin Xəlilzadənin yoli ilə minifutbola yollanardılar. Belədə həmin uğurların davamını minifutbolda gətirər, şəxsi kolleksiyalarını, hətta büdcələrini bu üsulla zənginləşdirərdilər. Bunu Kriştiano Ronaldoya da başa salmaq lazımdı. Adam Səudiyyə Ərəbistandında özünü əziyyətə vurur, əsəblərini korlayır. Halbuki minifutbolda çox da əziyyət çəkmədən, özünü çətinə salmadan yeni zirvələr fəth etməyi bacarar. Buna heç kimin şübhəsi yoxdu. Lakin Ronaldo bunu istəmir. Elə digər futbol ulduzları da onun kimi düşünür. Bəlkə də mən bilmirəm, bizim təmsilçimizə qarşı çıxış edən rəqiblərin heyətində ötənlərin məşhur futbolçuları olub və heyətində Təmkin Xəlilzadə oynayan komandamız onlara da qalib gəlib?!
Avropalılar ciddi yanaşmasa da, biz minifutbola ciddi yanaşmağı vacib bilirik. İş o yerə gəlib çatır ki, nazir qalib komandanın üzvləri ilə görüşməyi də vacib bilir. Olsun, minifutbol da olsa, uğur qazanmışıq. İdmançılarımızı diqqətdən kənarda qoymaq olmaz. Necə ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib. Xəbərin davamında qeyd olunur ki, toplantı zamanı federasiya rəhbəri komanda üzvlərini yeniyetmələrin dünya çempionatı və gənclərin Avropa çempionatında qazandıqları yüksək uğurlar münasibətilə təbrik edib. Bəlli məsələdi ki, indi Cüdo Federasiyasında çalışanların kefi yerindədi. Son Olimpiya Oyunlarından cüdoçularımız vətənə iki qızıl medalla dönüb. Xüsusilə də güləşçilərimizin sönük çıxışı fonunda cüdoçuların bu uğuru xeyli parlaq görünür.
Elə Fərid Qayıbov kimi, cənab Rəşad Nəbiyevin də idmançılarla görüşməsində qəribə heç nə yoxdu. Qəribə olan başqa şeydi. Bütün bu görüşlər ondan xəbər verir ki, qələbənin, uğurun sahibi çox olur, amma məğlubiyyət yetim kimi ortada qalır. Heç kim uğursuzluğa sahiblənmək istəmir, məsuliyyəti üzərinə götürmür. Məsələn, Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra uğursuzluqla üzləşən federasiyaların hansında oxşar görüşlər keçirilib, federasiya prezidentləri idmançılarla səmimi söhbət edib, məşqçilərdən məğlubiyyətlərin səbəbini soruşub? Şəxsən mən eşitməmişəm. Baxmayaraq ki, gündəmi daim izləyirəm, bu cür məsələlərdən xəbərsiz qalmamağa çalışıram.
Eləcə də futbolda belədi. Artıq AFFA-nın yeni rəhbərliyi öz postunda 6-cı ayını tamamlayır. Bu müddətdə əsas milliyə dünyaca tanınmış mütəxəssis Fernando Santuş təyin edilib. Nəticələrimizsə dəyişməyib. Özü də təkcə əsas yığma səviyyəsində yox, aşağı yaş qrupları da məğlubiyyətləri sıralayır. Eləcə də “Qarabağ”dan savayı digər klublarımız avrokuboklardakı çıxışını başa vurub. Bir səlahiyyət sahibi ortaya çıxıb, bu yenilgilərin səbəbini araşdırmağa çalışıbmı? Məğlub futbolçular və məşqçi ilə müzakirələr aparılıbmı? Bunu təkcə AFFA rəhbərliyi etməməlidi, Fərid Qayıbov minifutbolda uğur qazananlar kimi, böyük futbolda çıxış edənlərə də görüşə bilər. Amma görüşmür. Belə yerdə məndə sual yaranır: “Məğlublarla niyə görüşmək istəmirlər?”
AMAL