Turun...
...yoxluğu...
Kubokda “Qəbələ”yə məğlub olaraq mübarizəni yarımfinalda dayandıran “Neftçi”nin məhz bu rəqiblə çempionatdakı qarşılaşması maraqla gözlənilirdi. Meydan sahibləri azlıqda qalmasına baxmayaraq, 90 dəqiqənin sonunda qələbəyə sevinən tərəf oldu. Oyunboyu meydanda yaşananlar bir kənarda qalmışdı, əsas söhbət mövzusu “Forza Neftçi” fanklubunun üzvlərinin yer aldığı sektorun boş qalmasıydı.
Matçın əvvəlində boşluğu görənlər bunu “forzalılar”ın oyuna gecikməsi, yaxud stadionun girişində polislərlə münaqişə yaşaması ilə əlaqələndirirdi. Lakin sonradan məlum oldu ki, “Neftçi”nin ən çılğın azarkeşləri bu qarşılaşmada sevimlilərini dəstəkləməyəcək. İlk növbədə ağla gələn, təbii ki, kubokda “Qəbələ”yə məğlubiyyət idi. Yəni həmin kubok uğursuzluğuna görə azarkeşlərin komandanı boykot etdiyini təxmin etmişdik. Lakin dünən qrupun rəhbəri Sübhan Əliyevlə danışanda əsl səbəb ortaya çıxdı: “Tribunada olmamağımız komandanın kubokda uduzması ilə bağlı deyil. Onsuz da 3-4 ildi nə titul görürük, nə də çempionluq. Artıq uğursuzluğa öyrəşmişik. Buna baxmayaraq, daim komandanın yanında olub, dəstək vermişik. Finala çıxmamağa görə komandadan üz döndərmərik. Bu dəfə sırf polis zorakılığına görə getməmişdik. Sonradan baxdıq ki, getməməklə düz qərar vermişik. “Qəbələ” ilə kubok matçında bizə qarşı çox aqressiv idilər. Hələ həmin qarşılaşmada sayları o qədər də çox deyildi. Deyilənə görə, bu dəfə sayları daha çox olub. Tribunada olsaydıq, münaqişə qaçılmaz olacaqdı. Polislər başa düşmür ki, biz azarkeşik, futbolla, “Neftçi”ylə nəfəs alırıq. Nə ediriksə, tribunada edirik. Stadiondan kənara çıxan kimi hamımız sakit insanlarıq. Stadiona gəlirik ki, komandamıza sahib çıxaq, dəstək verək. Əvəzində nə görürük? Döyülmək, söyülmək və yekunda polis bölməsi. Yəni sırf polis zorakılığına görə getmədik. Biz çətin günün dostlarıyıq. Daim də “Neftçi”nin yanında olacağıq. Çox istərdik ki, növbəti mövsümdən stadionda polislər yox, mühafizəçilər, stüardlar olsun”.
...təhlükəsi...
Futbolçu da insandı, onlardan birinə nəsə olanda adamın ürəyi dözmür. İstər azarkeşlik etdiyinin komandanın futbolçusu olsun, istərsə də rəqib komandanın üzvü. Yekunda bizim kimi Allah bəndəsidi, bir ananın övladı, hansısa övladın atası, ailənin başçısıdı. Ona görə də ağır xəsarət alıb təcili xəstəxanaya aparılan futbolçu görəndə, adamın başında yüz sual dolaşır.
İndiyə qədər dünya futbolunda bildiyimiz onlarla oyunçu məşqin, yaxud oyunun gedişində yerə yıxılaraq gözlərini əbədi yumub. Bizdə belə bir hadisə 2016-nın yayında yaşanmışdı. “Zaqatala”nın nigeriyalı futbolçusu Maykl Umanyika məşqdə ürəktutmasından vəfat etmişdi. Odu ki, qəfil yerə yıxılan futbolçular azarkeşləri həyəcanlandırır.
Necə ki, buna bənzər hadisə “Sumqayıt” – “Qarabağ” matçında yaşandı. Hələ oyunun əvvəlində, dəqiq desək, 3-cü dəqiqədə Tural Axundov qarnını tutub yerə yıxıldı və həkim müayinəsinə ehtiyac duydu. Halbuki heç kimlə toqquşmamışdı. İlk baxışdan təhlükəli görünsə də, Turalın oyunu davam etdirməsi ciddi bir şeyin baş vermədiyi göstərdi. Həmin epizodda nə baş verdiyini öyrənmək üçün səbəbkarı aradıq: “Qarnımla əlaqəli deyildi. Keşlə” ilə oyunun sonlarında rəqib futbolçu Pərdis Fərcad-Azadla toqquşanda, butsun altı başıma dəyib zədələmişdi. Yara əmələ gəlmişdi, hələ də sağalmayıb, şiş var. Bu dəfə top gözlənilmədən başıma dəyəndə başım gicəlləndi, gözlərim qaraldı. Özümü saxlaya bilməyib, yerə yıxıldım. Çünki top həmin zədəli yerə dəymişdi. 2-3 dəqiqədən sonra özümə gəldim. Şükürlər olsun, indi yaxşıyam. Həkim müayinə etdi, qorxulu bir şeyin olmadığını dedi”.
...göstərişi...
“Neftçi”ylə Zirədə gerçəkləşən oyunda aqressiv davranışına görə texniki zonadan qovulan və buna görə 4 matçlıq cəzalanan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Keşlə” ilə qarşılaşmanı tribunadan izləyirdi. Jurnalistlərin əyləşdiyi sektora yaxın yerdə qərarlaşan mütəxəssis oyundan əvvəl kifayət qədər nikbin görünürdü. Yanındakılarla söhbətləşir, ara-sıra futbolçularına tapşırıqlarını verirdi. Lakin “Keşlə” iki qol vurandan sonra Abbasovun səsi kəsildi.
Diqqətçəkən məqam baş məşqçinin klubun mətbuat katibi Elmar Abdullazadə ilə dialoqu idi. Belə ki, çalışdırıcı hələ qarşılaşmadan əvvəl Elmarı yanına çağırıb hansısa tapşırıq verdi ki, mətbuat katibi məhəccərə yaxınlaşıb, sanki kimdənsə nəsə soruşurmuş kimi davrandı. Və çox keçmədən yenidən Abbasovun yanına qayıtdı və oyunun sonuna qədər meydanda yaşananları məhz baş məşqçi ilə yanaşı izlədi.
Maraqlıdı, Elmarın oyuna sırf Ayxan bəyin yanında dayanıb baxmasını baş məşqçi özü tapşırmışdı, yoxsa Abdullazadənin özünün istəyi idi? Bir də Abbasov mətbuat katibinə hansı göstərişi vermişdi ki, Elmar onu yerinə yetirməyə çalışırdı? Həmkarımızı dinləyək: “Bildiyiniz kimi, Ayxan Abbasova cəza verilib. Və həmin cəza üzündən baş məşqçi texniki zonada yer ala bilməz. Cəzada hansı tribunada, hansı sektorda dayanmaqla bağlı şərt yoxdu. Qadağa sırf texniki zonaya aiddi. Lakin qarşılaşmadan əvvəl AFFA nümayəndəsi Ayxan Abbasovun ehtiyat oyunçular skamyasının arxasındakı tribunada, yəni məhəccərlərin yanında dayanmasına icazə vermirdi, cəza ilə əlaqələndirirdi. Təcili PFL-in rəsmisi Məlik Həsənovla əlaqə saxlayıb, sual ünvanladıq. O da heç bir problemin olmadığını deyəndən sonra çətinlik aradan qalxdı. Ayxan müəllim oyuna məhz həmin yerdən baxdı. Yəni danışığımız əsasən bununla bağlı idi. O ki qaldı baş məşqçinin yanında dayanmağıma, belə olmasını özüm istədim. Birdən nəyəsə ehtiyac olanda dərhal kömək edə bilim deyə yanında dayandım”.
...sarğısı
Futbolçular meydana ayaq basmamış şitkiləri, butsları, əynindəki futbolka və şortları, hətta kapitanlar qollarına taxdıqları kapitanlıq sarğısının sazlığını yoxlayır. Yəni istəsək də, istəməsək də, belədi.
“Səbail” – “Kəpəz” görüşünün 4-cü dəqiqəsində maraqlı olay yaşandı. Belə ki, qonaqların kapitanı Şəhriyar Rəhimov inzibatçını səsləyib, qolundakı sarğının işə yaramadığını dedi və yenisini istədi. İnzibatçı paltardəyişmə otağına gedib-gələnə qədər isə Rəhimov təxminən 2 dəqiqə qolunda sarğı olmadan mübarizə apardı. Halbuki oyunun əvvəliydi və yaxşı vəziyyətdə olan sarğı kapitanın qolundan düşməməliydi. Görünür, Şəhriyar qarşılaşmadan əvvəl səhlənkarlığa yol verib. Amma özü belə düşünmür: “Səhlənkarlıq deməzdim. Bizdə bir yox, bir neçə sarğı var, həm də müxtəlif rənglərdə. Sadəcə, bu dəfə ağ rəngi seçmişdim. Paltardəyişmə otağında qoluma taxdım, bağlandı, normal vəziyyətdə idi. Çünki orda hərəkət etmək, qaçaraq yoxlamaq imkanım yoxdu. Lakin meydanda qaçanda qolumdan düşürdü, açılırdı. Ona görə də dəyişdim. Bilsəydim ki, belə olacaq, əvvəldən başqasını götürərdim. Sarğıdan çox sarğı var”.
HƏBİB