Almaniyanın 2-ci bundesliqasında 31-ci tur geridə qalıb. “Ertsgebirge” Auedə “Duysburq”a uduzub – 1:3. Dmitri Nazarov 90 dəqiqə oynayıb və 83-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, yığma üzvünün cari mövsümdəki 3-cü qolu olub. Nazarov sonuncu dəfə avqustun 26-da evdə “Nürnberq”in qapısına yol tapmışdı. 39 xalla 13-cü pillədə qərarlaşan “bənövşəyilər” növbəti turda “Bohum”un qonağı olacaq.
Almaniyanın U-19 liqasının Cənub-Qərb zonasında “Ayntraxt” Frankfurtda “Ştutqart”la bacarmayıb - 1:3. Start heyətində yer alan Murad Mahmudov 78-ci dəqiqədə əvəzlənib. 23 xalla 12-ci yerdə gedən “qırmızılar” aprelin 25-də evdə 20-ci turdan təxirə salınan “Kayzerslautern”lə matça çıxacaq.
Sequndanın 36-cı turunda “Alkorkon” evdə “Osasuna”nın müqavimətini qıra bilməyib - 0:0. Eddi İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 43 xalla 15-ci sırada yer alan “Alkorkon" növbəti turda səfərdə “Sevilya”nın əvəzediciləri ilə qarşılaşacaq.
Gürcüstanın 1-ci divizionunda “Şevardeni-1906” doğma meydanda “VİT Corciya”ya uduzub - 1:3. Fərid Nəbiyev yalnız ilk 45 dəqiqədə oynayıb. 8 xalla 8-ci pillədə qərarlaşan “Şevardeni-1906” 8-ci turda “Şukura” səfərinə yollanacaq.
Monteneqro çempionatında 30-cu turun oyunları keçirilib. “Deçiç” səfərdə “Qrbal”la heç-heçə edib - 1:1. Tural Hümbətov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. 21 xalla sonuncu – 10-cu sırada yer alan “Deçiç” növbəti turda azarkeşləri önündə “Rudar”la münasibətləri aydınlaşdıracaq.
Ukrayna çempionatının ikinci “6-lığ”ında "Aleksandriya” Odessada “Çernomorets”i üstələyib - 3:1. Pavel Paşayevin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Xalını 33-ə çatdıraraq liderliyə yüksələn “Aleksandriya” 7-ci turda “Karpatı”nın qonağı olacaq.
Türkiyə superliqasının 30-cu turunda “Gənclərbirliyi” Ankara derbisində gözlənilmədən “Osmanlıspor” tərəfindən darmadağına məruz qalıb - 0:3. Dəniz Yılmaz acı məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. 30 xalla 14-cü yerdə gedən “qırmızı-qaralar” növbəti turda “Sivasspor”la səfərdə üz-üzə gələcək.