Matçdan sonra hər iki komandanın çalışdırıcısı media nümayəndələrinin qarşısına çıxdı. Öncə jurnalsitlərin suallarını ardıcıl 5-ci çemionluğu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cavabladı. 46 yaşlı mütəxəssisin oyunla bağlı fikirləri:
- Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətyilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudu. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt” bu görüşə ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Buna görə sevindim. Çünki məsuliyyət olan yerdə həyəcan da olmalıdı. Samir Abasova və komandasına uğurlar arzulayıram.
- Artıq çempionluğu rəmiləşdirdiz. Qalan 4 turda heyətdə rotasiya edəcəksiz?
- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun dincəlmək üçün şərait yaradım. Elə futbolçular var ki, az da olsa, dincəlməyə ehtiyacı var. Amma qarşıdakı oyunlara da tam ciddi hazırlaşacağıq.
- Erkən çempionluq xeyrinizə olacaq, yoxsa ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan avrokuboklar gəlir, komanda 2 aya formadan düşməyəcək?
- Futbolçularımın əksəriyyəti neçə illərdi fasiləsiz oynayır. Məni əsas narahat edən onların fiziki yorğunluğu deyil, loru dillə desək, uğurlardan sonra "çaşmaq” ehtimalıdı. Səviyyəsindən asılı olmayaraq, bütün çempionluqlar hamı üçün şirindi. Mən həmişə deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu dərk etsə, inanmıram ki, neqativ nəsə yaşansın. Daha əvvəl də belə durumla qarşılaşmışıq. Komandanı tonusda saxlamağa çalışacağıq.
- Komandanıza ardıcıl 5-ci çempionluqdan sonra "əla” qiymət vermək olar?
- "5”dən artıq qiymət verməyəcəyəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdi. Bu balansı, sabitlliyi saxlamağı bacarmalıyıq.
- Çempionlar Liqası haqda nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?
- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.
- ÇL-in qrupuna düşmək üçün heyət daha güclü olmalıdı. Bu haqda rəhbərliklə indi söhbət edəcəksiz, yoxsa mövsümün sonunu gözləyirsiz?
- Biz bu işləri bütün ilboyu edirik. Dəfələrlə demişəm: həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir. Bütün top-klublarda axsayan mövqe olur.
- 5 çempionluğun hər birində ikinci ilə aradakı xal fərqi artan qrafiklə gedir. İlk iki çempionluğunuzu daha gərgin rəqbət fonunda əldə etmişdiz. Rəqabət mühitinin yoxluğu sizi narahat etmir?
- Deməzdim ki, rəqabətsiz çempion olmuşuq. Sadəcə, komandaların sayının azlığı səbəbindən belə olub. Çox istəyərəm ki, başqa komandalar güclənsinlər və rəqabət daha da artsın. Ancaq onu da sizə deyim ki, yanvardan bəri çempionat çox fərqli keçir. Bütün komandalar fərqli oynayırlar. Əsas da yerli oyunçuların təcrübəsi artıb. Bu da məni sevindirir.
- Yeni oyunçulara ehtiyacınız olduğunu dediz. Bəs rəhbərlik transferlər üçün sizə istədiyiniz büdcəni ayıracaq?
- Bu vaxta qədər hansı oyunçunu istəmişiksə, rəhbərliklə problem olmayıb. Ümumiyyətlə, hər ölkənin öz qiyməti, futbolçu səviyyəsi var. Mən çox istərəm ki, "Qarabağ”a daha yaxşı, daha səviyyəli futbolçular gəlsinlər, amma belələri başqa çempionatlara gedirlər. Bu gün yaxşı futbolçu tapmaq olar. Ancaq onlar bizim ölkəyə gəlmək istəmirlər. Sizin düşündüyünüz futbolçular Rusiya, Türkiyə və başqa ölkələrdə oynamağı üstün tuturlar. Biz onlara nə qədər pul versək də, gəlmək ehtimalı çox aşağıdı. Hər ölkənin futbol aləmində özünəxas nüfuzu var.
- Çempionatda rəqabət yaratmaq, komanda sayını artırmaq baxımından millinin baş məşqçisi kimi AFFA rəsmiləri ilə görüşüb hansısa işlər görməyi düşünmürsüz?
- Razıyam, əvvəl "Bakı”, "Xəzər Lənkəran”, "Simurq”, "İnter”, "Neftçi” kimi komandalar var idi. Onların oyunçuları, məşqçiləri də fərqli idilər. Ümumiyyətlə, adam düşdüyü mühitə uyğunlaşır. Onda da eyni hədəfimiz var idi, indi də. Komanda sayının artrması ilə bağlı söhbətlərimiz daim olur, amma bəzi nüanslar var ki, onları düzəltmək olmur. Bu gün çox komanda federasiyanın üzərindədi. Sayı süni şəkildə çoxaltmaq olar, amma onda da keyfiyyət aşağı düşəcək. İstənilən halda yeni addımlar atmaq istəyirik.
Qurban bəydən sonra jurnalsitlər qarşısına Samir Abasov çıxdı. O da əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. "Qarabağ"a Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram.
- Final fitindən sonra aqressiv göründüz, hakimlərə hücum çəkdiz...
- Kubok oyunundan yığılmış məsələdi. Bir-iki hakim var ki, onların idarəçiliyi barədə çox danışmaq istəyərdim. Ancaq indi nəsə desəm, bizə baha başa gələ bilər. Çempionat bitsin, sonra danışaram. Matçdan sonra AFFA nümayəndəsi də gördü ki, mən onu təhqir etmədim. Sadəcə, Bəhlula göstərdiyi sarı vərəqənin səbəbini bilmək istəyirdim.
- Ötən həftə ölkə mətbuatı “bəlkə növbəti mövsüm "Sumqayıt”da olmadım”açıqlamanızı müzakirə etdi. Bəlkə bu gün konkret fikir bildirəsiz.
- "Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəm ki, qalam. Rəhbərliklə görüşəcəm. Maaş haqda söhbət sonuncu yerdə dayanıb. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm. Məni narahat edən doğulduğum şəhərin komandasının gələcəyidi. Fərqi yoxdu burda olacam, ya yox, əsas odu ki, “Sumqayıt” iddialı olsun, güclülər arasında yer alsın. Yenə deyriəm, maaş məsələsi mənim üçün ən sonuncu yerdədi.
- Ölkədə iki ən emosional məşqçidən birisiz. İkincisi Ayxan Abbasovdu. Bəlkə aqressivliyə bir məhdudiyyət qoyasız?
- Məsləhətinizə görə təşəkkür edirəm. Uduzmaq istəməyən məşqçidə aqressivlik təbiidi.
- Avroliqa şanslarınız necədi?
- Bugünkü oyun məni ümidləndirdi. On günə 4 oyunluq tsikli arxada qoyduq. Cavid İmamverdiyevlə Rəşad Eyyubovun ayaqları ağrıyırdı. Bu gün onları qorudum. İnanıram ki, bacaracağıq.
- Qarşıdakı 4 oyundan üçünü evdə keçirəcəksiz. Kənar qüvvələrin təsirindən çəkinmirsiz?
- İnanmıram ki, "Qarabağ” çempionluğu təmin etdikdən sonra növbəti turlarda əzmkar oynamasın. Biz oyunumuzu meydanda oynayırıq, başqa yerdə yox.
- Bəs hakimlikdən narahat deyilsiz?
- Öz meydanımızda oynayacağıq. Heç vaxt kənar amillərdən yararlanmamışıq. Çalışacağıq son 4 oyunda uğurlu çıxış edib ən azı 3-cü pilləni qoruyaq.
RƏŞAD