Stoilov: “Azərbaycan Gürcüstana oxşar oyun nümayiş etdirir”
Ötən sayımızda AFFA-nın yığmaya daha bir rəqib tapdığını xəbər vermişdik. Belə ki, Qurban Qurbanovun komandası iyunun 5-də Astanada Qazaxıstanla qarşılaşacaq. Onu da qeyd edək ki, milli həmin ərəfədə daha iki sınaq matçı keçirəcək. Mayın 29-da Bakıda Qırğızıstanla üz-üzə gələcək yığma iyunun 9-da Riqada Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Yeri gəlmişkən, bu oyunlar FİFA-nın “pəncərə”sinə düşür. Özü də DÇ-2018-in final mərhələsindən öncə ali futbol qurumu yığmaların yoxlama oyunu keçirməsi üçün böyük bir müddət nəzərdə tutub. Düzü, Bakı – Astana – Riqa marşrutu üzrə hərəkət edəcək yığma üçün bunun yorucu olub-olmayacağı sual doğurur. Hər halda, Millətlər Liqasında da Qurbanovun komandası qısa müddət ərzində ev-səfər oyunları keçirəcək. Böyük ehtimalla qarşıdakı yoxlama matçları da bu baxımdan razılaşdırılıb. Rəqiblərin FİFA-nın reytinqindəki mövqeyinə gəlincə, Qırğızıstan 75-ci, Qazaxıstan 119-cu, Latviya isə 139-cu pillədədi. Bu komandalardan yalnız Latviyadan öndəyik. Yığmanın sıralamada hazırda 126-cı olduğunu da xatırladaq.
Yeri gəlmişkən, Qazaxıstanın baş məşqçisi Stanimir Stoilov yerli Futbol Federasiyasının saytına açıqlama verib. O AFFA ilə razılıqla bağlı bunları deyib: “Yoldaşlıq görüşü keçirmək istəyimizi müsbət cavabladığı üçün AFFA-ya təşəkkür edirəm. QFF ən yaxın oyunumuzu doğma meydanda keçirməyimiz üçün hər cür səy göstərdi. Öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasında ilk matçımız Qazaxıstanda olacaq. Azərbaycanı təsadüfən seçməmişik. Onlar Millətlər Liqasının ilk turundakı rəqibimiz Gürcüstana oxşar oyun nümayiş etdirirlər. Rəqib seçimini ağılla etmək lazımdı. Azərbaycanla matç bizim üçün yaxşı sınaq olacaq. Bu komanda son vaxtlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı futbol göstərirlər. Həmçinin təcrübəli baş məşqçiləri var. Bir faktı da qeyd edim ki, Azərbaycanda klub futbolu son illər bütün parametrlərdə yaxşılaşıb”.
O təlim-məşq toplanışına iyunun 1-də başlayacaqlarını da vurğulayıb: “Qarşımızda olan vəzifə çox sadədi: oyun planında anlaşmanı yaxşılaşdırmaq. Son yoldaşlıq görüşlərindəki performansı ortaya qoymağa çalışacağıq. Başlanğıc pis deyildi, amma hər toplanışda bunu artırmaq vacibdi. Komanda böyük sıçrayış edə bilməz. Hədəfə doğru addım-addım gedəcəyik. İyunun 10-da daha bir yoxlama görüşü keçirə bilərdik. Lakin mənim istəyimlə bundan imtina etdik. Azərbaycanla “Astana Arena”dakı oyundan sonra qazaxıstanlı futbolçuları gərgin təqvim gözləyir. Onlar 3 gündən bir çempionat və avrokubok matçlarına çıxacaqlar. Yayda oyunçuları aylıq sıx qrafik gözləyir. Bu üzdən də onlara bir neçə günlük istirahət vermək qərarına gəlmişəm”.
FARİZ