AFFA yığmaya daha bir rəqib tapıb. Qazaxıstan Futbol Federasiyası ilə əldə olunan razılığa əsasən milli bu ölkənin əsas komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Həmin qarşılaşma iyunun 5-də Astanada baş tutacaq. Onu da qeyd edək ki, əsas yığmaların oyunundan 1 gün öncə iki ölkənin U-21-ləri də yoxlama matçında üz-üzə gələcək. 21 yaşlıların oyunu Bakı vaxtı ilə saat 17.00-da, əsas millilərin qarşılaşması isə 22.00-da başlayacaq. Qeyd edək ki, milli həmin ərəfədə, konkretləşdirsək, mayın 29-da Bakıda Qırğızıstanla, iyunun 9-da isə Riqada Latviya ilə sınaq görüşündə qüvvəsini sınayacaq.
Onu da bildirək ki, Qazaxıstanla 9 dəfə qarşılaşmışıq. Bu oyunlarda 4-də bərabərlik qeydə alınıbsa, 2 dəfə qalib, 3 dəfə məğlub olmuşuq. Yığma top fərqində də geridədi – 10:11. Həmin 9 matçdan 4-ü seçmə mərhələ xarakteri daşıyıb. AÇ-2008-də hər iki oyun heç-heçə bitibsə (1:1, 1:1), AÇ-2012-nin seçmə mərhələsində hərə 1 dəfə qalib gəlib. Yığma 2:1, qazaxlar 3:2 hesablı qələbəyə sevinib.
FARİZ