Sabah ölkə kubokunda finalçılar müəyyənləşəcək. Yarımfinalın ötən həftə keçirilən ilk görüşlərində qeydə alınan nəticələr cavab oyunlarını formallığa çevirmədi. Düzdü, hər iki cütdə müəyyən üstünlük qazanan komandalar oldu. Ancaq Avropa futbolunda elə ötən həftə yaşananları, “Barselona”nın 4:1-lik, “Real”ın 3:0-lıq üstünlüyünün heçə endiyini nəzərə alsaq, “Neftçi” və “Keşlə”nin minimalhesablı qələbələri ciddi fərq deyil. Ancaq “Neftçi”ni daha şanslı saymaq olar. Tərlan Əhmədovun komandası səfərdə 2:1-lik qələbə qazanıb. Roman Qriqorçukun komandasını heç-heçə qane etməyəcək, üstəlik, “Neftçi”nin qapısına azı 2 qol vurmalıdı. Bundan başqa, “ağ-qaralar” son vaxtlar yüksəlişdədi. Bazar günü “Zirə” üzərində darmadağın komandada özünəinamı daha da gücləndirməlidi. Axı, “Neftçi” 3 il idi zirəliləri çempionatda məğlub edə bilmirdi. Bakılılara kubokda uğur hava-su kimi lazımdı. “Qəbələ” premyer-liqadan Avroliqaya vəsiqəni, demək olar, təmin edib. “Neftçi” isə heç cür yaxa ələ verməyən “Sumqayıt”ı qovmaqdan yorulub mövsümün sonunda 4-cü yeri tutsa belə, Avropaya bilet öz əlində olmayacaq. Kuboku “Keşlə” qazansa, “ağ-qaralar”ın əziyyəti heçə gedəcək. Odu ki, Tərlan Əhmədovun komandası finala yüksəlib digər cütdə də “Sumqayıt”ın qalib olmasını arzulamalıdı.
Samir Abasovun yetirmələrinin işi asan olmayacaq. Düzdü, sumqayıtlılar 1/4 final səddini “Qarabağ”ı cavab görüşündə 2:0 yenməklə adlamışdı. Ancaq o vaxt səfərdə vurulan qolun yaratdığı arxayınlıq da işə yaramışdı. Bu dəfə isə komanda iki tapşırığı yerinə yetirməlidi: qol vurmaq və qapını toxunulmaz saxlamaq. “Keşlə”nin səfərdə vuracağı 1 qol sumqayıtlıların işini çətinləşdirəcək. Əslində tərəflər arasında bazar günü baş tutan çempionat oyunu cavab görüşünün məşqi sayılırdı. Yuri Maksimovun yetirmələri 1:2 uduzsa da, “Keşlə”nin meydana əsas heyətlə çıxmadığını vurğulamaq lazımdı. Ukraynalı mütəxəssis özünün də etiraf etdiyi kimi kuboku düşünərək, əsas heyət üzvlərinin bir neçəsinə istirahət verməyi lazım bilmişdi. Həm ilk matçın, həm də son qarşılaşmanın nəticəsi paytaxt təmsilçisini şanslı saymağa əsas verir. Amma qalib 90, bəlkə də 120 dəqiqənin sonunda və ya penaltilərlə müəyyənləşəcək.
Onu da qeyd edək ki, həlledici oyunlar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Ölkə kuboku
yarımfinal, cavab görüşləri
18 aprel
Sumqayıt – Keşlə
Cəzalı: yoxdu.
Sumqayıt. Kapital Bank Arena. Saat 17.00
İlk oyun – 0:1.
Neftçi – Qəbələ
Cəzalı: yoxdu.
Bakı. Bakcell Arena. Saat 20.00
İlk oyun – 2:1.
MİRAĞA