Bu dəfə ciddi səhv olmadı
Çempionat sona yaxınlaşdıqca matçlardakı gərginlik də artır. Bu mənada hakimlərin də işi çətinləşir. Ancaq premyer-liqanın 23-cü turunda bu baxımdan ciddi səhvlər olmadı. Mübahisəli epizodlar isə öz yerində. Ümumilikdə 25 sarı, 2 qırmızı vərəqənin qeydə alındığı turda 1 penalti təyin olundu. Həm qırmızı vərəqənin, həm də 11 metrlik cərimə zərbəsinin doğru olduğunu bəribaşdan qeyd edək.
ORXAN MƏMMƏDOV, Kəpəz – Qarabağ
Oyun sakit tempdə keçdiyindən baş hakimin üzərinə çox yük düşmədi. İnsafən, verdiyi qərarlar, göstərdiyi vərəqələr yerində idi. Yalnız bir epizodda ciddi pozuntu qeydə alındı ki, buna görə də baş hakimi yox, laysman Knyaz Əmiraslanovu qınamaq lazım gəlir. İkinci hissənin əvvəlində Vild-Donald Gerye yan xəttin kənarında topu itirdikdən sonra aqressiv şəkildə Federikoyla mübarizəyə girişdi və onu kobudluqla dayandırdı. Yan xətt hakimi isə aşkar qayda pozuntusuna əhəmiyyət vermədi. Düz “Kəpəz”in məşqçilər korpusunun üzvlərinin gözü qarşısında baş verən epizoda Yunis Hüseynov kəskin reaksiya verdi. Hətta başverənlərin üstündən 5-10 dəqiqə keçəndən sonra da Yunis bəyin Knyazla həmin epizodu müzakirə etməsi gözümüzdən yayınmadı.
RƏHİM HƏSƏNOV, Zirə - Neftçi
Zirədəki qarşılaşma yetərincə gərgin alındı. FİFA referisi 9 dəfə sarı vərəqəyə görə əlini cibinə atdısa, həm “qırmızı” göstərdi, həm penalti təyin etdi, həm də meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovu tribunaya qovdu. Öncə onu qeyd edək ki, penalti epizodunda Vüqar Mustafayev əllə oynamışdı və ədalət təmsilçisi doğru qərar verdi. Elə Yani Urdinova göstərilən qırmızı vərəqə də yerində idi. Çünki makedoniyalı müdafiəçi ilk “sarı”nı kəskin etiraza, ikincini isə aşkar qayda pozuntusuna görə almışdı. Bu üzdən də meydandan qovulmasına etiraz etmədi. Ancaq onun birinci dəfə sarı vərəqəylə cəzalanması hakimin mübahisəli qərarının davamında baş verdi. Belə ki, zirəlilər Anton Krivotsyukun Elşən Abdullayevdən topu qaydalar çərçivəsinə sığmadan aldığını iddia edirdi. Yetərincə şübhəli və müzakirəyə açıq epizod idi. Ayxan bəyin qovulmasına gəlincə, əvvəlcə azarkeşlərə sərt təpki göstərən, daha sonra plastik soyuducuya təpik vuran çalışdırıcının aqressiv davranışa görə texniki zonadan uzaqlaşdırılması düzgün qərar idi.
RAUF CABBAROV, Sumqayıt – Keşlə
Ədalət təmsilçisinin ciddi səhvinin şahidi olmadıq. Cabbarov 81-ci dəqiqədə qırmızı vərəqəyə görə əlini cibinə atdı ki, buna görə referini qınamaq olmaz. Məqsəd İsayev 2 dəqiqə ərzində 2 dəfə “sarı”lıq hərəkətə yol vermişdi. “Sumqayıt”ın ikinci qolu zamanı isə qonaqların ofsaydla bağlı iddiaları oldu. Ancaq epizodu təkrar izləyərkən futbolçuların eyni xətdə olduğunu görmək olar.
ƏLİYAR AĞAYEV, Qəbələ - Səbail
Qəbələdəki matç gərgin keçmədi və bu mənada Ağayev üçün də rahat oldu. FİFA referisi üçün bu qarşılaşmanın “yükü”nün altından çıxmaq çətinlik yaratmadı. Əsas diqqət 84-cü dəqiqədə yaşanan epizoda yönəlmişdi. Ədalət təmsilçisi həmin dəqiqədə Famussa Koneyə simulyasiyaya görə sarı vərəqə göstərdi. Doğrudan da malili hücumçu aşkar şəkildə özünü cərimə meydançasında yerə atmışdı. Futbolçu özü də hakimin qərarına etiraz etməyib, gülümsəməklə bir növ qərarın düzgünlüyünü təsdiqlədi. Onu da qeyd edək ki, hələ ilk hissədə Ağayev iki “sarı” göstərməklə əsəbi futbolçuların özünü ələ almasına nail olmuşdu.
FARİZ