Hədəf “Sumqayıt”ı keçib, kuboku qazanmaqdı!
Kubokun ilk yarımfinal oyununda “Keşlə” “Sumqayıt”ı məğlub etməklə cavab görüşü ərəfəsində müəyyən üstünlük qazandı. Əldə olunan 1:0 hesablı qələbədən sonra meydan sahiblərinin çalışdırıcısı Yuri Maksimovun jurnalistlər önündə gülər üzlə oturacağını gözləyirdik. Lakin ukraynalı mütəxəssis həmişə olduğu kimi, yenə narahat, yenə narazı idi.
Oyunla bağlı fikirlər qalmışdı bir tərəfdə, Maksimov əsasən klubun indiki və gələcək durumu haqda danışırdı. Qələbədən sonra klubda bir nömrəli söz sahibi Zaur Axundovun paltardəyişmə otağına baş çəkib futbolçuları təbrik etmədiyini də dilinə gətirdi, “Keşlə” avrokuboklara vəsiqə qazanacağı təqdirdə belə, komandada qalmayacağını da. Lakin ən maraqlısı futbolçular haqda söylədikləri idi.
Təcrübəli mütəxəssisin sözlərinə görə, komanda üzvlərini oyunlara kökləmək onun üçün çox çətindi. Səbəbini isə bununla əlaqələndirdi: “Bu dəqiqə məni narahat edən meydana kimlərin çıxacağı yox, komanda daxilindəki ab-havadı. Futbolçuları oyuna kökləmək çox çətindi. Bir aydan sonra klubla anlaşmasının müddəti bitən oyunçular var. Lakin gələcəkləri qaranlıqdı, hansısa həvəsləndirici para yoxdu. Müqavilənin müddəti başa çatırsa və sənə klubdan təklif yoxdusa, özünü zədədən qorumağa, gələcəyin haqda düşünməyə borclusan. Bu komanda sabah olacaq, ya yox – heç bu sualın cavabı bilinmir. Uşaqları həvəsləndirmək üçün bilmirəm nə deyim. Əlacsızlıqdan deyirəm ki, yaxşı oynayın, heç olmasa, başqa komandalar sizi bəyənsin. Bilirəm, bu onların işidi, müqavilə müddətinin son gününə qədər can qoymalıdılar. Amma futbolun yazılmamış qanunları və məsələnin psixoloji tərəfi var”.
Maksimovu bu cür danışdığına görə alqışlamağa dəyər. Hər halda, bəzi həmkarlarından fərqli, klub rəhbərliyindən qorxmur, dilini ağzında dinc saxlamır. Gördüyünü, bilib-eşitdiklərini deyir. Amma futbolçunun klubla müqaviləsi davam edirsə, zəhmət çəkib son günə qədər meydanda bacardığının ən yaxşısını etməlidi. Hətta zədələnmək bahasına olsa belə. Pul alırsansa, istədiyin şərait yaradılırsa, əvəzini verməlisən.
Maraqlıdı, futbolçular da baş məşqçi kimi düşünür? Həqiqətənmi nədənsə narahatdılar? “Keşlə”nin üzvləri ilə söhbətləşdik.
Slavik Alxasov: “Baş məşqçinin söylədiklərində müəyyən həqiqət payı var. Amma dedikləri yerli futbolçulara aid deyil. Məsələn, mən özüm müqavilə müddətinin başa çatmasını yox, qarşıdakı oyunları fikirləşirəm. Bu dəqiqə mənim üçün vacib olan finala yüksəlmək və kuboku qazanmaqdı. Bunun özü nəyə desən, dəyər. Amma eyni sözləri əcnəbilər haqda demək çətindi. Ola bilsin, əcnəbiləri nəzərdə tutub. Mövsümü uğurla başa vurmaq üçün “Sumqayıt”la cavab görüşünü düşünməliyik. Sabah yeni müqavilə şərtləri tələb etmək, yaxud başqa komandaların diqqətini çəkmək üçün bu gün nəticə qazanmalı, sözümüzü meydanda deməliyik. Dediyim kimi, mən bütün diqqətimi qarşıdakı cavab görüşünə ayırmışam”.
Tərlan Quliyev: “Mən bu gün “Keşlə”dən pul alıramsa, müqaviləm varsa, başqa nəsə haqda düşünməməliyəm. Açıq deyirəm, heç düşünmürəm də. İçi mən qarışıq bir çox futbolçuların klubla müqaviləsinin müddəti bitir. Amma indiyə kimi rəhbərlikdən kimsə bizimlə bu haqda danışmayıb. Gələcəkdə nələrin olacağı bilinmir. Ayyarım qalıb, can-başla nə lazımdısa, edəcəyik. Təki “Keşlə”lə uğur qazansın, sözünü desin. Maaşlarımız, şükür, vaxtında verilir, finala yüksələcəyimiz təqdirdə də yaxşı mükafat almalıyıq. Hər halda, söz verilib. Başqalarını bilmirəm, amma məndə qətiyyən narahatlıq yoxdu. İllərdi Azərbaycan futbolu üçün çalışırıq, oynayırıq. Azdan-çoxdan tanıyırlar. Qismətdisə, karyeramı “Keşlə”də davam etdirəcəm. Yox, alınmasa, başqa komandaya keçəcəm. Ona görə də bir qram da narahat deyiləm. Ancaq elə uşaqlar, elə legionerlər var ki, onlar qeyri-müəyyənlik içindədi. Baxma da, əcnəbidi, burda yaddı. Bilsə ki karyerasını burda davam etdirəcək, daha da həvəslənər. Futbolçuyuq da, futbolçunun psixologiyasını bilirik. Müqaviləsinin müddəti başa çatacağına görə özünü zədədən qoruyan o qədər futbolçu görmüşük ki. Baş məşqçimiz bizdən də çox görüb. Özümə gəlincə, bu dəqiqə kuboku qazanmaq haqda düşünürəm”.
Pərdis Fərcad-Azad: “Baş məşqçi nə deyibsə, hörmətlə yanaşmağa borcluyam. Onun dediklərinə şərh verməyim düzgün olmaz. Təcrübəli mütəxəssisdi, yəqin nəsə bilir ki, elə danışıb. Mən öz adımdan danışa bilərəm. Qısaca onu deyə bilərəm ki, bu dəqiqə nə gələcək haqda düşünürəm, nə də yeni müqavilə haqda. Sabah nə olacağını indidən heç kim bilmir. Hazırda bir hədəfim var – “Sumqayıt” səddini keçib, finala yüksəlmək. Peşəkar futbolçuyam, müqaviləmin sonuna qədər”Keşlə”nin uğur qazanması üçün əlimdən gələni edəcəm. Lap zədələnmək bahasına olsa belə. Anlaşmanın müddəti başa çatar, ondan sonra necə olacağına baxarıq”.
Adrian Skarlatake: “Baş məşqçinin dedikləri ilə tanışam. Maksimovun fikirlərinə münasibət bildirməyi düzgün saymıram. Mənim işim meydana çıxıb futbol oynamaqdı. Bəli, bir neçə futbolçunun “Keşlə” ilə müqaviləsinin müddəti bitir. Lakin bu, heç bir halda növbəti oyunlara hazırlaşmağımıza, yaxud kubokun finalına yüksəlməyimizə mane ola bilməz. İndiki məqamda yeni müqavilədən çox “Sumqayıt”la cavab oyununu düşünməliyik. Futbolçu klub rəhbərliyinin rəğbətini qazanmaq üçün ortaya nəticə qoymalıdı. Heç bir rəhbər yaxşı komandanın dağılmasını istəməz. “Oturuşmuş heyət” anlayışı var. Zədədən qorunmaq sözü mənə çatmır. Sabah “Sumqayıt”la cavab oyununda hansısa futbolçunun özünü zədədən qoruyacağına inanmıram. Heç kim yaxşı mükafatdan və kubokdan imtina etməz. Amma baş məşqçi söz deyibsə, yəqin bildiyi nəsə var”.
HƏBİB