
“Qəbələ” radikal islahatlara hazırlaşır
Qriqorçuk və legionerlər göndəriləcək, üstünlük akademiyanın yetirmələrinə veriləcək
“Qarabağ”ın hakimiyyətinə son qoya bilməyən, ötən yay Avropa Liqasında uğursuzluğa düçar olan “Qəbələ” radikal islahatlar ərəfəsindədi. Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi yüksəködənişli legionerlərlə, aparıcı yerli futbolçularla belə məqsədə çata bilmədiyini görərək, növbəti mövsümdən kursu dəyişmək qərarına gəlib. “Qırmızı-qaralar” öz futbolçuları, daha dəqiq desək, “Qəbələ” Futbol Akademiyasının yetirmələri və icarə əsasında başqa klublarda top qovan, ancaq müqavilə ilə şimallılara məxsus olan oyunçular ilə yola davam etmək niyyətindədi. Cari mövsümdə ancaq yerli oyunçulara güvənən “Sumqayıt”ın uğurlu çıxışı rəhbərliyi bu haqda düşünməyə vadar edib. Mənbəmizin sözlərinə inansaq, ölkə kubokunun yarımfinalının ilk qarşılaşmasında “doğma divarlar” arasında “Neftçi”yə məğlubiyyət klub prezidenti Tale Heydərovu lap əsəbləşdirib. Dəyişiklik təkcə futbolçularla yekunlaşmayacaq. Rəhbərlik mövsümün sonunda Roman Qriqorçukla da yolları ayırmaq qərarına gəlib. Ukraynalı mütəxəssisdən istədiyini ala bilməyən rəsmilər “sükan”ı neçə illərdi “Qəbələ”də baş məşqçinin köməkçisi kimi çalışan Sənan Qurbanova tapşırmağı planlaşdırır. Onların fikrincə, yerli oyunçulardan qurulacaq yeni “Qəbələ”yə məhz yerli mütəxəssis, klubun öz “şinelindən çıxan” biri rəhbərlik etməlidi ki, Qurbanov da bu göstəricilərə tam uyğun gəlir.
Söylənilənlərə aydınlıq gətirmək üçün “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy qısa açıqlamasında bunları söylədi: “Qarşıda bizi ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü gözləyir. Məhz həmin matçdan sonra çox şeyə aydınlıq gələcək. Rəhbərliyin necə qərar verəcəyi “Neftçi”ylə Bakıdakı oyundan sonra məlum olacaq”.
RƏŞAD