Paris Olimpiadasında cüdoçular ümidləri doğrultdusa, güləşçilər hər kəsə dərindən kədərləndirdi.
Son 28 ildə ilk dəfə Olimpiadada güləşdə finalda görünmədik. 12 güləşçidən yalnız üçü medal qazanıldı. Artıq Hacı Əliyev, Mariya Stadnik və Sabah Şəriəti karyerasını bitirdiyinə işarə edib. Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev nəticələrlə bağlı fikirlərini “Futbol+” ilə bölüşdü:
“Əlbəttə, sıravi azarkeşlər, idman ictimaiyyəti və media həmişə güləşdən yüksək nəticə gözləyir. Çünki ən yaxşı nəticələr tarixən məhz güləşdə olub. Bu dəfə üç bürünc medalla qayıtdıq. Bəlkə də başqa idman növü olsaydı, Azərbaycanda ciddi uğur sayıla bilərdi. Medalların sayına görə yenə başqa idman növlərini qabaqladıq. Amma güləş üçün, bizim ambisiyalarımız üçün əvvəlki nəticələrlə müqayisədə zəif göstəricidi, belə gözləmirdik. Daha çox, həm də daha yüksək əyarlı medal gözləyirdik. Federasiya bunun üçün ən yüksək şəraiti yaratmışdı. Bir neçə ay idi sırf Olimpiadaya hazırlaşırdıq. Bakıda, Göygöldə, Qubada, ölkə xaricində dəfələrlə təlim-məşq toplanışları oldu. Məşqçilər və idmançılar özləri qeyd edib ki, hər şey yüksək səviyyədə idi. Xaricdən güclü sınaqçı-rəqiblər çağrılmışdı. Uğur qazanmaq üçün, demək olar, hər şey edilmişdi. Qalırdı yalnız idmançıların bunu xalça üzərində göstərməsi. Təəssüf ki, start bizim üçün uğursuz oldu. Murad Məmmədov çox formada olmasına və çempionluq üçün yarışmasına baxmayaraq, gözlənilmədən uduzdu. Bəlkə də həyəcan, psixoloji təzyiqi üstələyə bilmədi, görüşün əvvəlində tələskənliyə yol verdi. Elə sona qədər o formada davam etdi, xallarda da rəqibə çata bilməyərək məğlub oldu. Sanki bu məğlubiyyət komandanın başqa üzlərinə də təsir etdi. 5 yarımfinalçımız oldu, lakin o səddi heç cür keçə bilmədik. Onlardan ən azı ikisində finala yüksələ bilərdik. Təbii ki, təcrübəli idmançılarımızın, ötən Olimpiadada medal qazanan güləşçilərimizin medalsız qalması da məyus edir. Amma onlarda yaş amili də sözünü deyir. Rafiq Hüseynovla Hacı Əliyev üçün püşk çətin rəqiblər çıxardı, bunu da etiraf etmək lazımdı. Ümumi götürdükdə Güləş Federasiyasının rəhbərliyi də bu nəticədən narazıdı. Nəticələr təhlil olunacaq, müvafiq qərarlar veriləcək. Yəqin ki, islahatlar da aparılar. Amma əlimizdən gələni edəcəyik ki, növbəti Olimpiadaya daha iddialı yollanaraq uğurlu nəticə əldə edək”.
RÖYANƏ OĞUZ