Slovakiyanın Vısokie Tatrı şəhərində keçirilən qadın şahmatçıların fərdi Avropa çempionatı ekvatoru keçib. Dünən 6-cı turun oyunları baş tutub. Bu tura qədər uduzmayan Günay Məmmədzadə (2392) qitə birinciliyində ilk məğlubiyyətini Nana Caqnidzedən (Gürcüstan, 2507) alıb. Gülnar Məmmədova (2360) Yana İlyuçuka (Belarus, 2098), Xanım Balacayeva (2348) Ana Berkeyə (Xorvatiya, 2173), Ülviyyə Fətəliyeva (2361) Mariya Manakovaya (Serbiya, 2268), Zeynəb Məmmədyarova (2355) isə Aleksandra Jerebtsovaya (Rusiya, 2202) qalib gəlib. Türkan Məmmədyarova (2274) – Yelena-Luminita Kosma (Rumıniya, 2340) görüşü heç-heçə başa çatıb. Hazırda Məmmədzadə 4 xalla 15-ci pillədə qərarlaşıb. Fətəliyeva da bir o qədər xal toplayıb. Ancaq əlavə göstəricilərə görə 34-cü yerdədi. Bu gün 7-ci turun qarşılaşmaları baş tutacaq. Günay Nino Batsiaşvili (Gürcüstan, 2521), Ülviyyə Yekaterina Atalık (Türkiyə, 2452), Zeynəb Mariya Kursova (Ermənistan, 2278), Xanım Lanita Stetsko (Belarus, 2164) ilə münasibətləri aydınlaşdıracaq. Bu tur iki şahmatçımız üz-üzə gələcək. Gülnar ağ fiqurlarla Türkana qarşı oynayacaq.