56 komandanı bildik, siz neçənci yeri tutduz?
Türkiyədə 12 yaşadək futbolçular arasında keçirilən “İzmir Cup” turnirində ölkəmizi üç komanda - “Neftçi”, “Qəbələ” və “Vətən”in müvafiq yaş qrupu üzrə komandaları təmsil edirdi. Bəribaşdan qeyd edək ki, turnirdə yerli komandalardan başqa İngiltərə, İtaliya, İspaniya, Hollandiya, İsveç, Gürcüstan və başqa ölkələrin təmsilçiləri mübarizə aparırdı ki, bizimkilər vətənə başıaşağı qayıdıb.
Yarışa yekun vurulandan dərhal sonra “Qəbələ”nin rəsmi saytında oyunların nəticəsi ilə bağlı xəbər yerləşdirilsə də, “Neftçi”nin rəsmi saytında və “feysbuk” səhifəsində buna rast gəlmədik. “Ağ-qaralar” yalnız çərşənbə axşamı, başqa cür desək, bununla bağlı yazı “Futbol+”də dərc olunandan sonra “ayıldılar”. Həm saytda, həm də “feysbuk” səhifələrində nəticələrlə bağlı bilgi yerləşdirilib. Hətta o da vurğulanıb ki, yarışda 56 komanda mübarizə aparıb və sonda qalib adını “Alkmaar” qazanıb. Di gəl ki, bakılıların turniri 56 komanda arasında neçənci yerdə başa vurduğu qeyd olunmayıb.
Maraq üçün qeyd edək ki, “Neftçi” B qrupunda yer alıb və bütün oyunlardan məğlub ayrılıb. “Sampdoriya” (0:1), “Brommopoykarna” (0:2), “Atletik” (1:3), “Bucaspor” (0:2), Fənərbaxça (1:2), “Altınordu Lacivert”lə (0:1) matçlarda yenilgidən qaçmaq mümkün olmayıb. Növbəti mərhələdə “Əl-Ərəbi” (1:1, 0:1) və “Qəbələ” (1:1, 2:2) ilə üz-üzə gələn bakılılar “İzmirspor”la oyunda qələbənin nə olduğunu bilib – 1:0. Turnirin son günü isə uğurlu alınıb. Emin Salmanovun yetirmələri öncə Kosovonun “El-Klasiko”sunun 1:0 hesabı ilə udub, daha sonra “Karşıyaka” ilə əsas vaxtı 0:0 başa çatan görüşdə penalti hesabına qələbə qazanıb. Paytaxt təmsilçisi turnirdə 8 dəfə fərqlənib ki, Erik Liam 3, Emil Qasımzadə isə 2 qola adını yazdırıb. Səbuhi İmaməliyev, Lorentso Mezzotero və Murad Məmmədov hərəyə 1 dəfə fərqlənib.
Turnirlə bağlı daha bir maraqlı məqam “Neftçi”nin yeniyetmələrinin Bakıdan İzmirə avtobusla yollanmalarıdı. Təxminən 2 sutkanı getməyə sərf edən gələcəyin futbolçuları bir o qədər zamanı da ölkəyə qayıtmağa ayırıblar. Halbuki “Qəbələ” ilə “Vətən” daha asan üsuldan yararlanaraq təyyarədən istifadə ediblər.
Məhz bu iki məsələ ilə bağlı “Neftçi” rəsmilərindən açıqlama almaq yerinə düşərdi. Lakin dünən “Qəbələ” ilə vacib oyun olduğundan və başları əsasən həmin qarşılaşmaya qarışdığından, suallara aydınlıq gətirə bilmədik. Mövzuya qayıdacağıq.
HƏBİB