Premyer-liqanın 22-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçının (2:2) protokolunda dəyişiklik edilib. Belə ki, Azər Salahlının passivində olan avtoqol silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib. Qeyd edək ki, həmin epizodda, ümumiyyətlə, Salahlı topa toxunmayıb. İqnasio Erreranın asmasından sonra topa əvvəlcə Bəxtiyar Həsənalızadəyə, daha sonra Namiq toxunur. Xatırladaq ki, cari mövsümdə Orxan Məmmədov da buna bənzər səhvə yol vermişdi. Ancaq həmin vaxt avtoqol qeydə alınmamışdı, sadəcə, qolun müəllifi düzgün qeyd edilməmişdi. 17-ci turda keçirilən “Qarabağ” – “Kəpəz” matçında (1:0) meydan sahiblərinin qolu əvvəlcə Riçard Almeydanın adına yazılmışdısa, daha sonra hakimin raportuna əsasən Mahir Mədətovun hesabına keçirildi.