
Taekvondoçumuz Olimpiadaya lisenziya qazandı
Tunisin Hammamet şəhərində keçirilən yeniyetmə və gənc taekvondoçular arasında lisenziya turniri başa çatıb. İki gün davam edən yarışda Minayə Əkbərova (44 kq) uğurlu çıxış edərək Argentinada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb. Gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev bunları deyib: " Minayə lisenziya əldə etməklə bizi sevindirdi. Əslində Cavad Ağayev də “səkkizlik”də yer almışdı. İtaliyalı rəqibi ilə döyüşdə əlindən ağır zədə alması Cavadın uduzmasına səbəb oldu. İtalyan finala vəsiqə qazana bilsəydi, Cavadın şansı daha da çox olacaqdı. Amma təəssüf ki, belə olmadı. Bildiyiniz kimi, hər çəkidə 1/4 finalçılar Olimpiadaya lisenziya əldə edir. Amma oyunlara evsahibliyi edəcək Argentina komandası Cavadın çəkisində, yəni 63 kq-da bir idmançı əlavə sifariş etdiyi üçün lisenziya məhs onlara verildi. Xanoğlan Kərimov da Koreyalı rəqibindən üstün döyüşdü və hesabda irəlidə idi. Lakin sona 10 saniyə qalmış başa zərbə buraxmaqla şansını əldən verdi. Sahar Karqara da döyüşün sonunda başa zərbə buraxaraq şansını qaçırdı. Ümumilikdə idmançılarımız yaxşı çıxış etdi".
Xatırladaq ki, bu gün həmin məkanda dünya birinciliyinə start veriləcək. Mundialda ölkəmizi Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karqara (52 kq) təmsil edəcək.