“Futbolçu olduğum dönəmlərdə məşqçilər bəzi hərəkətlərimə göz yumublar”
“Zirə” – “Qəbələ” matçını izəyənlər arasında yığmanın baş məşqçisi Qurban Qurbanov da vardı. Həm də bu komandaların rəqibi olan “Qarabağ”ın təcrübəli çalışdırıcısı oyunun fasiləsində jurnalistlərin suallarını məmnuniyyətlə cavabladı.
- İlk hissəsi başa çatan matç haqda fikirləriniz necədi?
- Hələ ki 45 dəqiqə başa çatıb, oyunçulara baxırıq. Düzdü, bir oyuna görə fikir bildirmək olmaz. Amma hər bir futbolçunun oyununu təhlil edirik, statistik göstəriciləri götürürük. Ümumilikdə bir neçə matçdan sonra futbolçuların durumuna baxırıq. Ona görə bir oyuna yox, bundan sonrakı qarşılaşmalara baxdıqdan sonra sonuncu toplanışda olmayan futbolçuların oyununu təhlil edəcəyik.
- İlk hissənin gedişində Aqil Məmmədov zədələnən Bezotosnıni əvəzlədi. Sanki Aqilin artıq çəkisi var.
- Mənim də diqqətimi çəkdi.
- Ruslan Qurbanov millidə hücumda, “Qəbələ”də isə cinah müdafiəçisi mövqeyində oynayır. Özünü necə göstərir?
- Bu, ilk deyil. “Keşlə” ilə oyunda sağ cinah hücumçusu kimi oynayırdı. Yəqin baş məşqçi belə qərar qəbul edib. Məni sevindirən odu ki, futbolçular istənilən mövqedə oynamağı bacarırlar.
- Son toplanışlarda “Zirə”nin üzvlərini görmürük. Hazırda gözaltı etdiyiniz xüsusi futbolçu varmı?
- Biz təkcə bu yox, digər oyunları da izləyirik. Əvvəl də fikirlərimi bildirmişdim ki, hər toplanışlarda fərqli adlar olacaq. Belə deyək, futbolçunun hazırlıq səviyyəsi həmin vaxt başqalarından yaxşı ola bilər. Dəvət almyan futbolçular da diqqətimizdədi. Bütün futbolçuları nəzarət altında saxlamağa çalışırıq.
- Elvin Yunuszadəni növbəti dəfə bağışladız. Bu qərarı onu milliyə qazandırmaq üçün qəbul etdiz?
- Elvin elə insandı ki, ondan 3-cü yox, 13-cü dəfə belə səhvlər gözləmək olar. Belə hallarda həmişə öz oynadığım vaxtları göz qabağına gətirmişəm. Futbolçu olduğum dönəmlərdə məşqçilər bəzi hərəkətlərimə göz yumublar. Futbolda belə hallar olur. Amma cəzalanmaq mütləqdi. Bir neçə günlük, bir aylıq cəza vermək olar. Hər bir halda, bu futbolçunun peşəsidi və istənilən kollektivdə belə hallara rast gəlmək olar. Ailə də belədi, uşaqlardan biri ərköyün olur. Bəzi hallarda hirslənirsən, hətta bağışlayırsan. Əsas odu ki, futbolçu səhvini başa düşsün. Mən dəfələrlə bildirmişəm, futbolçu öz işini sevməlidi. Əks halda, nəticə qazanmaq olmaz. Elvinlə söhbətimiz oldu, bağışlamağa qərar verdim.
- Rüfət Dadaşov açıqlamasında bildirib ki, Azərbaycan millisinə dəvət almaq üçün peşəkar komandanı seçdim. Onu növbəti toplanışlarda millinin düşərgəsində görə bilərik?
- Özünüz də gözəl bilrisiz ki, meydanda 11 futbolçu olur və hər toplanışa 30-40 futbolçu dəvət edə bilmərik. Amma onu deyə bilərəm ki, bütün futbolçular nəzarətimiz altındadı. Sadəcə, zamanla milliyə dəvət olunacaqlar. Rüfətin fikri sevindiricidi. Nəzarətimiz altındadı, kimin potensialı yaxşı olsa, şans verəcəyik.
- Rüfətin qardaşı Renat intizamsız hərəkətlərinə görə "Ayntraxt"dan qovulub. Bu barədə nə deyə bilərsiz?
- Bu futbolçu barədə çox danışmağa ehtiyac yoxdu. Gördüyünüz kimi, hələ ki sıralarımızda deyil. Qovulmasına gəlincə, insandı, səhv edə bilər. Yəqin ki, Renat hələ də gənclik dövrünü yaşayır. Renat millimizin üzvü olub, əsas komandada olub. Mənim üçün vacib olan futbolçunun peşəkarlığı, işinə yanaşmasıdı.
- Milli üzvlərinin 90 faizindən çoxu daxili çempionatda çıxış edir. Premyer-liqada da temp, demək olar, yoxdu. Bu amil seçim zamanı işinizi çətinləşdirmir?
- Biz nə seçim varsa, onu edirik. Çalışırıq daha yaxşılarını cəlb edək. Bəzən səhvlərimiz ola bilər, nədəsə yanıla bilərik. Oyunçu meydanda və həyatda fərqli davrana bilər. Tempə gəlincə, sürəti mütləq artırmalıyıq. Amma yanvardan bu yana sürət, mübarizə, oyun nizam-intizamı baxımından bütün komandaların oyunlarında yaxşılığa doğru dəyişiklik görürəm. Bu hal məni bir az sevindirir. Ancaq çox azdı.
- Pedro Enrike üçün PAOK-un 5 milyon avro tələb etdiyi bildirilir...
- 5 milyonumuz yoxdu (gülür). Əlbəttə, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadı. Vaxtı gələndə bu barədə danışacağıq.
- Milli komandalarda sistem formalaşmaqdadı. Bəs təsisləşmə baxımından vəziyyət nə yerdədi? Yaxın zamanda planda ayrı ofisə köçmək, yeni sosial şəbəkə açmaq varmı?
- Ofislə bağlı işlər gedir. Tam hazır olmalıdı. Bu, bir günün içində olan şey deyil, müəyyən vaxt lazımdı. Aylar keçdikcə bunları hissə-hissə həyata keçirməyimiz müsbət hal olacaq. Çalışırıq rəhbərliklə bir yerdə yaxşı iş ortaya çıxaraq.
HƏBİB