“Tahir Gözəlin Nəsimidən qəzəl deməsi, azərbaycanca danışması adamlarda simpatiya yaratdı”
Ötən sayımızda “Qarabağ”ın Türkiyədə mükafat aldığını xəbər vermişdik. Qısaca xatırladaq ki, qardaş ölkədə ənənəvi “Milliyyət idman mükafatları” sahibini tapıb. “Milliyyət” qəzetinin binasında keçirilən qala-gecədə onlayn səsvermədən sonra ən yaxşıların adları açıqlanıb. 8 mükafatdan biri uğrunda “Qarabağ” da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia etsə də, birinciliyi “Fənərbaxça” basketbol komandası qazanıb. Lakin ağdamlılar Türkiyədən əliboş dönməyib. Belə ki, son çempiona münsiflər heyətinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ hədiyyəni Türkiyə millisinin baş məşqçisi, rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib. Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb. Onun bu çıxışı, eləcə də azərbaycanca danışması ölkəmizdə təqdir olundu. Qeyd edək ki, sözügedən tədbirdə Tahir Gözəllə yanaşı, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, meneceri Asif Əsgərov, mətbuat katibi Nurlan İbrahimov və baş məşqçi Qurban Qurbanov iştirak edib. Maraq üçün “ilin idmançısı” nominasiyasının qalibinin həmyerlimiz, Türkiyəni təmsil edən, ötən il yüngül atletika üzrə dünya çempionu olan Ramil Quliyev olduğunu da qeyd edək.
Dünən Nurlan bəylə əlaqə saxlayıb, təəssüratını öyrəndik: “Həmin seçimlər “Milliyyət”in bu kateqoriyada ən nüfuzlu müsabiqəsi sayılır. Budəfəki səsvermədə təxminən 4 milyon insan iştirak edib. Bu da onun əhəmiyyətini göstərir. Verilən mükafat isə Türkiyənin idman dünyasının “Oskar”ları hesab edilir. “TV8” vasitəsilə canlı yayınlanan tədbirə böyük maraq var idi. Mərasimdə nazirdən tutmuş klub prezidentlərinə qədər ən yüksək səviyyə təmsil olunurdu. Zalda da hardasa 1000-ə yaxın adam var idi. Orda iştirak etdik, bizə xüsusi mükafat verdilər. “Qarabağ”ın adı böyük alqışlarla qarşılandı. Hər kəs üçün “Qarabağ”ın orda olması xoş bir sürpriz idi. Tahir bəyin də çıxışı çox xoş qarşılandı. Hətta o “Allah Türkiyəni qorusun” deyəndə, zalda böyük alqışlar qopdu. Nəsimidən qəzəl deməsi, azərbaycanca danışması adamlarda simpatiya yaratdı. Çox müsbət bir ab-hava oldu. Bizi dəvət edəndə, xüsusi mükafat veriləcəyini demişdilər. Münsiflər heyəti “Qarabağ”ın uğurlarını xüsusi qiymətləndirdiklərini dedilər. Hər kəsə məlumdu ki, qardaş ölkədə də komandamızın çıxışı diqqət mərkəzindədi. Ramil Quliyevlə özüm də görüşmək istəyirdim. Ancaq hazırda toplanışda olduğu üçün tədbirə qatılmamışdı. Eləcə də Cenk Tosun da yox idi”.
FARİZ