Bu dəfə “yanan” olmadı
Topaz premyer-liqasının 21-ci turunda hakim idarəçiliyi baxımından ciddi problem yaşanmadı. Turda 15 sarı və 2 qırmızı vərəqə göstərən ədalət təmsilçiləri penaltiyə ehtiyac duymadılar.
RƏHİM HƏSƏNOV, Kəpəz – Zirə
Qolsuz bitən görüşü idarə etmək FİFA referisi üçün çətin olmadı. Ümumiyyətlə, Gəncədə mübahisəli vəziyyət baş vermədi. Qiuli Mancqaladzenin epizodu istisna olmaqla. Gürcü yarımmüdafiəçi ilk yarının sonlarında ikili mübarizə zamanı yerdə qaldı ki, meydan sahibləri hakimdən penalti tələb etdilər. Ancaq epizodun təkrarına da baxanda Rəhimə haqq qazandırmaq lazım gəlir. Bu epizodda ciddi qayda pozuntusundan söhbət gedə bilməz.
ORXAN MƏMMƏDOV, Qarabağ – Keşlə
"Azərsun Arena"dakı qarşılaşma yetərincə gərgin keçdi. Orxan Məmmədovun ümumilikdə matçın öhdəsindən gəldiyini demək olar. Mübahisəli məqamlar isə var idi. 14-cü dəqiqədə Miçel rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etdmədi. Doğrudan da həmin epizodda Denisin qaydanı pozduğunu söyləmək olmaz. Fasilə ərəfəsində isə Rəşad Sadıqov Sezar Meza Kollinin ayağına zərbə endirdi. Sabiq FİFA referisi "Qarabağ"ın kapitanına sarı vərəqə göstərdi. Halbuki Rəşad bilərəkdən rəqibin ayağına zərbə enirmişdi ki, ona verilən vərəqənin rəngi qırmızı olmalıydı. Bir saatın tamamında hər iki komanda azlıqda qaldı. Coşqunla Sezarın bir-birinə qarşı kobud davranışı hakimin onları qırmızı vərəqə ilə meydandan qovması ilə nəticələndi. Belə ki, öncə Meza Kolli Diniyevin boğazından tutdusa, sonuncu da buna qarşılıq verdi. Bəlkə də həmin epizodda "sarı"yla da kifayətlənmək olardı. Ancaq "qırmızı"ya görə də hakimi suçlmaq olmaz. Fakt budu ki, futbolçuların bir-birinə aqressiv hərəkəti var idi.
İNQİLAB MƏMMƏDOV, Qəbələ - Sumqayıt
Turun mərkəzi oyunu yüksək tempdə keçsə də, İnqilab Məmmədov və köməkçiləri səhvsiz ötüşdü. Xüsusilə ikinci yarıda gərginlik artmışdı, ancaq Məmmədov oyuna nəzarəti əldən vermədi. Vərəqələr də yerində idi. Üçü meydan sahiblərinə, biri qonaqlara olmaqla, 4 vərəqədən istifadə edən referi bunlardan ikisini perspektivli hücumun qarşısını kəsməyə, birini kobud oyuna, birini də fiti gözləməməyə görə göstərdi. Yalnız bir epizoda görə ona irad bildirmək olar. Oyunun əvvəlində Baqali Dabo topa fitdən sonra zərbə vuraraq qapıdan keçirdi ki, hakim şifahi xəbərdarlıqla kifayətləndi. Görünür, Məmmədov ilk qayda pozuntusu olduğuna görə ona güzəşt etdi. İstənilən halda, idarəçilikdə ciddi problem olmadı. Təsadüfi deyil ki, tez-tez hakimlərlə problem yaşayan Samir Abasov İnqilabın işinin yüksək səviyyədə olduğunu bildirib.
RAUF CABBAROV, Neftçi – Səbail
Rauf ən yaxşı oyunlarından birini idarə etdi. Düzdü, ikinci hissəyə təsadüf edən iki epizodda “Neftçi”nin futbolçularının penalti iddiası var idi. Maraqlıdı ki, hər ikisində Rəhman Hacıyevin zərbəsindən sonra top rəqib komandanın üzvlərinin qoluna dəydi. Ancaq birində Rahil Məmmədov qollarını birləşdirib önünə tutmuşdu, top qoluna dəyməsəydi belə, sinəsinə tuş gələcəkdi. Digər epizodda isə Faruk Miya zərbənin qarşısını qolun bədənə bitişik, başqa sözlə, çiyinə yaxın hissəsi ilə geri qaytardı.
MİRAĞA