Ramil Quliyev “ilin idmançısı” seçildi
Dünən Türkiyədə ənənəvi “Milliyyət idman mükafatları” sahibini tapıb. “Milliyyət” qəzetinin binasında keçirilən qala-gecədə onlayn səsvermədən sonra ən yaxşıların adları açıqlanıb. 8 mükafatdan biri uğrunda “Qarabağ” da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia edib. Birinciliyi isə “Fənərbaxça” basketbol komandası qazanıb. Amma ağdamlılar Türkiyədən əliboş dönməyib. Belə ki, son çempiona münsiflər heyətinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ hədiyyəni Türkiyə millisinin baş məşqçisi, rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib. Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb. Qeyd edək ki, sözügedən tədbirdə Tahir Gözəllə yanaşı, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, baş menecer Asif Əsgərov və mətbuat katibi Nurlan İbrahimov da iştirak edib.
Onu da əlavə edək ki, “ilin idmançısı” nominasiyasının qalibi həmyerlimiz olub. Türkiyəni təmsil edən, ötən il yüngül atletika üzrə dünya çempionu olan Ramil Quliyev bu nominasiya üzrə mükafata sahib çıxıb.
FARİZ