Almaniya Regional Liqasının Şimal-Şərq zonasında əvvəlki turlardan təxirə salınmış daha bir neçə oyun keçirilib. “Dinamo” səfərdə “Neustrelits”ə 3:0 hesabıyla qalib gəlib. Rüfət Dadaşov 74-cü dəqiqədə komandasının ikinci qolunu vurub. 49 xalla əvvəlki kimi 2-ci yerdə gedən “ayılar” aprelin 7-də Berlində 28-ci tur çərçivəsində “Germania” ilə münasibətləri aydınlaşdıracaq.
Çexiyanın gənclər liqasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib. “Slaviya” evdə “Sparta” ilə heç-heçə edib – 4:4. Startda meydana çıxan Rövlan Muradov 80-ci dəqiqədə əvəzlənib. Beləliklə, “qırmızı-ağlar” 29 xalla 8-ci yeri tutub.
Cənubi Kipr çempionatının ikinci mərhələsində isə 5-ci turun oyunları keçirilib. “Anortosis” evdə APOEL-in müqavimətini qıra bilməyib – 0:0. Araz Abdullayev 69-cu dəqiqədə oyuna qoşulub. 64 xalla ilk “3-lüy”ü qapayan “ağ-göylər” növbəti turda AEK-i qəbul edəcək.
Gürcüstanın birinci divizionunda 5-ci turun oyunları baş tutub. Fərid Nəbiyevin şərəfini qoruduğu “Şevardeni -1906” doğma meydanda “Merani Martvili”yə 2:1 hesabı ilə qalib gəlib. Futbolçumuz 90 dəqiqə meydanda mübarizə aparıb. “Şevardeni -1906” 7 xalla 5-ci pillədə qərarlaşıb.